Son illərdə Azərbaycan sanki ögeyləşən, tərk edilən, yadlaşan bir ölkəyə çevrilir. Yaxşı halda, çox gənc olanlar, uzun illər təhsil almaq üçün yetərincə vaxtı olanlar buranı müvəqqəti tərk edir, amma çoxu təhsil alandan sonra ölkəyə qayıtmaq barədə sadəcə düşünmürlər. Bəziləri başqa ölkələrdə ixtisasına uyğun iş tapır, işləməyə gedir və Azərbaycana qayıtmağa tələsmirlər.
Pis halın adı isə mühacirətdir. Buna məcbur qalanların həyatı köklü şəkildə dəyişir, onlar yad, qərib ölkədə, başqa dil, başqa qaydalar, başqa qanunların hökm sürdüyü ölkələrdə, fərqli mədəniyyətin, fərqli ortamın diqtəsi altında yaşamalı olurlar.
Əgər mühacirət ədəbiyyatına, ədəbiyyatdan tanıyıb-bildiyimiz mühacir talelərinə nəzər salsaq, görərik ki, fərqli düşünə bilən beyin, arzuları, uğur təşnəsi olan tale üçün mühacirət ağır, məşəqqətli, iztirablarla dolu bir ömür kəsiyidir.
Milyonçu qızı, milyonçu nəvəsi Ümmülbanunu qəpik-quruş qarşılığında ucuz moda dükanlarında müştərilərə nümayiş etdirmək üçün paltar geyindirib-soyunduran, dövrünün ən işıqlı şairəsi Marina Svetayevanı üzüb bitirən, nəhayət, geri, Sovetlərə qaytaran, Nobel laureatı Bunini borş yemək üçün rusların yaşadığı ucuz məhəllərdəki yığıncaqlara aparan, ölkəsində 80 min “samizdat” şeir kitabı satılan Limonovun sinəsinə “Ofisiant Eduard Limonov” yarlığını yapışdıran, zadəgan oğlu Nabokovu anasının dar, kasıb mənzildə ölümünə şahid edən bir aqibətdir mühacirət…
Və bu taleyi özünə rəva görmək üçün insan nələrdən keçməli, nələr onu buna məcbur etməlidir…
Yazıda iki tale, iki səbəb, iki qəhrəman var…
Onların doğma ölkələrini tərk etməyə aparan yollar fərqli, nəticə isə eynidir. Günlərin bir günü, Azərbaycan bu insanlar üçün yaşana biləcək bir ölkə olmaqdan çıxdı…
Yazının birinci qəhrəmanı təhlükəszilik məqsədilə ad və soyadının açıqlanmasını istəmədi. Amma onu ölkəni tərk etməyə vadar edən səbəblərdən geniş danışmaqdan çəkinmədi.
Bax, o zaman təhlükə yüzqat artır…
“Azərbaycanda doğulub, yaşamağın özü belə təhlükəlidir. Sadəcə, buna alışmaq var. O zaman heç bir təhlükə hiss etmirsən. Bütün olanları qulaqardına vurub, yaşamağa davam edirsən. Əgər ayılıb görəndə ki, təhlükəli ölkədə yaşayırsan, hər an başına ağlagəlməz hadisələr gələ bilər, onda sən başlayırsan içtimai proseslərə qoşulmağa. Yaşadığın ölkədə mövcud vəziyyəti müsbətə doğru dəyişmək üçün əlindən gələni etməyə çalışırsan. Bax, bu zaman təhlükənin miqyası yüz dəfə artır, çünki sən artıq digərlərindən seçilməyə başlayırsan. Bu da əsas verir ki, nişangaha tez düşəsən. Mən təhlükəni bundan sonra hiss etdim.
Hamı deyirdi ki, “başını aşağı sal, işinlə məşğul ol… ”
İlk vaxtlarda dost-tanış mənə ağıl qoymağa başlamışdı. Sonra bu çevrə getdikcə genişləndi. Artıq ailəm, qohum-əqrəba mənə iradlarını bildirirdilər. Hamısı da “başını aşağı salıb, işinlə məşğul ol” kimi şablondan istifadə edirlər. Mübarizəmdən çəkinməyim üçün təhdidlər, hədə-qorxular, hətta pul təklifi də olub. Bu cür halları tanışlar eşıdəndə isə qarşı tərəfə nifrət əvəzində səni qınayırlar, başlayırlar sənə yenidən ağıllı məsləhətlər verməyə. Əlbəttə, getdikcə təklənirdim. Yaxşı ki, ölkədə az da olsa, həmfikir insanlar var. Ümiddən düşmürsən, illuziyalara qapılmırsan.
