“İnsan Hüquqları Evi” qadın fəallara hücumu pisləyir

“Görünür, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə məhəl qoymamağa davam edir”

Source: Мейдан ТВ


“Görünür, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə məhəl qoymamağa davam edir”

“Azərbaycan hakimiyyətini vətəndaşların toplaşmaq və ifadə azadlığını pozmağa son qoymağa, habelə bütün hüquq müdafiəçilərinin, o cümlədən qadın hüquq müdafiəçilərinin və gənc fəalların müdafiəsinin təmin edilməsi üçün addımlar atmağa çağırırıq”.

“Turan”ın məlumatına görə, “İnsan Hüquqları Evi” Fondunun 15 mart tarixli bəyanatında belə deyilir.

“İnsan Hüquqları Evi” Fondu Azərbaycanda qadın fəallara hücumu, o cümlədən onların şəxsi həyatına qəsd təcrübəsini pisləyir.

“Azərbaycan hakimiyyətinin hərəkətləri toplaşmaq və ifadə azadlığına davam edən qəsdin daha bir nümunəsidir. Görünür, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə məhəl qoymamağa davam edir”, – deyə sənəddə bildirilir.

Sənəddə qeyd olunur ki, 2021-ci il martın 8-də polis Bakının mərkəzində qadınların Beynəlxalq Qadın Hüquqları Gününə həsr edilmiş yürüşünü dağıdıb. Polis ən az 25 nəfəri, o cümlədən hüquq müdafiəçiləri Gülnarə Mehdiyeva və Nərmin Şahmarzadəni saxlayıb. Polis güc tətbiq edərək, saxlanılan şəxsləri zorla polis maşınlarına mindirib və bütün şəhər üzrə polis bölmələrinə aparıb.

“Hakimiyyət hələ yürüşdən əvvəl iştirakçıları saxlamağa başlayıb. Bu, Azərbaycanın əvvəllər də (xüsusən 2019 və 2020-ci illərdə iki müxalifət liderinə qarşı) tətbiq etdiyi qanunsuz təcrübədir. Yürüş başlamazdan əvvəl polis kafedə ən az iki qadın hüquq müdafiəçisini saxlayıb. Daha bir fəal etiraz aksiyasına gedərkən yolda taksidən düşürülüb. Yürüş başladıqdan sonra hakimiyyət aksiyanın keçirilməsinə icazə olmamasını əsas gətirərək, qadın hüquq müdafiəçilərini saxlamağa davam edib.

Bu tələb beynəlxalq hüquqa ziddir. Bundan başqa, icazənin olmaması polisə ictimai tədbiri dağıtmaq hüququ vermir” – bəyanatda vurğulanıb.

Daha sonra qeyd olunur ki, hüquq müdafiəçilərinin polis tərəfindən saxlanılması sosial şəbəkələrdə qadın hüquq müdafiəçilərinə qarşı bir sıra hücumlarla müşaiyət olunur. Nərmin Şahmarzadənin, Fatimə Mövlamlının, Gülnarə Mehdiyevanın və digərlərinin sosial şəbəkələrdəki hesablarının ələ keçirildiyi barədə məlumatlar yayılıb. Söhbət şəxsi audioyazıların və intim fotoşəkil və videogörüntülərin sızmasından, habelə yalan məlumatların yayılmasından gedir.

Xədicə İsmayıl və Əminə Rüstəmzadəyə (ictimai fəal İlkin Rüstəmzadənin keçmiş həyat yoldaşı) qarşı da bu təcrübədən istifadə olunub.

“”İnsan Hüquqları Evi” Fondu azərbaycanlı hüquq müdafiəçiləri, o cümlədən qadın hüquq müdafiəçiləri və toplaşmaq və ifadə azadlığı uğrunda mübarizə aparan hamı ilə həmrəydir”, deyə bəyanatda qeyd edilir.

Ana səhifəXəbərlər“İnsan Hüquqları Evi” qadın fəallara hücumu pisləyir