Yalçın İslamzadə: “Müəllifin adına baxanda, düşünürsən ki, hə, oxumaq olar. Davam etmək olar”
Noyabrın 23-də “Yeraltı” kitab evində aktivist Aygül Pəncəliyevanın “Modernizm, İnsan Hüquqları və demokratiya haqqında xülasə” adlı kitabı oxuculara təqdim olunub. İlk kitabını yazan müəllif kitabın yaranma səbəbini belə açıqlayıb: “İctimai sahədə fəaliyyət göstərmək insanlar üçün ilkin biliklər mövzusunda araşdırma apardım. Amma çox az məlumata rast gəldim. Ona görə, düşündüm ki, bir az uyğun ədəbiyyatları tapıb, məqalələr yazsam, yaxşı olar”.
Tədbirdə müəllifin yaxınları, aktivistlər, yazarlar iştirak ediblər. Yazarlar kitab haqqında fikirlərini bölüşüblər. Azad Yazarlar Ocağının(AYO) başqanı Namiq Hüseynov kitabı oxuyarkən, qeydlər apardığını deyib: “Misal üçün, mənə müsbət təsir edən nə idi? Bizdə insanlar, aktivistlər mübarizə aparırlar ki, bu mübarizə dinc mübarizədir və demokratik cəmiyyət qurmaq üçündür. Amma onun əsaslarını çox da bilmirlər. Bu baxımdan, məsələn, orada təşkilat maraqları, təşkilat necə qurulur. Bununla bağlı yaxşı bölümlər var idi”.
Şair Rasim Qaraca gənclərin kitab yazmasınınğ sevindirici hal olduğunu deyib: “Kitab nəşr etdirmək-bu, bir pasportdur. Yəni, artıq Aygül xanım dünənə qədər bəlkə sizin sıranızda bərabərhüquqlu bir dostunuz, arkadaşınız idisə, artıq bu kitabı yazandan sonra o, bir pillə qalxmış olur. Yəni, bunu psixoloji olaraq da, şüuraltınız bunu qeyd edir”.
Yazar Yalçın İslamzadə Modernizm haqda kitab yazılmasının önəmindən bəhs edib: “Təsadüfü olaraq burada 40-ci səhifəyə baxdım. Burada deyir ki, Budda Kasta sisteminə qarşı açıq mübarizəyə başlamışdı. Yəni, xeyirlə-şərin, azadlıqla-köləliyin mübarizəsi ta qədimdən var. Bunun qarşısını almaq üçün bir nəzəri-ideoloji baza deyə biləcəyimiz bir bilik bazası olmalıdır. Bu mənada mən kitabın dilimizə qazandırılmasını yüksək qiymətləndirirəm”.
Müəllifin anası da kitab haqda düşüncələrini bildirib: “Əlbəttə, mənim üçün fəxrdir, qürurdur ki, qızımın kitabıdır. İlk kitabıdır və gənclərə təqdim olunur. İstəyirəm ki, kitab kitab olaraq qalmasın. Bayaq yazarımız yaxşı dedi. Amma ki, istəyirəm ki, kitab yazılsın, amma o kitablar da oxunsun. Oxunsun ki, ondan nə isə bir nəticə hasil olsun”.
Tədbirdə iştirak edən oxucular kitabı yüksək qiymətləndirib .