Həmin səhnəcikdə Kalimatovun soyadı çəkilmir
“Magas” dövlət teleradio şirkəti “Instagram”da İnquşetiya rəhbəri Mahmud-Ali Kalimatovdan bəhs edən komik bir video paylaşdığı üçün “Dağ həyatı” proqramının aparıcısı Amina Amerxanovanı işdən çıxarıb.
Amerxanovanın işdən çıxarılmasına səbəb onun səhnəcikdə ofisiant rolunda müştəriylə mübahisə etməsidir.
Müştəri rolunu aparıcının anası, aktrisa Duqarxan Kodzoeva canlandırır.
Müştəriyə kimə istəsə, şikayət edə biləcəyini deyən ofisiant, bunun heç bir fərq etməyəcəyini, kimə istəsə, zəng edə biləcəyini söyləyir və sonra: “Mahmud-Ali!” – deyə bağırır.
Həmin səhnəcikdə Kalimatovun soyadı çəkilmir.
“Mash Gor” “Fortange” “Telegram” kanalına istinadən yazır ki, Amerxanova bu videonu paylaşdıqdan qısa müddət sonra işdən azad edilib.
Mash Gor həmçinin bildirir ki, Magas onu hakimiyyətin təzyiqiylə işdən çıxarıb.
“OC Media” Amerxanovadan mövqe almaq üçün əlaqə saxlamağa çalışsa da, cavab ala bilməyib.
Bununla yanaşı, Amerxanova öz sosial şəbəkə hesablarında vəziyyətlə bağlı heç bir mövqe paylaşmayıb.
“Magas” teleradio şirkətinin direktoru Şamsudin Bokov respublikanın Jurnalistlər İttifaqının rəhbəridir.
O, “İnquşetiya” dövlət qəzetinin keçmiş baş redaktoru olub, ondan əvvəl də keçmiş İnquşetiya başçısı Yunus-Bek Yevkurovun mətbuat katibi olub.
2018-ci ildə isə prezident seçkilərində Rusiya prezidenti Vladimir Putinin nümayəndəsi olub.
Siyasi motivli işdən çıxarma tendensiyası
Amerxanova ilə bağlı vəziyyət 2010-cu illərdə İnquşetiya televiziyasının aparıcıları Asya Dobrieva və Islam Tsezdoevin Yevkurov haqqında zarafat etdikləri üçün işdən çıxarılmalarını xatırladır.
Cütlük “İnstagram” hesablarında zarafatyana bildirmişdi ki, dövlət başçısı ilə söhbətə görə 1000 ₽ (10 dollar) mükafat alıblar.
İnquşetiya telekanalının direktoru Kureyş Aqasiev zarafatı xoş qarşılamayıb və aparıcıları qovmuşdu.
Az sonra Yevkurovun özü də vəziyyətdən xəbər tutaraq işə qarışdığı üçün Dobrieva və Tsesdoyev işlərinə bərpa olunmuşdular.
Digər respublikalarda da qeyri-qanuni işdən çıxarma halları var.
Vladikavkazdakı Ortodoks gimnaziyasında müəllim olan Svetlana Kotsoeva 2024-cü ilin 4 sentyabrında yeni dərs ilinin açılış mərasimində Ukraynanın bayrağı rəndə-sari ətək və mavi köynək-geyindiyi üçün arxiyepiskopun göstərişiylə işdən çıxarılıb.
Həmkarları müəllimin müdafiəsinə qalxsa da, sonda Kotsoeva məcbur olaraq öz ərizəsi ilə işdən çıxmalı olub.
Bundan əvvəl, 2022-ci ildə, Dağıstanın Derbent Muzey-Qoruğunda bir ekskursiya bələdçisi şəhər haqqında “çirkin şəkildə” danışdığı və “böyük bir millətin tarixini ələ saldığı” üçün işdən çıxarılıb.
Bələdçi Dağıstanın tarixi haqqında qeyri-rəsmi şəkildə danışdığı, xüsusən də, Rusiya imperatoru I Aleksandra “Leşka” deyə xitab etdiyi üçün xüsusi tənqid olunub.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.