İnsanı ucuz satılan ölkə

Bu qədərmi ucuzdur doğmalarımız…

Source:

Azərbaycanda insan həyatından ucuz heç nə yoxdur. Bunun 19 mayda baş verən dəhşətli faciə ilə də şahidi olduq. Azyaşlı uşaqların, onlarla insanın ölümü.. Hər kəsin beynində bu hadisə ilə bağlı suallar çoxdur. Kim cavab verəcək? Kim məsuliyyət daşıyır? Bir-iki insanın həbsi ilə ölənlər geri qayıdacaqmı və ya insanlar daha ölməyəcəkmi?

Azərbaycanda dövlətin ən başlıca vəzifəsi “Məsuliyyətsiz iş görməkdir!” Gördükləri işlərə görə bir gün cəzalandırılmayacaqlarını düşünürlər. Bəs maraqlıdır, heç vicdan nədir, bilmirlərmi? Gecə yataqlarına girib necə yatırlar rahat-rahat?

Hörmətli vətəndaşlar, az araşdırma etsəniz görərsiniz ki, bu sistemin 22 illik mövcudluğu dönəmində, sistemin məsuliyyətsizliyinin qurbanı olmuş minlərlə vətəndaş olub. Burada araşdırma yazısı yazmağa ehtiyac duymuram. Çünki bir çox azərbaycanlı bu rejimin qanunsuzluqları, rüşvətxorluqları ilə bağlı araşdırma yazılarına münasibəti belə olub: “Vəzifəlidir, yeməlidir də”, “prezidentin pulu olar da”, “O boyda nazirdir, onun da pulu olmasın, mənim olsun?”.

Siz başa düşürsünüzmü, bu sözlərin hamısı məsuliyyətdir? Bu gün olanların səbəbkarları arasında biz də varıq, xalqın da payı var. Bu 3-cü binadır ki, üzlüyü yanır. Sizlər, bizlər birinci olayda, ikinci olayda nə münasibət göstərdik bu hadisəyə? Bu gün 16 ölüdən sonra “sökün getsin” haştaqı başladan bizlər, birinci olayda başladıb, bir külüng də biz vursaydıq, bu hadisə bəlkə bu gün təkrarlanmaycaqdı.

Ağzımız isti yerdədir. Oturmuşuq, kiminsə balası, kiminsə valideyni ölür, guya etiraz edərək bildiririk ki, “matən elan olunsun!” Azərbaycanın tarixində nə qədər matəm var, sayını itirmişik artıq. Nolur ki, bayraq yarıya qədər endiriləndə, hansısa prezident mənasız şablon başsalıqlarını verəndə? Niyə belə cılızıq?! Olmazmı ki, günahkarları biz araşdıraq?

Azərbaycanda məhkəmə, istintaq orqanlarının saxta olduğunu 22 ildir, dərk etməməşik deyəsən. Hamımızın başına gəlib bu orqanlarda olan haqsızlıqlar. Biz bu adamlardan araşdırma gözləyirik? Yanan binaların üzlüyünün vurulmasında, onları “qanuni” olaraq təhvil alınmasında məsul şəxs olan Fövqəladə hallar nazirini 16 nəfərin ölümü ilə nəticələnən yanğına komissiya üzvü kimi təyin ediblər.

Bu xalqa təhqir deyil, nədir? Qərar verirlər ki, zərərçəkən hər ailəyə 1000 manat versinlər. Qanımızı da pulla almaq istəyirlər. Qarabağ qazisini özünü yandırmağa məcbur edənlər, aparıb onun ailəsinə pul verib, nələrisə ört-basdır eləməyə çalışsalar da, biz unutmadıq axı. Gəldi eyni hadisə, onlarla vətəndaşımızın başına gəldi. O vətəndaşları siz yandırdınız! Biz belə ucuzuqmu ölülərimizi, dirilərimizi pula satırıq?!

Dünyada hadisələr və nəticəsində kimlərin istefa verməsi ilə bağlı araşdırma etdim. Heç müqayisə etməyə dəyməz Azərbaycanla. Çünki bizdə hələ bir nəfər məsuliyyəti üstünə götürməyib, istefa vermək şərəfinə nail olmayıb, o şərəf yoxdur axı. Normal idarəetmə sistemi olan ölkələri qoyuram kənara, onlarda ən kiçik hadisələrə görə baş nazir belə istefa verir. Amma azərbaycanlıların adını eşidəndə lağ etdiyi ölkələrdə olan yanğın hadisələrinə baxdım, Banqladeş, Nigeriya, Sudan, Pakistan kimi ölkələrdə belə yanğınlarda çoxlu sayda vəzifəli istefa edib. Bu hadisələri bir-bir yazıb yormaq istəmirəm, internet vasitəsi ilə rahatlıqla araşdırıb, ölkəmizin hansı vəziyyətdə olduğunun fərqində ola bilərsiniz. Utanın, girin yerə, özünüzü yapışdırdığınız kreslolardan vaxt ayırsanız, xalqı bu günə qoymazdınız.

Nəmənədir bu Avropa oyunları? Heyvanları yandırdınız, elə bildiniz səs çıxmayacaq, dünya etiraz etdi. İndi insanlarımıza keçdiniz, elə bildiniz bu insanların səsi yenə çıxmayacaq?! Çıxdı, etiraz etdilər, dağıtdılar üzünüzü, üzlüklərinizi, maskanız bir gündə cırıldı, bir şirkət 800 binaya üzlük çəkmişdi, özünüz sökməyə məcbur oldunuz, üzsüz qaldınız Avropada, onsuz üzünüz yox idi, artıq bərpa edə də bilməyəcəksiniz. Aldada bilməyəcəksiniz insanları 5-10 dənə yaltaq sürünüzlə.

Belə faciəni də “siyasətə bağlamayın” deyirsiniz? Bəs kimə  bağlayaq? İcazəni verən Standartlaşdırma üzrə Dövlət Komitəsi, təhvil alan və bu materialın gec yanan olması ilə bağlı rəy verən Fövqəladə Hallar Nazirliyi, keyfiyyətsiz alışan maddələri ölkəyə buraxan Gömrük komitəsi, bu şirkətin rəhbərinə orden verən prezident! Xalq olaraq səhvimizi yuxarıda boynumuza almışıq, biz cinayət törəməmişik, cinayəti törədənlər bunlardır, biz baş vermiş hadisələrə gec reaksiyamızla sadəcə böyük səhvlər etmişik xalq olaraq. Indi hər şey gün kimi ortadadır. Üzlükləri dəyişməklə bir şey olmayacaq, kimin, nəyin dəyişməli olduğuna biz, xalq qərar verməlidir, balalarımız, analarımız, atalarımız dünyasını dəyişməmiş.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim Fikrimcəİnsanı ucuz satılan ölkə