”İnsanlar xəstəlik və aclıq hallarına laqeyd qala bilmir”

Jurnalist Həmid Həmidov: “Bəzən son manatını yardım kimi verməyə hazır olanlar var…”

Source:


Jurnalist Həmid Həmidov: “Bəzən son manatını yardım kimi verməyə hazır olanlar var…”


Jurnalist Həmid Həmidov sosial şəbəkələrdə geniş müzakirə olunan statusları ilə yanaşı, xeyriyyə çağırışları etməyi ilə də tanınır. Eyni zamanda iş, maddi kömək və ya digər problemlərinin həllini axtaranlara yardım edərək, onların dərdinə diqqət çəkir.


Bu çağırışlar nə qədər effektlidir? Hansı hallarda insanlar laqeyd qala bilmir? Hansı problemlər rədd edilir? Belə paylaşımlardan sui-istifadə edənlər olurmu və sosial şəbəkələri xeyriyyə aksiyaları üçün tribuna etməyi bir ənənə halına çevirmək mümkündürmü? Həmid Həmidov MeydanTV-nin bu suallarına cavab verir.


– Həmid, ondan başlayaq ki, niyə statuslarınız marağa və aktiv müzakirələrə səbəb olur? Sizcə, bunun səbəbi nədədir?

– Düşünmürəm ki, bütün postlarım olduqca populyardır, elə böyük marağa səbəb olur. Mən Azərbaycanın “Facebook” seqmentində tək məşhur istifadəçi deyiləm. Daha çox sosial problemləri müzakirəyə çıxarıram deyə çox oxunur. Sən sosial bir problemi müzakirəyə çıxarırsan və insanlar da bu müzakirədə öz fikirlərini bildirmək üçün platforma tapmış olurlar. Mənim statuslarımda onlar özlərini rahat hiss edirlər, azadlıq hiss edirlər. Həm də qaldırdığım problemlər tək mənim üçün problem deyil axı, o insanlara da dəxli var, onlara da necəsə toxunur və bu məsələləri müzakirə etmək, öz fikirlərini bildirmək üçün rahat bir platforma var. Məncə, əsas səbəb budur.


– Rus dilini seçməyinizin səbəbi nədir? Bu dildə özünüzü daha yaxşı ifadə etməyiniz və ya sizə vacib olan auditoriyanın daha çox bu dili paylaşan insanlardan ibarət olması?

– Səbəb çox sadədir. Mən rusdilli azərbaycanlıyam. Bəlkə də, “əfsuslar olsun ki” deməliyəm. Ona görə yox ki, rusdilliyəm, ona görə ki, rus dilində öz fikirlərimi çatdırmaq daha rahatdır, nəinki Azərbaycan dilində. Bu, o demək deyil ki, mən Azərbaycan dilində bilmirəm, ya da bu dildə pis danışıram. Yox. Sadəcə, orta məktəbi rus dilində oxumuşam, rusdilli mətbuat orqanlarında işləmişəm, belə olub ki, hər zaman rusca yazmışam. Amma rus dilində yazmağın müsbət tərəfləri də var. Çünki Azərbaycan dilində yazanlar çoxdur, rusca bu problemlərdən yazanlar isə azdır. İkinisi, rus dilinin oxunma auditoriyası daha çoxdur, başqa ölkələrdə yaşayan rusdilli həmvətənlərimizin oxuma imkaları da var. Amma əsas səbəb odur ki, bu dildə özümü ifadə etmək mənə daha rahatdır.


– Sizin insanların problemlərini paylaşmağa başlamanız təbii olaraq alındı, yoxsa bunu bir aksiya kimi planlaşdırdınız?

– Yox, heç bir aksiya deyildi. Açığı elə bir səbəb yoxdur. Sadəcə insanlar mənə problemlərini yazır və onlardan doxsan doqquz faizi istəyir ki, problemlərini paylaşım. Kimsə pul axtarır, kimsə əməliyyat olunmalıdır, kimsə xaricə analiz verməyə getməlidir. Əvvəllər hamının problemini paylaşırdım. Kim hansı problemini yazırdısa, məsələn, xərçəng xəstəliyim var, uşağım bərk xəstədir, atam, ya anam xəstədir, hamısını paylaşırdım. Amma zamanla gördüm ki, belə problemləri çox paylaşıb, çox yardım etməyə çağırdıqca, insanlar yorulur, diqqət azalır, pul daha az yığılır. Belə problemlərdən daha çox yazdıqca, insanlar nəinki kömək etmək, heç oxumaq da istəmir. İnsanlar yorulur, hamının öz problemi var, kömək etməyə imkanı olmayanlar da oxuyur, ürəyi pis olur, kömək edə bilmədiyinə görə qanı qaralır. Buna görə də, belə paylaşımları azaltmışam. Amma səbəb təkcə bu deyil. Təəssüf ki, xeyli fırıldaqçılar da olur. Məsələn, yalandan özünün, ya doğmalarının ağır xəstəliyə tutulduğunu, müalicə üçün çoxlu pul lazım olduğunu yazanlar. Yazırdırlar, amma xəstəliklər bağlı heç bir kağız, sənəd nüsxəsi göndərmirdilər. Aydın olurdu ki, bu adamlar fırıldaçıdır. Sonra nüsxə göndərirdilər, amma bilinmirdi ki, bu sənəd kimə aiddir. Daha sonra saxta sənədlər düzəltməyə başladılar. Amma insanın yazdığını oxuyanda, necəsə başa düşürsən ki, deyəsən, bu yalandır. Bu da pisdir ki, bəzən düşünürsən, bəlkə şübhələrin əsassızdır, adama, doğrudan da, kömək lazımdır. Nə edək, əfsuslar olsun ki, fırıldaqçıların da sayı çoxdur. Yeri gəlmişkən, qeyd edim ki, özüm xeyriyyəçiliklə məşğul olmamışam. Mən ancaq problemi paylaşmışam. Təbii ki, bəzən, bir az imkanım olanda, özüm də nə iləsə kömək etmişəm, amma insanları çadırmayaq deyə, xüsusi qeyd edim ki, mən xeyriyyəçiliklə məşğul olmamışam.


