vaksin

Mənbə: Meydan TV

Başlıq: vaksin

İnfeksionist: Üçüncü dozanın tətbiqi ölüm hallarının qarşısını alacaq

Adil Qeybulla: "Elə bir situasiya yarana bilər ki, peyvəndləmə icbari xarakter daşıyar"

“Pandemiya bitməyib, yoluxmalar davam edir. Belə olduğu halda, dördüncü dozanın tətbiq ediləcəyi ehtimalı var”.

Bunu infeksionist Vüqar Cavadzadə Meydan TV-yə Azərbaycanda üçüncü dozanın vurulacağını şərh edərkən deyib.

Səhiyyə Nazirliyi bir sıra ölkələrin vaksinasiya təcrübəsinə əsaslanaraq bugünlərdə qərar qəbul edib.

Qərara əsasən, xəstəliyi keçirən və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

Eyni zamanda, peyvəndlənmiş vətəndaşlar, ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

İnfeksionist Vüqar Cavadzadə deyir ki, üçüncü dozanın tətbiqi ölüm hallarının qarşısını alacaq: “Birinci və ikinci doza vaksindən sonra yaranan antitellər qanda təqribən altı ay müddətində qalır. İlk üç ayda yüksək qoruyuculuğa sahib olur, daha sonra isə azalmağa doğru gedir. Altı aydan sonra isə qanda itir. Sonrakı müddətdə insan koronavirusu ağır keçirə bilər. Məhz buna görə də üçüncü dozanı vurdurmaq lazımdır. Bu gedişlə, dördüncü dozanın vurulması da qaçılmazdır”.

Vüqar Cavadzadə

Vüqar Cavadzadə

Mənbə: report.az

"Üçüncü doza vaksin immunitetin artırılması üçündür"

Azərbaycan Həkimləri İctimai Birliyinin sədri, tibb elmləri doktoru Adil Qeybulla hesab edir ki, vaksinasiyaya loyal yanaşmaq lazımdır: “Burada başqa bir maraq yoxdur. Üçüncü doza vaksinin vurulması immunitetin artırılması üçündür. Yəni vaksin olunmuş şəxslərdə altı aydan sonra əlavə doza vurulması, immunitetin uzanmasına xidmət edir. Üçüncü vaksinin vurulmasının vətəndaşın seçimi və ya zəruri olması məsələsinə gəlincə, elə bir situasiya yarana bilər ki, peyvəndləmə icbari xarakter daşıyar. O zaman seçim vətəndaşda olmur. Amma hələlik seçim vətəndaşdadır, hesab edirəm ki, bu şansdan istifadə məqsədəuyğundur. Peyvənd olunmaqla bağlı gəzən şayiələrin böyük əksəriyyəti mənasız və əsassızdır”.

Son zamanlar dünyada peyvəndlərin qarışdırılaraq vurulması gündəmə gəlib. Çoxu bunun daha effektli olduğunu düşünür və bu cür peyvənd olunanlar var. Türkiyə Klinik Mikrobiyoloji və Yoluxucu Xəstəliklər Dərnəyi isə tövsiyə edib ki, üçüncü doza “Pfizer” olsa daha yaxşıdır. Lakin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş eksperti Soumya Svaminathan (Soumya Swaminathan) fərqli istehsalçıların COVID-19 peyvəndlərini qarışdıraraq vurmağı təhlükəli hesab edib.

Adil Qeybulla

Adil Qeybulla

Mənbə: Meydan TV

"Adam iki doza “Sinovac” vurdurubsa, üçüncünü “Pfizer” vurdura bilər"

Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev isə düşünür ki, iki müxtəlif peyvəndin vurulmasına qarşı çıxmaq yanlışdır: “Əgər bir adam iki doza “Sinovac” vurdurubsa, üçüncünü “Pfizer” vurdura bilər.

Bununla bağlı kifayət qədər təcrübə var, əks təsir isə yoxdur. Çox təəssüf ki, dünyada anti-peyvənd kampaniya aparılır. Bu da insanlarda müəyyən qədər panika yaradır.

Vaksin olunan əksər insanlarda heç bir yan təsir olmayıb. İllərlə hamımız müxtəlif peyvəndlər vurdurmuşuq. Bunun da heç bir fəsadı olmayıb.

Onu da deyim ki, mən peyvəndləmənin məcburi olmasının tərəfdarıyam, çünki bu xəstəlik yoluxucudur. Hamımızın sosial məsuliyyətimiz var. Ola bilər ki, biz xəstəliyi yüngül keçirərik. Amma iş yerində, ailəmizdə, yaxud qohumlarımızda ağır şəkərli diabet, ürək xəstəsi, böyrək çatışmazlığı, onkoloji və sair başqa ağır xəstəliyi olanları yoluxdurub, onların həyatını itirməsinə bais ola bilərik. Necə deyərlər, sonrakı peşmanlıq da fayda verməz. İnsanlar bu məcburiyyəti başa düşməlidir”.

Aydın Əliyev

Aydın Əliyev

Mənbə: İTV

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB iyulun 14-də növbəti açıqlama yayıb.

Bildirilib ki, “Peyvənd sertifikatı” müddətsizdir. 02 iyul 2021-ci il tarixindən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. İyulun 2-dən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdır.

“Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq”, - səhiyyə qurumlarının açıqlamasında bildirilir.

Məlumatda həmçinin qeyd edilir ki, “Buster” - qüvvətləndirici doza deməkdir. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara - tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər - 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.

Tədqiqatlara görə, qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul edilən 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər.

Peyvəndə əks göstərişi olan şəxslərə gəlincə, həmin şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

Azərbaycanda 2021-ci il yanvarın 9-dan peyvəndlənmə başlanıb.

Ölkədə 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/v9djq1

Ən çox baxılan