Seymur Həzi

Mənbə: Meydan TV

Başlıq: Seymur Həzi

Çin(dən) çıxan kabuslar

Pekin Ümumdünya Səhiyyə Təşkilatı ilə niyə işləmir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri açıqladılar ki, Çin hökuməti Vuhan şəhərində COVİD-19 virusuna ilkin yoluxmalara dair məlumatları bu təşkilatdan gizlədib.

"Gizlədib" deyəndə, belə çıxır ki, deyiblər: “Yoxdur”.

Qısaca, açıq-aşkar vermədiklərini və ya vermək istəmədiklərini bəyan ediblər.

Bu olaydan bir az qabaq isə ABŞ prezidenti Cozef Baydenlə Çin Xalq Respublikasının prezidenti Si Dzinpin arasında telefon danışığı olmuşdu.

Bu danışıqlardan sonra Çin rəhbərinə aid olan belə bir fikir yayılmışdı.

O deyir: “ABŞ-Çin qarşıdurması təkcə bu ölkələr üçün deyil, bütün dünya üçün böhran ola bilər”.

Siz bu fikirləri necə başa düşdünüz: bu, proqnozdur, ya hədə? Bu, niyyətin bəyanıdır, ya xoşgörüdən, sülhsevərlikdən doğan açıqlama? Görünən odur ki, indi sözün bütün mənalarında kabuslar “Çin çıxmaqdadır”.

ÜST-dən imtina nə deməkdir?

Bütün dünya bilir ki, COVİD-19 virusunun yayılmasında xeyli spekulyativ fikirlər var. Ona görə “spekulyativ” sözündən istifadə edirəm ki, biz bu bir-birinə yaxın olan fikirlərin hansının qərəzdən, hansının elmi şübhələrdən, hansının kəşfiyyat məlumatlarından yarandığını və bir-biri ilə necə belə həmrəng olduğunu və ya edildiyini bilmirik.

Ona görə də düşünürük ki, bu iddiaların içərisində əsaslıları da, əsassızları da ola bilər. Amma bunları ayırd etməyin, həqiqəti gün işığına çıxarmağın tək yolu var, o da araşdırmadır. Birlikdə qlobal mahiyyətli bir problemin kökünə doğru addımlamaq, onun necə yayıldığını, şaxələndiyini öyrənmək, mənşəyini dəqiqləşdirmək, yenidən dirilmək ehtimalı varsa, onu öyrənmək, qarşısını almaq üçün çalışmaq. Amma Çin bundan imtina edib. Deməli, burada başqa məslələr də var. Nə kimi? Bir qədər sadə bənzətmə ola bilər, amma bu təxminən kriminal verlişlərindəki səhnələri xatırladır. Yaxın qohumunu qətlə yetirmiş biri istintaqa məzarı açıb, tədiqiqat aparmağa imkan vermir. Bilir ki, oradan onun izləri çıxacaq. Çox qəribədir: Çin niyə bu sadə versiyanın dillər əzbəri olacağından qorxmur? Əslində, bu qənaətə gəlmək üçün çox dərin ağıl da lazım deyil. Çünki cəmisi iki variant var; ya Çin bəyan edir ki, kim nəyi araşdırmaq öyrənmək istəyirsə, buyursun, tövhə versin, çünki bu həm də Çin üçün mənəvi məsələ olmalıdır, bu bəla oradan dünyaya yayılıb və milyonların canını alıb. Ya da Çin heç bir mənəvi yük hiss etmədən bu araşdırmlara imkan vermir, çünki şüurlu olaraq nəticənin necə ola biləciyini əvvəlcədən bilir və bunu məqsədəuyğun saymır.

Çin lideri nə deyirdi?

Kommunist liderin açıqlaması əslində heç bir proqnoz-filan deyil. Bu, açıq hədədir. Bu qənaətə gəlmək üçün yuxarıdakı təhlil bizə bəzi tezisləri verir. Birincisi, Çin baş verənlərdən narahat deyil. Narahat olsaydı, dünyanı ağuşuna alıb udmağa cəhd edən bu bəlanın qarşını almaq üçün əməkdaşlıqdan yayınmazdı. Əgər bunu edirsə, deməli, Pekin üçün bu seçilmiş yoldur. Bu zaman o, ABŞ-la qarşıdurmanı niyə bütün dünya üçün böhran sayır? Deməli, ya daha ciddi hücum imkanlarını gözdən keçirir? Ya da ABŞ ətrafında yaranmış boşluğun yenidən dolmasını və bərkimısini istəmir, müttəfiqləri və dünyanı təhdid edir. Bunun qarşısını almaq mümkün olacaqmı? Əlbəttə, hazırda həm də Rusiya ilə toqquşmaqda olan Birləşmiş Ştatlar üçün iki cəbhədə savaş elə də asan olmayacaq. Amma bu daha çox asılı olacaq dünya xalqlarının bu savaşda ağları, yoxsa qaraları seçməsindən...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/368mia

Ən çox baxılan