İnsan ”milli dəyər” məngənəsində

Millətimiz öz milli dəyərləri ilə fəxr edir

Source:

Millətimiz öz milli dəyərləri ilə fəxr edir. Doğru, ya yanlış, KİV də bu milli dəyərləri təbliğ edir. Fəqət bu milli dəyərlərin sadalanmasında xeyli riyakarlıq müşahidə edilir. Elə təməl dəyərlər var ki, onlarsız millətimizi təsəvvür etmək mümkün deyil. Amma onların heç adlarını çəkmirlər. Məsələn, rüşvət. Millətimizin həyatında ən mühüm təzahür və adət-ənənə rüşvətdir. Amma di gəl ki, onu milli dəyər sayana dərhal hücum çəkib, onu milli nihilizmdə suçlayarlar. Yaxud yaltaqlıq. Kim desə ki, yaltaqlıq bizim milli dəyər deyil, onunla heç mübahisə etməyin, başınızı xata-baladan xilas etmək üçün dönüb dinməzcə çıxın gedin.

Digər mühüm milli dəyər yeyib-içməkdir. Millətin həyatında bu dəyərsiz heç bir hadisə baş vermir, heç bir qərar qəbul edilmir. Millət bütün əyri-düz işlərinin qərarını yeyib-içmək məclislərində verir. Di gəl ki, yeyib-içməyi təməl milli dəyər deyənə hamı hücum çəkər ki, “sən milləti qarına bağlayıb aşağılayırsan”.

Yeyib-içməyin insanlarımızın taleyində məşum rolu barədə yazmaq istəyirəm.

1963-cü ildə onuncu sinifdə idim. Sinfimizə əsli Şuşadan olan hündürboy bir oğlan gəldi. Pərviz Bayramov. Yanaşı oturduq. Tez də dostlaşdıq. Boksla məşğul olurdu. Mən isə boksu çox sevirdim.

Atam idmanla məşğul olmağa icazə vermirdi. Sözü bir idi: “Oxu!” Boksa olan atəşin məhəbbətimi Pərvizin idman məşqlərini müşahidə etməklə söndürürdüm.

Pərviz çox mülayim və sakit adam idi. Nəzakətli, tərbiyəli, hörmətcil. Güclü boksçu olmağına rəğmən dalaş və qovğa ilə heç arası yox idi, simasından təbəssüm əksik olmurdu. Gücünü yaxşı dərk etdiyi üçün özündən zəifə güzəştə getməyi heç vaxt kiçiklik saymırdı.

Pərvizlə “Dinamo” cəmiyyətinə gedib həsrətlə məşqçi Ağalarovun keçirdiyi təlimlərə tamaşa edirdim. Sonra Bakı və Azərbaycan birincilik yarışlarına baxırdım. Elə həmin vaxt idman ustası Ağacan Əbiyevin döyüşlərinə baxmışdım. Heç bir fövqəladə qabiliyyət görmürdüm, orta səviyyəli idman ustası, yüzdən biri. Pərviz isə təbiətin boks üçün yaratdığı məxluq idi. Hündür, enlikürək, ayaqları arıq, qolları uzun, reaksiyası ildırım sürətli, zərbəsi qamçı kimi sərt və amansız. Hesab edirdim ki, onun səviyyəsi Olimpiya çempionu Boris Laqutindən əksik deyil, bəlkə də artıqdır. Könüllü İdman Cəmiyyəti “Dinamo”nun gənclər arasında respublika çempionu oldu, sonra həmin cəmiyyətin gənclər arasında SSRİ çempionatında qalib gəldi. Görüşlərinin əksəriyyətini elə birinci raundda nokautla bitirirdi.

Əmin idim ki, Pərvizin boksda parlaq gələcəyi var. Rəqibləri nə qədər çalışsalar da, onu heç cür vura bilmirdilər. Onun zərbəni görüb-duyub ondan yayınmaq qabiliyyəti mənə SSRİ çempionu Viktor Ageyevi xatırladırdı. Bütün zərbələrdən yayınırdı. Onun təhlükəni hiss etmək və ondan yayınmaq sahəsində müstəsna fitri qabiliyyəti var idi.

Mənə deyərdi: “Qəfildən vur məni. Qorxma, vur. Mən zərbədən yayınmaq məharətimi artırıram, məşq edirəm”. Əvvəl könülsüz, sonra isə, onun təkidindən sonra, heç gözləmədiyi şəraitdə guya ona zərbə endirirdim. Birisi də tutmurdu, ani olaraq əli və qolu ilə blok qoyurdu. Hətta üz-bə-üz deyil, böyür tərəfdən vuranda da, gözünün ucu ilə də olsa, hər şeyi görüb zərbədən yayınırdı və hiss edirdim ki, parta yoldaşım bu məharəti ilə fəxr edir.

Əmin idim ki, Pərviz, qəzavü-qədərdən yayınsa, SSRİ, dünya və Olimpiya çempionu olacaq. Onu artıq SSRİ-də gələcəyi parlaq olan gənclərin siyahısına salmışdılar. Növbəti pillə gənclər arasında SSRİ birinciliyi idi. Pərviz respublika yığması ilə Odessaya yollandı.

Burada o, milli dəyər qəzasına düşdü.

Xəbər gəldi ki, Pərvizi həbs ediblər. Birinci döyüşü adəti üzrə nokautla başa çatdırıb. Milli gənclər yığmamız onu yeyib-içməyə aparıb. Orada yaxşı içiblər, çıxanda yerli gənclərlə dava düşüb. Yerlilərdən kimsə Pərvizi vurmaq istəyib. Onun fitri reaksiyası blok qoymaq deyil, zərbə emdirmək şəklində təzahür edib. Boks çempionuna hücum etmək niyyətində olan yerli gəncin çənə sümüyü sınıb.

Hansısa yerli rəisin oğlu imiş.

Məşqçi Ağalarov öz istedadlı yetirməsinin müdafiəsi üçün Odessada nə edə bilərdi ki? Gələcək Olimpiya çempionunu məhkəmə qərarı ilə məhbəsə saldılar.

SSRİ üçün belə davranış adi hal idi. Sovet tarixində yeganə dahi futbolçi Eduard Streltsovu da istedadının gur çağında məhbəsə salmışdılar. Quruluş istedadların qənimi idi, onları miskin qəlibə salmaq üçün əlindən gələni edirdi.

Əmin idim ki, Pərviz özü heç vaxt dava salmazdı. Əmin idim ki, milli yemək-içmək dəyərinin aludəçiləri davanı başlamış, Pərviz isə yanlış həmrəyliyin qurbanı olmuşdu.

Xəbər tutdum ki, həbs müddətindən sonra Pərviz idmanı tərk etmiş və milli rüşvətxor kadrların beşiyi sayılan “narxoz”a girmişdi. Xəbər tutdum ki, Pərviz oranı bitirəndən sonra harada isə ambar müdiri işləyirmiş.

Onu görmək istəyim yox idi, çünki vicdan əzabı çəkirdim. Özümün heç bir günahım yox idi, sadəcə anlayırdım ki, bu böyük istedadı məhv etmiş milli dəyərin daşıyıcısı olan millətin nümayəndəsi kimi mənim də, dolayısı da olsa, günah payım var.

Günlərin birində xəbər tutdum ki, Pərviz Bayramovun ürəyi çatlamış, dünyasını dəyişmişdir.

Qeyrətli və istedadlı millət övladını qəhr edən milli dəyərlərimiz barədə düşünəndə ilk olaraq Pərviz Bayramovu xatırlayıram.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim Fikrimcəİnsan ”milli dəyər” məngənəsində