– “Facebookda”kı məşhurluğunuzu belə faydalı işlərə həsr edirsiniz. Köməksiz, müalicə, qayğı və ya sadəcə yeməyə ehtiyacı olanlara kömək etməyə çağırırsınız. Müşahidələrinizə görə, bu çağırışlar nə qədər effektli olur?

– Açığı, bilmirəm nə qədər effektli olur. Prosesin inkişafını daima nəzarətdə saxlamaq imkanım yoxdur deyə, bilmirəm. Belə deyək, hekayətlər fərdidir. Məsələn, bir xanım yazır ki, evdən qovulmuşam, uşaqlarımla küçədə, soyuqda ac qalmışam, sən bunu yazanda bilirsən ki, belə problem insanlara təsir edəcək. Bir də var, gəlib deyir ki, ərim qovub, evdən çıxmışam, pulsuz qalmışam, bunu yazırsan, amma bilmirsən ki, ona kömək edən tapılacaq, ya yox. Amma bir hadisə vardı, bir qadın yazmışdı ki, məni aldadıblar. Anama qol çəkdirib, evimizi əlimizdən alıblar, qalmışıq küçədə. Ayaqlarım xəstədir, işləyə bilmirəm, ən aşağı təqaüd alıram, onun da 30 manatını verib bir daxmada kirayədə qalıram. Bunu yazanda minlərlər reaksiyalar gəldi. Və o xanıma pul verən də, kömək edənlər də çox oldu. Və ya bir yaşlı rus xanım vardı, ərinin başqa arvadından olan uşaqları onu evdən qovmuşdular. Bu qadın bir otaq tutub yaşayırdı, vəziyyəti çox pis idi. Onun barəsində yazanda, yüzlərlə adam mənə zəng edir, yazırdı ki, xanımın nömrəsini verin, ona pul, ərzaq aparaq. Kömək edən o qədər çox olmuşdu ki, xanım axırda utandığından telefonu söndürməli olmuşdu.

Həmid Həmidov
Həmid Həmidov


– Məlumdur ki, ölkədə bir maddi krizis başladı, neftin qiyməti dünya bazarında xeyli ucuzlaşdı, manat iki dəfə devalvasiyaya məruz qaldı. İxtisarlar, maaşların azaldılması problemlərinə də siz statuslarınızda yer verir və bu problemləri yaşayan insanların hekayələrini paylaşırdınız. Bu maddi krizis kömək etmək imkanı olan adamlara da təsir etdimi, yəni krizisdən sonra ianə, kömək edənlərin sayında və ya imkanlarında bir azalma hiss edildimi?

– Bəli, təsir elədi. Kimisinin maaşı azaldı, kimisi, ümumiyyətlə, işsiz qaldı. Kimi başqa ölkəyə köçüb getdi. Ümumiyyətlə, insanların gəlirləri azalıb. Bu situasiyada əlbəttə ki, çox adama kömək edə bilmirlər. Amma yenə də, hekayədən, problemdən asılıdır. Elə hadisə olar ki, yenə də axırıncı manatını verən tapılar. Bizim millət, ümumiyyətlə, xeyirxah xalqdır. Hadisə ona təsir eləsə, axırıncı manatını da verər. Uzağa getməyək, iki-üç il əvvəl bir xəstə uşağın əməliyyatına 100 min lazım olanda, o pul insanlardan yığılırdı. Bəzən elə olurdu, yarısını insanlardan yığırdılar. Məsələn, bir məmura, ya biznes adamına çatırdı, böyük bir hissəni də o bağışlayırdı. Amma indi belə hallar azalıb, indi bu pulu yığmaq daha çətindir.


– Sosial şəbəkələrdə fenomen olan adamların bu məşhurluqdan pul qazanmaq kimi şansları çoxdur. Mən, məsələn, Rusiyada bloq, videobloq, ya sadəcə uğurlu profildən insanların yaxşı məbləğlər qazandıqları barədə çox şey öyrənmişəm. Sizin də sosial şəbəkədəki məşhurluğunuzu monetizasiya etmək kimi imkanınız varmı?

