Avropa Birliyi miqrasiya böhranı ilə çalxalanmaqda ikən, Birliyin quruluşunun tamamilə yenilənməsinə yol aça biləcək həlledici hadisəyə – İngiltərədə keçiriləcək referenduma 1 gün qalır. 23 uyun 2016-cı ildə baş tutacaq referendum İngiltərənin AB üzvü olaraq qalıb-qalmayacağına aydınlıq gətirəcək. İngiltərənin Almaniya və Fransayla birlikdə AB-nin ən güclü üç iqtisadiyyatından biri olduğu düşünülürsə, Dumanlı Albionsuz bugünki kimi bir AB-dən danışmaq mümkün olmayacaq.
Əslində bu referendum İngiltərə-AB əlaqələri baxımından ilk deyil. O zamankı adıyla Avropa İqtisadi Birliyinə qatıldıqdan iki il sonra da, 1975-ci ildə ingilislər referenduma getmiş və “Ümumi Bazar”da qalmağa qərar vermişdilər. AB mövzusunu təqib edənlərin yaxşı biləcəyi kimi İngiltərənin üzvlüyü onsuz da hər zaman “istisnalarla” dolu idi.
Məsələn, İngiltərə AB-nin öz tarixi boyunca çatdığı ən əhəmiyyətli iki uğur olaraq qiymətləndirilən Şengen zonasına və Avroməkanına qoşulmayıb. Digər üzvlər də bu qərara hörmət göstərmək məcburiyyətində qalmışdılar. Hətta İngiltərənin “oyun pozan” rəftarı səbəbiylə 1997-ci ildə AB-nin qurucu Nizamnaməsinə “əl gəzdirilərək” səsvermə sistemində çox əhəmiyyətli bir dəyişiklik edilmişdi. Beləcə, İngiltərə əldə etdiyi “bizlik deyil’ yanaşması ilə hüquqi çərçivədə AB-nin bəzi sahələrdəki ortaq siyasətinə qatılmama imkanı əldə etmişdi.
Xüsusilə 2008-ci ildə baş verən qlobal maliyyə böhranı sonrası İngiltərədə AB əleyhdarlarının sayında ciddi artım müşahidə edildi. Anti-AB yanaşmasını öz varlıq səbəbi olaraq mənimsəyən “Müstəqillik Partiyası”nın keçən il may ayında keçirilən seçkilərdə səslərin təxminən 13% -ni alması, üstəlik, həm Mühafizəkar , həm də İşçi Partiyası içində çox sayda nüfuzlu siyasətçinin AB-dən çıxmaq istədiklərini dilə gətirmələri baş nazir Kameronu seçkilərdə söz verdiyi referendumu nəhayət təyin etməyə vadar etdi.
İngilislərin bir hissəsinin Avropa Birliyinə qarşı çıxmalarının ən əhəmiyyətli səbəbləri arasında, İngiltərənin AB-yə faydasının, AB-nin İngiltərəyə faydasından xeyli çox olması gerçəyi yatır. Digər üzv ölkələr kimi İngiltərə də toplanan vergilərin bir hissəsi AB-nin büdcəsinə köçürür. 2014-ci ildə 116 milyard avro səviyyəsindəki AB büdcəsinin 11.3 milyardlıq hissəsini İngiltərə qarşılayıb.
Yəni İngiltərə Almaniya, Fransa və İtaliyadan sonra birlik büdcəsinə ən çox ödəniş edən ölkədir. (Müstəqillik Partiyasının seçki təbliğatı broşuralarında isə bu rəqəm xeyli şişirdilib.)
Üzvlükdən çıxma mövzusunda israrlı olan ingilislərin irəli sürdüyü bir digər səbəb isə AB-nin irəlidə “Avropa Birləşmiş Ştatları”na çevrilmə arzusunun davam etməsidir. Əsasən son böhranlardan sonra indiki vaxtda Avropa Birləşmiş Ştatları ideyasından bəhs edən AB vətəndaşlarının sayında əhəmiyyətli bir eniş olsa da, AB əleyhdarı İngilislər bu mövzunu gündəmdə tutmağa və şiddətlə etiraz etməyə davam edirlər.
