Konsert zamanı baş verən partlayışda hadisəni törədən şəxsin də öldüyü bildirilir
Mayın 22-də İngiltərənin Mançester şəhərindəki “Mançester Arena”da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı partlayış baş verib.
“İndependent”-in məlumatına görə, partlayış nəticəsində 22 nəfər ölüb, 59 insan yaralanıb.
Polis əməkdaşı Yen Hopkins bildirib ki, hadisəni törədən şəxsin üzərinə kustar üsulla hazırlanmış partlayıcı mexanizm yerləşdirilib və partlayış törədilib. Hadisə zamanı həmin şəxs də ölüb. Onun hər hansı terror təşkilatı və dəstə ilə bağlılığı araşdırılır.
Lenta.ru bildirir ki, “İslam dövləti” terror qruplaşması terrorun törədilməsində məsuliyyəti öz üzərinə götürüb.
21 min nəfərlik tamaşaçı tutumuna malik “Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.