– Yox. Hələ ki, pul qazanmamışam. Amma mən də sizin kimi, izləyirəm elə adamları, fəxr edirəm onlarla. O adamlarla ki, öz bloqundan, “Youtube” kanalından pul qazana bilir.


– Həmid, elə olurmu ki, insanlar bəzən qəribə, ya da sizi əsəbiləşdirən xahişlərlə müraciət etsinlər? Ümumiyyətlə, hansı hallarda insanların xahişini rədd edir, onun istədiyini paylaşmaqdan imtina edirsiz?

– O qədər! İfadəmə görə üzr istəyirəm, o qədər gic-gic xahişlər olur ki, adam əsəbiləşir. Elələrinə heç cavab da yazmıram. Bəzən elə suallar olur ki, filan şəhərdən filan şəhərə nə uçur, hansı reyslər var. Adam internetin qabağındadır, müxtəlif saytlardan tapa bilər bu məlumatları, amma məndən soruşur. Bəzən də elə adamlar olur ki, doğrudan da, olduqca ağır, faciəvi situasiyalardan keçiblər. Bu adamları kimsə mənə təqdim edir, probemlərini paylaşıram, neçə min pul yığılır, verilir onlara. Sonra bu adamlar pulu səliqəli xərcləmək əvəzinə məsuliyyətsizcəsinə xərcləyirlər və sonra da mənə yazırlar ki, qardaş, mənim pulum qurtardı, yenə məndən yaza bilərsən? Belələri də var. O zaman mən imtina edirəm -yazmıram onlar barədə.


– Müşahidələrinizə əsasən, hansı növ problemə insanlar daha tez həssasdır, daha tez reaksiya verir və kömək etmək istəyir? Xəstəlik, aclıq, evsizlik, təhsil, hüquqların pozulması – hansılar?

– Xəstəlik və aclıq. Xəstəlik olanda, xüsusilə xəstə uşaq olanda, insanlar daha çox həssas olur bu problemə. Aclıq isə istənilən cür. Bu iki poblem olanda, adətən insanlar son manatını da verməyə hazır olur, çoxu köməyə tələsir, kim nə ilə bacarır, yardım əlini uzadır.


– Həmid, azərbaycanlılar elə bir xalqdır ki, adətən öz mütəfəkkirləri onu tənqid edir, bir çox problemi xalqın mentalieti, dəyərləri ilə əlaqələndirirlər. Siz özünüzün başladığınız proses boyunca nə müşahidə edirsiz – insanlarımız daha çox kömək etməyə meyllidir, yoxsa daha çox sinizm, laqeydlik var? Kifayət qədər ümumiləşdirilmiş sualdır, amma mən sadəcə sizin müşahidə etdiyiniz qədərini soruşuram.

– Yox, mən heç sinizm müşahidə etməmişəm. Əksinə, deyərdim ki, biz çox yardımsevər xalqıq. Bayaq dediyim kimi, hekayənin, problemin necə olmasının əhəmiyyəti çoxdur. Bir məsələ də var ki, bayaq dediyim kimi, indi insanların vəziyyəti pisləşib. Kobud bir müqayisə etsək, deyə bilərəm ki, 3-4 il bundan əvvəl normal imkanı olan adamların 100-dən 50 nəfəri kömək etməyə hazır idisə, indi 100 nəfərdən cəmi 20 nəfəri yardım etməyə hazır olur. Bu da, danışdığımız maddi sıxıntılarla və yardım axtaran insanların gündən-günə çoxalması ilə bağlıdır.


– Həmid, başladığınız bu prosesi necəsə şəbəkələşdirmək fikrinə heç düşmüsünüz? O mənada ki, sosial şəbəkələrdə tanınan, çox izləyicisi olan başqa insanlar da sizə qoşulsunlar. Yoxsa bunun effektli olacağına inanmırsınız?

– Açığı, bu suala necə cavab verəcəyimi bilmirəm. Bu elə bir prosesdir ki, başlasan gərək bütün vaxtını, diqqətini sərf edəsən. Başqa cür bu işlə məşğul olmaq sadəcə mümkün deyil. Bizdə bütün vaxtını bu işə sərf edən adamlar var. QHT açanlar, QHT açmadan, sosial şəbəkələr vasitəsilə məşğul olanlar, necəsə pul yığıb, uşaq evlərinə, kimsəsizlər, qocalar evlərinə gedənlər də var. Amma mən özümü bu işdə görmürəm. Yəni bu işlə yaşamaq, bütün vaxtımı buna sərf etmək mənə uyğun deyil. Təcili məsələ olur, təcili 50 min, 60 min pul yığmaq lazımdır, hə, bu məsələni paylaşıram, pulun yığılmasına kömək edirəm. Təbii ki, bu problemin həqiqi olduğuna inanıramsa. Çünki yuxarıda da qeyd etdiyim kimi, yalan, ya da inandırıcı olmayan problemlərlə də müraciət edənlər də çox olur.

Ana səhifəXəbərlər”İnsanlar xəstəlik və aclıq hallarına laqeyd qala bilmir”