”İnsanın QİÇS damğası ilə asan yaşamayacağını anladım”

“Bu cür insanların cəmiyyətdən təcrid olunmasının əsas səbəbi cəmiyyətin yetərincə maariflənməməsidir”

Source:


“Bu cür insanların cəmiyyətdən təcrid olunmasının əsas səbəbi cəmiyyətin yetərincə maariflənməməsidir”

İsmayıl Yusubov Azərbaycandan yaşayan yüzlərlə AİDS (QİÇS- qazanılmış immun çatışmazlıq sindromu) daşıyıcılarından sadəcə biridir. Onun 28 yaşı var. Kiçik sahibkar kimi fəaliyyət göstərən İsmayıl həm də aktiv həyat tərzi keçirir. O, bədənində dolaşan “virusla” barışdığını və ona meydan oxuduğunu deyir.

İlk QİÇS daşıyıcısı Amerikada aşkarlanıb

Əlamətlərinə görə, QİCS//İİV-ə yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliyə asanlıqla tutulurlar. Tibb aləminə ilk məlum olan QİÇS daşıyıcıları 1981-ci ildə ABŞ-ın Nyu-York və Kaliforniya ştatlarında üzə çıxıb.  1983-cü ildə amerikalı və fransız tədqiqatçılar xəstəliyin səbəbinin HIV olduğunu müəyyən edib və 1985-ci ildə isə insanlarda bu virusun olub-olmamasını aşkarlamaq üçün qan testləri ixtira olunub.

USAİD təşkilatının statistikasına görə, dünyada 2015-ci ildə təxminən 36.7 milyon QİÇS//İİV daşıyıcısı olub. Onlardan 1,8 milyonu isə xəstə anadan cift yolu ilə və ya ana südü ilə bu xəstəliyə yoluxan 15 yaşına qədər olanlardır.

Statistikaya əsasən, Azərbaycanda 1987-ci ildən 2016-cı ilin martın sonunadək İİV-lə yaşayan 4815 nəfər rəsmi qeydiyyata alınıb. Onlardan 3523-si (73,2%) kişi, 1292-u (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayının 1725 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayının 744 nəfər olub.

2016-cı ilin 11 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 464 nəfərdə aşkara çıxarılıb. Onlardan 450-i (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfəri (3,0%) isə əcnəbidir. Qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olub.

Gənclik həvəsinin qurbanı oldum

İsmayıl Yusubov deyir ki, sevdiyi qadınla evlənməyi düşünürmüş. Qadının ilk evliliyi uğursuz olub. Təsadüfən onun QİÇS xəstəsi olduğunu öyrənən İsmayıl da testdən keçmək qərarına gəlib. Bu zaman həmin virusa yoluxduğunu öyrənib:

“Sonradan o xanım özünün də QİÇS olduğundan xəbərsiz olduğunu, bu haqda yeni öyrəndiyini dedi. Səbəbini bilmirəm. Tək bildiyim odur ki, gənclik həvəsinin qurbanı oldum. Ancaq o qadını sevirdim. Belə olacağını nə bilərdim ki?!”

İsmayıl Yusubovun sözlərinə görə, təxminən 1 il əvvəl ona bu diaqnoz qoyulub. Hazırda səhhəti ilə bağlı hər hansı probleminin olmadığını deyir. Onun diaqnozu İİV müsbətdir.

Mütəxəssislərin fikrincə, İİV qana yoluxduqdan sonra uzun illər əlamətlər müşahidə edilməyə bilir və insan özünü yaxşı hiss edir. Bəzi hallarda İİV ilə yoluxmuş şəxs 8, yaxud 10 ilarası QİÇS-ə tutulmur. Xəstəliyin bu dövrü “gizli dövr” adlanır.  Yəni hər bir insan xəstəlikdən xəbərsiz şəkildə İİV virusu ilə yaşayıb, bu virusu bir çox adama yoluxdura bilər. Bu səbəbdən məlumatlı olmağın çox əhəmiyyətli olduğunu deyir həkimlər. Dərman müalicələri isə olduqca müvəffəqiyyətli olur. Belə ki, yeni çıxan müalicələr və dərmanların istifadəsi ilə 20 ilə qədər uzanır QİÇS xəstələrinin ömrü. Müasir dövrdə Dünya Səhiyyə Təşkilatları tərəfindən QİÇS ölümcül deyil, xroniki xəstəlik kimi qəbul edilir.

Qorxu cahillikdən qaynaqlanır

Virusu daşıdığını öyrəndiyində bir an öncə ölmək istədiyini deyir, İsmayıl. Ancaq xəstəliklə əlaqədar etdiyi araşdırma nəticəsində həyatını bu virusla da keyfiyyətli şəkildə davam etdirə biləcəyini anlayır.

Deyir ki, bu virusla əlaqədar məlumat topladıqca, qorxusunun azaldığını hiss edib.

“İİV müsbət olduğumu məndən başqa ailəm və bəzi dostlarım bilir. Anam çox kədərlənsə də, mənə dəstək olur. Ancaq bacılarım və atam tərəfindən tez-tez tənqidlər eşidirəm. Bəzən bu tənqidlər təhqirə çevrilir. Bu isə mənim üçün xəstəlikdən daha ağrılıdır. Xəstəliyim haqqında qohumlara və digər insanlara deyə bilmirəm” – deyir, təəssüf hissi ilə.