Əgər içtimai-siyasi proseslərdə iştirak etməyə başlayırsansa, hər şeyi göz önünə almalısan. Ölçünü dəqiq hesablamalısan. Düzdür, bu, çox cətindir, amma buna baxmayaraq, bilməlisən ki, bu yolda səni hansı çətinliklər gözləyir. Əlbəttə, ailəmdə narahatçılıq, söz-söhbət oldu. Amma görəndə ki sən fikrində qətisən, hər şey öz yoluna düşməyə başlayır.
İzləmələr, naməlum zənglər getdikcə artırdı…
Məni həbs gözləyirdi. İzləmələr, naməlum zənglər getdikcə artırdı. Bu isə işimə maneçilik törədirdi. Mən həbsdə yatmağı vaxt itkisi hesab edirəm. Onsuz da, ölkədə siyasi məhbuslar yetərincədir. Biz hamımız həbs olunsaq azadlıqda heç kim qalmayacaq. Mənimsə həbsim iş fəaliyyətimi dondurur. Bu səbəbdən ölkədən çıxmağa məcbur oldum.
Dostlarımdan ötrü darıxıram…
Hal-hazırda yaşadığım ölkədə özümü rahat və təhlükəsiz hiss edirəm. Əvvəlki qorxular, şübhələr yox olub. İşimlə rahat məşğul ola bilirəm. Qanunlara dəyər verən, onlara riayət edən sistem və cəmiyyət görəndə qəribə qürurlu hisslər keçirirəm. Öz ölkəndə belə bir sistemin olmadığına görə həm də heyifsilənirsən.
“Heç darıxmıram” desəm, səmimi çıxmaz. Əlbəttə, dostlardan sarı darıxıram.
Natiq Ədilovun hekayəsi
Yazının ikinci qəhrəmanını Azərbaycanda fəal vətəndaş olan hər kəs tanıyır. Milli Şuranın üzvü, AXCP-nin mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Ədilovun da ölkəni tərk etməsindən bir neçə ay keçir. Onu vətənindən, çox sevdiyi, dəyərləndirdiyi partiyasından uzaq salan səbəblər barədə Natiq özü danışdı.
Əvvəl “tərbiyəvi” söhbətlər aparılır, sonra təkliflər başlayır…
“Mircə Cəlilin sözlərin bir az təhrif eləsək, mən elə gözünü açandan Azərbaycanı zülmət içində, “Heydərdi rəhbər” bağırtıları içində görmüşəm. Mənim, eləcə də az-çox düşünə bilən hər kəs üçün bundan narahatedici bir şey ola bilməz. Azərbaycan artıq beynəlxalq hesabatlarda da əksini tapdığı kimi, krimilal, korrupsioner rejim tərəfindən idarə olunur və belə rejimdə siyasi müxalif olan şəxs üçün beşqat təhlükədir. Yəqin siz ölkəni tərk etməyimə səbəb olan təhlükə ilə maraqlanırsınız. Mən bu haqda çox geniş danışmaq istəmirəm. Başlıca səbəbi odur ki, təqib və təzyiqlər barədə daha çox danışmaqla biz ölkəmizdə xof mühitinin daha da güclənməsinə yardım eləmiş oluruq.
Tam əmin olduğum bir şey var. Azərbaycanda hakimiyyət heç kimi (mən burda ictimai-siyasi etirazçıları nəzərdə tuturam) birdən-birə tutub dama salmır, yaxud döyüb, öldürmür. Hər şey bəlli prosedur üzrə gedir. Əliyev rejimini az çox narahat edən şəxslərlə əvvəlcə “tərbiyəvi söhbətlər” aparılır, polis, prokurorluq, yaxud çuğullar vasitəsi ilə. Bunlar bəhrə verməyəndə şirnikləndirici vasitələr işə düşür: sənə yaxşı, risksiz, yüksək maaşlı iş, yaxud “paket”, ev, maşın təklif edirlər. Bunlar da yaramayanda real təhdidlər başlayır, cəzalanacağın deyilir.
