Deputat kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş evlərin səndləşdirilməsi üçün qanunvericiliyə dəyişiklik təklif edib
“Elə ərazilər var ki, insanlar artıq 20-30 ildir ki, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, övladlarını böyüdürlər, oğul evləndirib, qız köçürürlər. Qanunsuz da olsa, salınmış bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub, sakinlər rabitə xidmətlərindən, işıq, su, qaz və digər kommunal xidmətlərdən istifadə edirlər, bu xidmətlər üçün haqq ödəyirlər”.
Bunu Milli Məclisdə 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Elmira Axundova deyib.
Onun sözlərinə görə, tikililərin bir çoxuna bələdiyyə və icra hakimiyyətləri tərəfindən sənədlər verilsə də, kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə “kənd təsərrüfatı təyinatlı” torpaqlar olaraq qeydiyyatdadır:
“O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər”.
Deputat bir çox vətəndaşı narahat edən bu məsələnin işlər planına daxil edilməsini və kənd təsərrüfatı əhəmiyyətli ərazilərdə kütləvi şəkildə salınan qanunsuz tikililərlə bağlı qərar verilməsini təklif edib.
Deputat vurğulayıb ki, bu cür yaşayış yerləri illər öncə respublikanın müxtəlif regionlarında, xüsusilə Abşeron yarımadasında salınıb. O qeyd edib ki, problemin həlli üçün ya kənd təsərrüftı təyunatlı torpaqların üzərindəki tikililər sökülərək yenidən təyinatı üzrə istifadəyə qaytarılmalı, ya da kateqoriyası dəyişdirilərək, həmin torpaqlara “yaşayış məntəqələrinin torpaqları” kimi qeydə alınmalıdır.
“Kütləvi söküntüyə dövlətimiz heç zaman getməz, çünki bu, bir tərəfdən iqtisadi cəhətdən səmərəsizdir. Digər tərəfdən, minlərlə vətəndaşımızın uzun illər həmin evlərdə yaşadığını nəzərə alsaq, bu, həm də sosial problem yarada bilər. Ona görə də ikinci variant – torpaqların təyinatının dəyişdirilməsi və beləliklə, vətəndaşların öz evlərinə qeydiyyata düşmələrinə imkan verilməsi daha məqsədəuyğundur. Bu addım atılarsa, vətəndaşlar uzun illər yaşadıqları evlərə mülkiyyət hüququ əldə etməklə, öz evlərinə qeydiyyata düşə biləcəklər. Minlərlə tikililər dövlət qeydiyyatına alınacaq ki, bu da daşınmaz əmlak bazarında ciddi canlanma yarada bilər. Həmçinin qeydiyyata alınmış tikililər əmlak vergisinə cəlb olunacaq. Nəhayət, uzun illər davam edən ciddi bir problemin öz həllini tapması ilə vətəndaş məmnunluğu təmin olunacaq”.