”İnsanlar əsas problemlərinin bank kreditləri üzrə ödənişləri olduğunu deyirlər”

Vüqar Bayramov: ”Ödənilməyən kreditlərin bir qismi hələ də banklar tərəfindən vaxtı keçmiş kreditlər kimi rəsmilləşdirilmir”

Source:
Vüqar Bayramov
Vüqar Bayramov


Vüqar Bayramov: ”Ödənilməyən kreditlərin bir qismi hələ də banklar tərəfindən vaxtı keçmiş kreditlər kimi rəsmilləşdirilmir”

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) vətəndaşlar arasında bu gün insanların əsas probleminin nə olması sualı ilə sorğu keçirib.

Sorğu nəticələrinə görə, bu gün vətəndaşların çoxunun bank kreditləri üzrə ödənişlərdə güzəştə ehtiyacı olduğu məlum olub.

İqtisadçı Vüqar Bayramov da deyir ki, bəli, bu gün əhalinin böyük hissəsi bank kreditlərinin ödənişində problem yaşayır.

Odur ki, problemin həlli ilə bağlı hələ 2015-ci ildə bəzi təkliflər hazırlayıb, hökumətə təqdim ediblər.

“Ancaq hələ də güzəşt mexanizmi tətbiq edilməyib. Hazırda banklarda rəsmi qeydiyyata alınan problemli kreditlərin məbləği 1 milyard 585 milyon manatdır. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı isə 12 faizdən çoxdur.”

V. Bayramov deyib ki, ödənilməyən kreditlərin bir qismi hələ də banklar tərəfindən vaxtı keçmiş kreditlər kimi rəsmilləşdirilmir.

O qeyd edib ki, təhlillərə görə, xarici valyutada olan kreditlərin ödənilməsi ilə bağlı çətinliklər daha çoxdur, bu isə 2015-ci ildə manatın xarici valyutalara qarşı dəyərsizləşməsi ilə bağlıdır:

“Nəticədə, bu, dollarda olan kreditlərin manat ifadəsində bahalaşmasına və aylıq ödəniş məbləğlərinin, yumşaq desək, şişməsinə səbəb oldu. Əksər kredit götürənlərin gəlirləri milli valyuta ilə olduğundan çox hallarda kredit ödənişlərində obyektiv səbəblərdən yubanmalar müşahidə olunmağa başladı”.

İqtisadçı deyib ki, problemli kreditlərin həlli ilə bağlı vahid proqramın qəbul olunmasına ehtiyac var:

“ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı. Dövlət praktiki olaraq həmin proqram çərçivəsində 450 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub”.

Vüqar Bayramov deyib ki, o baxımdan, Azərbaycanda da problemli kreditlərin dövlət tərəfindən satın alınıb sağlamlaşdırılmasına ehtiyac var. Bu zaman dövlət problemli kreditləri alıb, qiymətli kağız formasında bazara çıxarır və kreditlərə güzəştlər tətbiq olunur:

“Xatırladım ki, oxşar praktika Rusiyada da tətbiq olunub. Nəticədə, dövlət milli valyuta ucuzlaşandan sonra xarici kreditlər üzrə yaranan fərqi ödəyir və müştəri güzəştli müddət ilə

kredit müqaviləsi rəsmilləşən günün məzənnəsi ilə ödənişlər edir. Başqa ölkələrin təcrübəsi göstərir ki, bu digər krediti olanlarda arxayınçılıq yaratmır. Əksinə, problemli kreditlərinin həcminin minimumlaşdırılmasına, bankların sağlamlaşdırılmasına və ən vacibi əhalinin banklar qarşısındakı öhdəliyinin azalmasına və deməli sosial təminatının güclənməsinə səbəb olur”.

İqtisadçı deyib ki, qiymətləndirmələr göstərir ki, bu proqramın reallaşması üçün tələb edilən məbləğ 1 milyard manatdır.

Onun sözlərinə görə, 2019-cu ildə dövlət büdcəsinin xərclərinin əvvəlki illə müqayisədə 17 faizdən çox proqnozlaşdırıldığını nəzərə alsaq sözügedən proqramın maliyyələşdirilməsi dövlət üçün ciddi maliyyə öhdəliyi yaratmayacaq:

“Bunun müqabilində isə, son illər ən çox müzakirə edilən məsələlərdən birinin çözülməsinə nail olunacaq. Bu proqramın daha detal olaraq hazırlanması və tətbiqi üçün isə uyğun hökumət qurumlarının nümayəndələri, xarici və yerli ekspertlərdən ibarət işçi qrupunun formalaşdırılması daha məqsədəuyğun olardı”.

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 mlrd. 585 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən il yanvarın 1-nə nisbətən azdır. Həmin vaxt problemli kreditlərin həcmi 1 mlrd. 626.7 mln. manat açıqlanmışdı.

Ötən ilin birinci yarısında vaxtı keçmiş kreditlərin həcimi artmışdı. İlin sonlarına yaxın isə azalma baş vermişdi. Ötən il dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12.2 təşkil edib.

2015-ci ildə (fevralda və dekabrda) baş verən devalvasiyalar nəticəsində Azərbaycan manatı dollar qarşısında iki dəfə dəyər itirdi. Nəticədə bir çox insanların kreditlərini ödəməkdə çətinliklər çəkdiyi açıqlandı.

Ana səhifəXəbərlər”İnsanlar əsas problemlərinin bank kreditləri üzrə ödənişləri olduğunu deyirlər”