İçi Gürcüstan qarşısıq heç bir ölkədə Azərbaycanda olduğu qədər siyasi məhbus, peşəkar, fədakar media və vətəndaş cəmiyyəti təmsilçisi yoxdur.
Millət vəkili Qüdrət Həsənquliyev Meydan TV-yə müsahibəsində deyib ki, özümüzü gürcülərlə, hətta qazaxlar və qırğızlarla da yox, özbəklər və taciklərlə müqayisə eləmək daha doğru olardı. Onun dediklərindən belə nəticə çıxır ki, hələlik biz nə gürcülər və qırğızlar kimi inqilabi, nə də qazaxlar tədrici təkamül yoluna çıxacaq potensiala malik deyilik.
Deməli, biz olsa-olsa özbəklər və taciklər son 25 ildə dözdüyü kimi dözməliyik – hansısa gözəgörünməz əl bizi xilas etsə, xilas olacağıq. Etməsə, elə 100 illər də alnımıza yazılmış qismət kimi belə yaşayışı vərəsəliklə gələcək nəsillərə ötürməliyik.
Bu yaxınlarda yazmışdım bu barədə, yeri düşüb, bir daha xatırladıram. İyirminci əsrin Nobel iqtisadçılarından və düşüncə insanlarından biri Milton Fridman “Seçmək azadlığı” əsərində yazır ki, on doqquzuncu əsrin sonlarına doğru Yaponiyada hələ də feodal strukturlar hökmranlıq edirdi. Hökmdarlar ölkəni bütün dünyadan təcrid etmişdilər. Xarici ticarət əlaqələri ildə yalnız bir dəfə ölkəyə səfər edən holland gəmilərinin gəlişi ilə məhdudlaşırdı. Qərbdən olan insanlar ölkədə xüsusi icazə ilə yaşaya bilirdi. İnsanların ətraf dünya, müasir elm və texnologiya, çin dili istisna olmaqla heç bir xalqın dili haqda elementar bilikləri belə yox idi. Ölkədə hər hansı xarici dövlətə məxsus kapital yoxuydu.
Bu ərəfədə köhnəliyi, bütöv bir xalqın tənbəliyyə olan sevgisini qəfil dəyişən bir hadisə baş verdi – idarəetmə qəlbi milli iftixar hissi ilə dolu, durğunluq içərisində çabalayan ölkələrini qüdrətli bir dövlətə çevirməyə israrlı olan insanların əlinə keçdi – tarixə “Meydzi Yenidənqurması” kimi düşən mərhələ başladı. Cəmi 60 il sonra Yaponiya dünyanın qüdrətli ölkələr sırasına öz adını yazdıra bilmişdi.
Fridman yazır ki, istənilən halda iqtisadi və sosial tərəqqi kütlənin davranışından və xarakteristikasından asılı deyil. İstənilən ölkədə müəyyən bir azlıq hadisələrin tempini və gedişini müəyyən edir. Həmin bu azlıq ən təşəbbüskar və bütün risklərə hazır olmaqla ölkələrini inkişaf yoluna çıxarır, onlar özlərində sonra bu yolu təqlid edəcək insanlar üçün cığır açırlar.
Başqa maraqlı yanaşmalar da var: Kaliforniya Universitetinin professoru Maykl Ross “Neft Lənəti” əsərində yazır ki, 20-ci əsrin 40-cı illərinədək Koreya dünyanın ən geridəqalmış patriarxal ölkələrindən biri idi. Qadınlara nəinki gündüz vaxtlar evdən küçəyə çıxmağa icazə vardı, hətta onları insan sayıb müəyyən yaş həddinə çatanadək ad belə qoymurdilar. Qadınların cəmi 10%-i oxuya və yaza bilirdi.
60-cı illərdə Cənubi Koreyada başlanan sənayeləşmə, qadınların iqtisadiyyata cəlbi bütün ölkəni dəyişdi. Artıq 70-80-ci illərdə qadınların fəal birləşdiyi sivil toplum təşkilatları yarandı. Bu gün isə Cənubu Koreyanın başında qadın dayanır.
Azərbaycana gəldikdə, 1918-20-ci illərə getmək istəmirəm, son 30 ili götürək. 1988-1993-cü illərdə yüzlərlə etiraz aksiyası oldu, amma cəmiyyətimiz onların hamısında dinc və səviyyəli mübarizəni necə aparmağın örnəyini qoydu ortaya. Şans yarandı, özünə hakimiyyət seçmək imkanı oldu, dərhal ölkəni modern bazar iqtisadiyyatına keçirmək üçün islahatlara başladı. Bilməyənlər üçün xatırladım ki, hazırda iqtiadiyyata azad rəqbətin yaradılması, monopolyalarla mübarizə ilə bağlı qüvvədə olan qanunlar məhz həmin vaxt – xalqın öz taleyinə özü qərar vermək şansı olduğu 1992-1993-cü illərdə ortaya çıxdı.
5 il ərzində ölkədə çoxpartiyalı sistemi quran, azad medianı qolları üstündə saxlayan, yüzlərlə sivil toplum təşkilatı yaradan Azərbaycan xalqı idi. Son 25 ildə demokratik mübarizədə 1000-lərlə insanı həbsxanaya atılan, fiziki mərhumiyyətlərə məruz qalan da bizik.
İnsaf yaxşı keyfiyyətdi – bu gün içi Gürcüstan qarşısıq adını çəkdiyiniz heç bir ölkədə Azərbaycanda olduğu qədər siyasi məhbus, Azərbaycanda olan qədər peşəkar, fədakar media və vətəndaş cəmiyyəti təmsilçisi yoxdu.
Toplumlar “yaradıcı azlıq”ın idarəetməsi altında olanda qüdrətli və yaradıcı olur, “dağıdıcı azlıq”ın yönətiminə düşəndə yazıq və zəif olur…
Yazı müəllifin şəxsi mövqeyini ifadə edir…