“Natiq Ədilov, sən uğurlu inkişafımıza qara yaxırsan….”
Mən bu mərhələlərin hamısını illərdir keçə-keçə gəlirəm. Bir az lovğalıq kimi görünmürsə, sadalayardım ki, mən hələ lap gənc vaxtlarımda drektor müavini olmuşam (2003), o vaxt mənə təklif edilən “yağlı vədləri” rədd elədim, tutuldum, bu vəzifəni də rahatlıqla, könüllü itirdim. Daha sonra bələdiyyə üzvü seçildim, nəticə elan edilən kimi istefa ərizəmi yazıb çıxdım. Sonra siyasi fəaliyyətlə yanaşı, aktiv jurnalsitliyə başladım. Bu müddətdə sadalaya biləcəyim ən azı 10 başgicəlləndirici təkliflər olub, susmağım üçün, yaxud İlham Əliyevdən başqa nədən istəsəm yazmağım üçün. Mən birmənalı, hətta azca da olsa bu təkliflər üzərində baş sındırmadan onları rədd eləmişəm. Nəinki bu qanunsuz sövdələşməni rədd eləmişəm, fəaliyyətim boyu həmişə çalışmışam ki, bu şər mahiyyətli rejimdən uzaq olum. Bax, illərdir KİV-ə Dəstək Fondu məqalə müsabiqəsi edir, qaliblərə də az pul vermirlər. Mən heç zaman onlara məqalə təqdim eləmədim. Eləcə də, iki il əvvəl əlahəzrət jurnalistlərə ev paylayanda mənə təklif edildi ki, evsiz jurnalist kimi namizədliyimi verim, dedilər ki, şansın da çoxdu. Mən bundan da imtina elədim, hətta dostlarımı da çağırdım ki, bu işə qol qoymayaq.
Təhdidə gəldikdə isə mən “psevdonim”lərlə, gizli yollarla olunan şeylərdən danışmaq istəmirəm, çünki bunu camaata inandırmaq bir az çətin olar. Amma yəqin ki, prosesləri izləyən hamının yadında olar ki, keçən ilin əvvəli Bakı şəhər polisi və prokurorluğu, eləcə də Baş Prokurorluq mənə rəsmi xəbərdarlıq elədi. O xəbərdarlıq internetdə də yayılıb. Onu oxuyanda görürürsüz ki, açıq yazıblar ki, “Natiq Ədilov, sən ölkəmizin uğurlu inkişafına qara yaxırsan, bu, belə davam eləsə, sənlə daha ciddi məşğul olacağıq”.
Seçdiyim yol şüurludur…
“Bütün bu narahatlıqlar ailənizdə necə əksini tapırdı? Necə təsir edir, necə yaşanır, nələr danışılırdı? – sualına isə Natiq bəy belə cavab verdi:
“Məncə, burda bir balans var və buna görə mən rahatam. Yəni, mən hökuməti, onlar da məni narahat edir. Pis onda olardı ki, mən özümü müxalifətçi, tənqidçi jurnalist adlandırardım, sonra isə gedib İlham Əliyevi özümə dost seçərdim və yaxud “əməkdar jurnalist” adını alardım.
Mənim seçdiyim yol şüurludur. Hökumətin təqdim elədiyi, görmək istədiyi “islah olunma paketi” mənim üçün qəbul edilməzdi. Onu da bilirəm ki, bu, asan deyil. Həm özüm cinayət məsuliyyətinə cəlb edilib, tutulmuşam, o məşum 2003-cü ilin oktyabr günlərində. Ondan sonra da fiziki zorakılıqdan tutmuş, mənəvi repressiyalara qədər hər şeyi görmüşəm. Bunlar hamısı elə-belə şeylərdi. Hələ az olub. Biz dünya tarixinə, eləcə də hazırda diktatura ilə mübarizə aparan ölkələri görürük, orda müxalifətçilərin etdiklərini, üzləşdiklərini görəndə, bizim etdiklərimiz karikaturadı.