Çıxış girişdən də çətindir
Lissabon müqaviləsi ilə edilən dəyişikliklərdən sonra mövcud AB nizamnaməsinə görə üzv dövlət istədiyi vaxt əlini-qolunu sallayaraq AB-dən ayrıla bilməz. Anlaşmanın 50-ci maddəsinə görə üzv ölkənin ayrılma tələbini bildirməsindən etibarən iki il ərzində AB ilə o ölkə arasında aparılacaq müzakirələrin nəticəsində bir ayrılma müqaviləsinin imzalanması lazımdır.
Bu müddət tərəflərin qarşılıqlı razılığı ilə uzana da bilər. İmzalanacaq müqavilənin də, AB Parlamentindən alınacaq müsbət rəyin ardından AB Şurası tərəfindən əksəriyyətin səsi ilə təsdiqlənməsi zəruridir.
Lissabon müqaviləsi (oktyabr 2007) 50-ci maddə:
Lissabon Müqaviləsinin 50-ci maddəsi bir üzvün AB-dən ayrılma prosesini bu şəkildə tənzimləyir:
1. Hər üzv dövlət, öz konstitusiya qaydalarına uyğun olaraq Birlikdən çıxmaq haqda qərar (Denonsasiya) verə bilər.
2. Denonsasiya qərarı alan üzv dövlət, niyyətini Avropa Birliyi sammitində bildirir. Birlik, müvafiq dövlətlə Avropa Birliyi sammiti tərəfindən təyin olunan prinsiplərin işığında, bu dövlətin birlik ilə gələcəkdəki əlaqəsinin çərçivəsini nəzərə alaraq, Denonsasiya prosesiniı müəyyən edən qarşılıqlı razılaşmanı müzakirə edir . Bu razılaşma Avropa Birliyinin fəaliyyəti haqqında Anlaşmanın 218-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq müzakirə edilir. Razılaşma Birlik adına Avropa Parlamentinin razılığını aldıqdan sonra, Şura tərəfindən səsvermə ilə təsdiq edilir.
Bremain” “Brexit” “ə qarşı
İngiltərədə Avropa Birliyi üzvlüyündən ayrılmağı müdafiə edənlər “Brexit” olaraq adlandırılır. Britaniyanın İngiliscəsi “Britain” ilə “çıxış” sözünün İngiliscəsi olan ‘exit’dən ibarət düzəltmə söz. AB üzvlüyündə qalmağı müdafiə edənlərə isə “Bremain” deyilir. Yenə Britaniya ingiliscəsindəki ‘qalma’ — ‘remain’ sözündən ibarət düzəltmə söz.
Bu hissədə İngiltərənin Avropa Birliyi (AB) üzvlüyündən çıxıb çıxmayacağını təyin edən xalq referendumu çərçivəsində “Brexit” və “Bremain” müdafiəçilərinin önə sürdüyü arqumentlərə diqqət yetirək, həm də vəziyyət haqda qənaətlərimizi deyək.
İngiltərə Baş naziri David Kameron çıxışlarında Avropa Birliyindən çıxmağın İngiltərə üçün “geriyə dönüş” və İŞİDİ xoşbəxt edəcək hadisə olacağını vurğulayır.
Londonun sabiq meri Boris Conson isə sabitliyi (!) yoxedici və kosmopolitizmi təşviqedici meyllərə yönəldiyi iddiasıyla Brüsseli ittiham edir. İngiltərənin XIX əsrin “Millət-Dövlət” dövrünə qayıtmasını arzu edən Consona görə İngiltərə AB-dən çıxarsa ölkə təhlükəsizliyi daha əmin hala gələcək.