Deyir ki, “Nə zaman öləcəm?”, ” Nə qədər yaşayacam?”, “Necə öləcəm?” kimi suallara internetdə günlərlə cavab axtarıb. Hətta internetdə düzgün məlumat əldə etməyin çox çətin olduğunu bilsə də. Bəzən məlumat almaq üçün internetdə tanımadığı insanlarla danışıb, yaxınlarından görmədiyi bir ümid işığı gözləyib yad insanlardan. Ancaq insanların cavabları onun psixologiyasına daha da mənfi təsir edib:

“Bütün saytlara baxdım. Bəlkə hansısa məlumat olar deyə müxtəlif insanlarla danışdım. Ancaq danışdığım insanlar xəstəliklə bağlı məlumatdan çox buna layiq olduğumu, yaşadıqlarıma görə bu hala düşdüyümü dedilər açıq şəkildə. İnsanın QİÇS damğası ilə asan yaşamayacağını anladım”.

Həyat ilə barışmağı, hətta həyatdan əvvəl özləri ilə barışmalarını, xüsusilə də məlumatsız insanları dinləməmələrini məsləhət görür, İsmayıl bütün HIV/AIDS xəstələrinə.

“Çünki özlərinə qapanmaları, həyata küsməkləri şüursuz cəmiyyətin onlardan istədiklərini etmələri deməkdir” – deyir və izah etməyə davam edir: “Xərçəng, diabet və ya digər xəstəliklər kimi QİÇS-ə düçar olanlar da layiq deyil bu xəstəliyə. Hamı düçar ola bilər ona. Heç kim xəstəlikdən sığortalanmayıb”.

Hər kəsə deyə bilsəm…

“Kaş ki, HIV müsbət olduğumu hər kəsə deyə bilsəm …” – deyir İsmayıl. Çünki o araşdırır, həkimlərlə məsləhətləşir və artıq bilir ki, bu virusu daşıyan insanlar da həyatlarını normal bir şəkildə çalışaraq, oxuyaraq, sağlam insanlarla eyni mühiti paylaşaraq davam etdirə bilər. O bilir ki, virus yalnız cinsi yolla, damardaxili inyeksiyalar vasitəsilə yoluxur. Bu virus əl sıxma, qucaqlama, asqırıq,  birgə çəngəl-qaşıqdan istifadə,  üzmə hovuzu və digər vasitələrlə keçmir. Ancaq yenə də xəstəliyi haqqında çox insana deyə bilmir. Çünki insanlar onu bunu gizlətməyə məcbur edirlər. Deyir ki, araşdırmadan, tibbi məlumat toplamadan QİÇS daşıyıcılarının homoseksual, narkoman və ya eyş-işrət düşkünü olduğunu düşünürlər. Halbuki, bu virusa qan nəqli zamanı istənilən şəxs – yeni doğulan körpə, ev qadını, müəllimə, polis, həkim, tələbə, vəkil… yoluxa bilər.

Psixoloq Səbinə Babayeva
Psixoloq Səbinə Babayeva

İnsanların maariflənməyə ehtiyacı var

Psixoloq Səbinə Babayeva deyir ki, bu cür insanların cəmiyyətdən təcrid olunmasının əsas səbəbi cəmiyyətin yetərincə maariflənməməsidir:

“İnsanlar yoluxmaq qorxusu ilə həmin şəxslərdən özlərini qorumağa çalışırlar. Nəticədə bu eyhamları hiss edən virus daşıyıcısı cəmiyyətdən, ətrafından uzaqlaşır. İnsanlar bilməlidir ki, istər əlvermə, qucaqlaşma, məişət əşyaları, qab-qacaq, yataq, alt paltarları, istərsə də qida maddələri, içməli su, meyvə-tərəvəz şirələri, atmosfer havası ilə bu virusa yoluxmaq mümkün deyil.

Bu məlumatlara yiyələndikdən sonra düşünürəm ki, insanlar bu cür xəstələrə qarşı daha xoş, daha diqqətli davrana bilərlər və nəticədə onların cəmiyyətdən təcrid olunmasına şərait yaratmazlar”.

Psixoloq deyir ki, bu virus daşıyıcılarının dərdini heç kimlə bölüşə bilməməsi, təcrid olunma qorxusu çox vaxt müalicədən imtinaya səbəb olur. Hətta qorxu insanların testdən keçməsinə belə imkan vermir. Beləliklə, xəbərsiz şəkildə xəstəliyi daha çox yayırlar. Öz ailələrindən, yoldaşlarından, dostlarından belə gizləyirlər bu həqiqəti. Halbuki bu, yalnız onların həqiqəti deyil. Cəmiyyətin bəlkə də ən böyük həqiqətidir. Hər nə qədər insanlar özlərini bu “həqiqətdən” uzaq görsələr də…

Ana səhifəXəbərlər”İnsanın QİÇS damğası ilə asan yaşamayacağını anladım”