Rövşən Ağayev: “12 illik proqramların icrasından sonra hələ də ÜDM-nin təxminən 80, büdcənin 97, ixracın 98%-i Abşeron yarımadasının payına düşür”
Yanvarın 26-da ölkə prezidentinin iştirakı ilə regionların sosial-iqtisadi inkişaf proqramının 2-ci ilinin yekunlarına dair konfrans keçirilib. Bu, sayca 3-cü proqramdı.
İqtisadçı Rövşən Ağayev məsələni öz Facebook səhifəsində şərh edib:
“Artıq 12-ci ildir ki, ara vermədən regional inkişaf proqramı icra edilir. Amma çox təəssüf ki, nəticəni keyfiyyət göstəriciləri əsasında ölçərək cəmiyyətə təqdim edən bir hesabat belə hazırlanıb cəmiyyətə təqdim edilməyib. Bütün hesabatlar “output”lara (aralıq nəticələrə) əsaslanır.
Aralıq nəticə, məsələn tikilən məktəblərin, xəstəxnaların, otellərin, yaradılan müəssisələrin və s-in sayını göstərir”.
İqtisadçı deyir ki, keyfiyyət hesabatı isə “outcome”lar (son nəticələr) əsasında hazırlanan hesabatdır: “Yəni ayrıca olaraq hər bir regionda tikilən məktəblər yüksək ali təhsil alanların, texniki-peşə təhsili olanların say nisbətini necə dəyişib, beynəlxaql fənn olimpiadalarında iştirak edən məktəblərin və bu olimpiadalarda fərqlənən məktəblərin sayı necə dəyişib, tikilən xəstəxanalar ayrı-ayrı xəstəliklər üzrə ölüm sayını hansı səviyydək azaldıb, ayrı-ayrı xəstəliklərin erkən dövrdə aşkarlama faizi necə dəyişib, regionlar üzrə orta ömür uzunluğu necə dəyişib, tikilən turizm obyektləri turistlərin sayını necə dəyişib, bu turizm obyektlərinin bölgənin büdcəsində payı necə dəyişib, yeni yaradılan müəssisələrin yerli büdcəyə töhfəsi nə qədər olub, ölkənin ixracında hər bir bölgənin payı necə dəyişib, genişzolaqlı internetdən istifadə edən ailələrin ümumi ailələrdə payı necə dəyişib, hər bir region üzrə hər kvadratkilometrə düşən bərk ötüklü yolların həcmi necə dəyişib, hər 100 ailəyə düşən avtomobillərin sayı necə dəyişib. Mən hökumətin yerində olsaydım, bütün bu indikatorlar əsasında “Regionların rəqabət və inkişaf gücü” adlı bir reytinq hazırlayardım, hər il keçirilən yekun konfransa bu cür hesabatla çıxardım. Orda hər bir regionun iqtisadi inkişaf və rəqabət başarısı reytinqi aydın görünərdi… Ən maraqlısı odur ki, 12 illik proqramların icrasından sonra hələ də ÜDM-nin təxminən 80, büdcənin 97, ixracın 98%-i Abşeron yarımadasının payına düşür”.