Yaxşı, Birlik içində qalmaqmı, yoxsa Birlikdən çıxmaqmı İngiltərəni daha etibarlı hala gətirəcək?
Problem də ondadır ki, məhz bu sualın cavabını kimsə bilmir. Brexit reallaşarsa İngiltərənin müdafiə və təhlükəsizlik əlaqələri əhəmiyyətli ölçüdə inkişaf edəcək, ya da pozulacaq deyə bir şey yoxdur. Aydın olan tək həqiqət budur ki, nəticə nə olarsa olsun, İngiltərə Avropalı müttəfiqləri ilə ikitərəfli yaxşı müdafiə əlaqələriylə NATO-nun əsas üzvü olmağa davam edəcək.
Çünki “suverenliyi” özlərinə baş şüar seçmiş Brexit tərəfdarları da yaxşı bilir ki, xarici təhdidlərə qarşı Avropaya ən güclü zəmanət verən təşkilat NATO-dur.
Birlikdə qalma kampaniyasının müdafiəçiləri İngiltərənin gələcək iqtisadiyyatı mövzusunda daha inandırıcı tezislərə sahibdir. İngiltərə Mərkəzi Bankı, BMF və ya OECD kimi bir çox beynəlxalq maliyyə təşkilatı ölkənin AB-də qalmasının iqtisadi inkişaf baxımından daha yaxşı imkan açacağı yönündə qənaətlərini bəyan ediblər.
Brexit tərəfdarı iqtisadçılar isə AB-dən ayrılma reallaşdığında İngiltərənin Avropa xarici ticarət həcminin artacağını müdafiə edirlər. Halbuki, əgər qərar birlikdən çıxmaq yönündə olarsa malların və insanların sərbəst dövriyyəsi ilə əlaqədar vahid bazar müqavilələrinin hamısı qüvvədən düşmüş olacaq. İngiltərə 50-dən çox ticarət razılaşmasını tək-tək hər üzv ölkə ilə yenidən imzalamalıdır. Bu isə illər alacaq uzun bir müddət deməkdir.
Miqrasiya problemi
Miqrasiya problemi İngilis seçicinin səsinə təsir edəcək ən əhəmiyyətli faktorlardan biri olacaq. Brexitçilər AB-nin “sərbəst hərəkət” qanunu sayəsində miqrasiya probleminin idarəolunmaz hala gəldiyini iddia edirlər.
Geopolitik təsiri
İngiltərənin bu günün dünya siyasəti üzərindəki mövqeyi referendumda müzakirəyə açılan bir başqa mövzu. Brexitçilər Birləşmiş Krallığın AB-dən ayrılmasıyla yenidən müstəqilliyinə qovuşacağını və “Üzərində günəş batmayan imperatorluq” günlərinə geri dönəcəyini iddia edir.
AB-də qalma tərəfdarları isə əgər birlikdən çıxılırsa İngiltərənin beynəlxalq mövzularda təsirini itirəcəyini bildirirlər. ABŞ prezidenti Barak Obama daxil bir çox dünya lideri İngiltərənin AB-də qalması lazım olduğu istiqamətində açıqlamalar verib. Almaniya xarici işlər naziri Ştanmayer isə İngiltərənin birlikdən ayrılması vəziyyətində AB-nin də çox keçmədən dağıla biləcəyi xəbərdarlığını edib. Fransa isə, hər zamankı kimi öz “optimist”liyini qoruyur. Təxminən “çıxsa nə olur, çıxmasa nə olur?!” şəklində.
Bir sözlə, İngiltərədə baş tutacaq referendumun nəticəsi təkcə İngiltərənin, Avropa Birliyinin yox, bütün dünyanın indiki xaotik düzəninə həlledici dərəcədə təsir edəcəkdir. Bu təsir isə AB-nin mövcudluğunu hansı parametrlərə endirəcəyindən və ya yüksəldəcəyindən, yəni referendum sonrası İngiltərənin AB-də qalıb-qalmayacağından asılı olacaq.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.