Pasportumu qanunsuz “dondurdular”, amma mən onların əlindən çıxmağı bacardım…
Bu prosesdə ən çox əzab çəkən adamın mübarizəsini başa düşməyən, dərk eləməyən yaxınlarının çəkdikləri əzablardı. Qohum-əqraba filan. Amma bunun da tək çarəsi odur ki, onlar sənin hisslərini başa düşmədiyi, qiymətləndirmədiyi kimi, sən də gərək adekvat münasibət bəsləyəsən ki, könlün aram tapsın.
Murad və Seymurun həbsindən sonra getmək qərarı verdim. Gördüm ki, artıq bunlar tamamilə “Azərbaycan Saatı”nı da, məni də bitirmək istəyirlər. Dostlarımla, əqidədaşlarımızla məşvərət etdik, onlar da mənim “girov” düşməməyimə tərəfdar çıxdılar və beləliklə, ölkədən ayrıldım. Bilrisiniz ki, mənim pasortumu da qanunsuz olaraq “dondurmuşdular”. Bu, tam əsasız və məkrli iş idi. Amma buna baxmayaraq, mən onların əlinə keçməməyi bacardım.
Həyatım bəlkə də dəyişdi, amma iş tərzim dəyişməyib…
“Azərbaycanı tərk etmək sizin həyatınızl dəyişdimi? – sualına Natiq bəy çətinliklə cavab verir:
“Həyat barədə danışmaq çətindi. Fakt budur ki, mən coğrafiyamı, iqlimimi, çevrəmi dəyişmişəm. Amma iş rejimim və tərzim demək olar eynidir, yenə nələrsə yazıram-pozuram, proqram üçün çəkilişlər edirəm, mübarizə aparan dostlarıma bacardığım qədər dəstək olmağa çalışıram. Hə, bir də yeni bir dili, mədəniyyəti öyrənmək imkanım yaranıb”.
İndiki mühacir həyatı illər əvvəlki mühacirlərin həyatı qədər məşəqqətli deyil…
Son sualım: “Orda nələrdən ötrüsə darıxırsınızmı?”
– Məsələ burasındadı ki, biz Avropada mühacirət həyatı yaşayan İraq, Suriya, Eritreya, Liviya qaçqınlarının həyat hekayələrin, buralara necə gəlib çıxdıqlarını eşidəndə abrımıza qısılıb, sakit dayanmalıyıq. O insanların nələr yaşadığını bilmək üçün ayda bir dəfə dünya mətbuatının xəbərlərinə baxmaq lazımdı. Adamların gözləri qarşısında qardaşları, oğulları, qızları dənizdə batıb ölür, quldurlar tərəfindən öldürülür. Onlar ölkələrində bir tikə çörəyə möhtac qalıb. O çətinlikləri biləndə, adam özünün problem dediyi şeylərdən utanır…
Başqa bir məqam süni “darıxmaq” mövzusudu. Mən hesab edirəm ki, hər şey dəyişdiyi kimi günümüzdə “mühacir hicranı” da dəyişib. Bu gün internetdə mobil rabitə var, sosial şəbəkələr var, Azərbaycanın burnunun ucuna qədər gəlib, doğmalarınla görüşmək imkanın varkən, niyə insanları “darıxıram” ağlaşmaları ilə yoraq? Heç nə yox, 50-60 il əvvəlki mühacirlərin hicranı, darıxmağı ilə o adamlar özlərinin vəziyyətini müqayisə eləsin. O adamlar, yəni sovet zamanı qürbətdə olanlar, öz doğmalarının səsini, fotosunu bir dəfə də olsun, görə bilməyib. Doğmalarının ölüb qalmasından xəbərsiz olublar. Amma mənim indi imkanın var ki, hər 10 dəqiqədən bir anamın təzyiqinin neçə olduğunu öyrənim, hətta ona online həkim tutum, dərman alım. Bütün bunları deməkdə məqsədim odur ki, “darıxmaq” mövzusu ilə insanların duyğusunu istismar eləmək lazım deyil.
Mənim çox qiymətli dostlarım, əqidədaşlarım, əzizlərim Azərbaycandadı. Darıxanda onlarla hal əhval tutmaq olur, “skaypı” icad eləyənin ölənlərinə rəhmət. Lap çox darıxanda, canım çıxar, onları yanıma qonaq çağıraram.