İnqilab Kərimov haqqında axtarış elan edilib
————————————————————————————
İnqilab Kərimov Baş Prokurorluğun ona qarşı açdığı cinayət işi haqda “Azadlıq” qəzetinə danışıb.
O, irəli sürülən ittihamların heç bir əsası olmadığını deyib: ““Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin “Avropadakı mühacirlərə qarşı sui-qəsd hazırlanması” haqda statusuna yazdığım şərh hökuməti qəzəbləndirib. Mən Azərbaycan hökumətinin mühacirlərə qarşı soyqırım planına cavab olaraq yazmışdım. Yəni əslində, mən terrora cağırış yox, hakimiyyətin bu günə qədər ölkənin içində, indi isə hətta bir qədər də uzağa gedib Avropa ölkələrindəki mühacir fəallara qarşı mümkün məhvetmə planına cavab vermişəm. Mən harınlamış məmurların şikarı ola bilmərəm”.
Müxalif mövqeyinə və Əli Kərimlinin yaxın qohumu olduğuna görə Azərbaycan hakimiyyəti tərəfindən əvvəllər də təzyiqlərə məruz qaldığını deyən İnqilab Kərimov 2003-cü ildə saxta xuliqanlıq ittihamı ilə həbs olunduğunu yada salır. “Facebook” səhifəsindəki silah fotosuna gəlincə, bildirir ki, onu paylaşmaqda qətiyyən kimisə hədələmək niyyəti olmayıb: “O, sənədli, travmatik özünüqoruma silahıdır. Düz atmadığına görə onu söküb yudum, sonra hazır vəziyyətə gətirib stolun üstünə qoydum. Hətta şəkil çəkiləndə yadımda deyildi ki, silah stolun üstündədir.
Sadəcə, bu gün hakimiyyət onun törətdiyi cinayətləri açıb üzünə deyənləri “terrorçu” adlandırır. Halbuki, ən qatı terror Azadlıq prospektindəki binada insanları diri-diri yandırmaq kimi əməllərdir”.
Bu il yanvarın 7-də Fransada mühacir həyatı yaşayan İnqlab Qüdrət oğlu Kərimovun öz Facebook səhifəsində və kütləvi informasiya vasitələrində paylaşdığı fotoşəkildə odlu silahı – tapançanı nümayiş etdirərək ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarını onların həyatları üçün real zorakılığı özündə əks etdirən öldürməklə hədələmə məzmunlu şərhlər yayması, eləcə də “İŞİD” terror təşkilatının Azərbaycan Respublikasında terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməsi, hərəkətlərində cinayət əməllərinin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğundan Azərbaycan Respublikasının Baş Prokurorluğunda həmin faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (Terroçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin “Report”a verdiyi məlumatda belə qeyd edilib.
Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə, İ.Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.
İ.Kərimov AXCP sədri Əli Kərimlinin əmisi oğludur.