”İndiki hökumətlə ”Strateji Yol Xəritəsi”ni həyata keçirmək qeyri-mümkündür”


Vahid Əhmədov: Böhrandan tamamilə çıxmamışıq


Millət vəkili Vahid Əhmədovla gündəmin siyasi-iqtisadi məsələlərini müzakirə predmetinə çevirdik. Rusiya xarici işlər naziri Sergey Lavrovun yanvarın 17-də məlum açıqlaması mətbuatın və sosial şəbəkələrin hədəfində oldu. Ancaq Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini olduğundan ölkənin mövcud sosial-iqtisadi böhranıyla bağlı yaranan suallara da cavab almağa cəhd etdik.


– Vahid müəllim, Rusiya xarici işlər naziri Sergey Lavrovun “Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlar həyata keçirə bilməz və bu, Bakının daxili işi deyil” açıqlaması ilə tanışsınız. Onun söylədiklərini və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun cavabını necə qiymətləndirirsiniz?

– Ümumiyyətlə, Sergey Lavrovun mətbuat konfransında səsləndirdikləri bir xülyadır. O, Rusiya hökumətinin sözçüsü kimi deyir ki, məsələ sülh yolu ilə həll olunmalı və heç bir müharibədən söhbət gedə bilməz. Azərbaycanın dövlət rəhbərləri var, müstəqil dövlət kimi müstəqil siyasət aparırıq. Bu siyasət Rusiya da daxil olmaqla bir sıra dövlətlər tərəfindən yaxşı qəbul olunmur. Dövlət başçısı İlham Əliyev bir neçə dəfə bildirib ki, Azərbaycan çox ciddi şəkildə ordu quruculuğu ilə məşğuldur, hər il orduya külli miqdarda vəsait ayrılır, bir sıra dövlətlərlə çox sıx şəkildə hərbi sahədə əməkdaşlıq edir və ordumuz günü-gündən güclənir. Burda əsas məqsəd həm müstəqilliyi qoruyub saxlamaq, həm də lazım gələrsə işğal altında olan əraziləri güc yoluyla azad etməkdir. Bir dəfə bu barədə danışmışam, ATƏT və başqa təşkilatların vasitəçiliyilə aparılan sülh danışıqları boş şeylərdir. Azərbaycan işğal olunmuş ərazilərini yalnız müharibə yolu ilə azad edəcək və bu, qaçılmazdır. Artıq bunun məqamı yaxınlaşır. Əgər Rusiya xarici işlər naziri belə bir bəyanatla çıxış edirsə, ondan da əvvəl Kollektiv Təhlükəsizlik Təşkilatının katibi Boryuja “Dağlıq Qarabağ Respublikası” ifadəsi səsləndirirsə, vəziyyət məlumdur. Düzdür, xarici işlər naziri Elmar Məmmədyarov ona sərt cavab verdi. Bir məsələ də var, yanvarın 20-də Amerikada yeni seçilən prezident Donald Trampın inaqurasiyasıdır. O, prezident fəaliyyətinə başlayandan sonra hansı istiqamətdə addımlar atacaq, dünya siyasətində nə cür problemlər yaranacaq və bu gedişat hansı istiqamətdə gedəcək, hələ gözləmək lazımdır. Ona görə də Lavrovun bəyanatı qəbuledilməzdir, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasətini aparır və lazım olanda da ərazilərini azad edəcək.


– Sabiq baş nazir, general Lebed Məshədov hökumətini tanısa da, Rusiya 90-cı illərin sonunda Çeçenistanda hərbi əməliyyatlar keçirdi. Çox qəribədir ki, Gürcüstan, Ukrayna, Moldova öz ərazi bütövlüyü üçün belə addımlar atanda, Kreml bunun onların daxili işi olmadığını deyir. Bu cür bəyanatlar Moskvanın SSRİ-yə qayıdış istəyindən doğmurmu?

– Rusiyanın SSRİ-yə qayıdış istəyi çoxdan var. Xüsusilə Vladimir Putin ikinci dəfə prezident seçiləndən sonra özü bunu gizlətmədi və onun sözçüsü olan Jironovskinin dilindən bir neçə dəfə bu barədə fikirlər eşitdik. Bir daha deyirəm, bunlar hamısı boş şeylərdir, SSRİ adda belə bir ittifaqın bərpa olunması qeyri-mümkündür. Azərbaycanın Dağlıq Qarabağda əməliyyat aparmasına gəlincə, heç kim buna mane ola bilməz. 2-4 aprel hadisələrini xatırlayın, Ermənistan müqavimət göstərmək istədi, alınmadı, Azərbaycan torpaqlarının müəyyən hissəsini azad etdi. Yenə də Rusiya məsələyə qarışdı və Azərbaycandan xahiş etdi ki, müharibəni dayandırsın. Amma Azərbaycan müharibəni dayandırmaya da bilərdi, cənab prezident Moskvanın qarşısında müəyyən şərtlər qoyaraq məsələni həll etdi. Ancaq Rusiya da başa düşməlidir ki, müstəqil siyasət aparan Azərbaycan dövləti gec-tez öz torpaqlarını azad etməlidir. Rusiya indi də Çeçenistanda və başqa yerlərlə anti-terror əmıliyyatları keçirir. İnanırıram ki, sabah Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatı keçirsə, Rusiya bu məsələyə müdaxilə etməyəcək. Çünki Azərbaycanın haqq səsinin müdafiə edən Türkiyə və başqa dövlətlər var.


– Amma 2008-ci ilin avqustunda Gürcüstan öz ərazi bütövlüyünü bərpa etmək istəyəndə Rusiya oraya qoşun yeritdi. Oxşar president Azərbaycanla bağlı yaşanmazmı?

– President həmişə yarana bilər və bu, Azərbaycanın qüdrətindən, ordunun səriştəliyindən, dövlət başçısının apardığı siyasətdən asılıdır. Beynəlxalq və yerli tədbirlərdə dövlət başçısı bir neçə dəfə qeyd edib ki, sülh yolu alınmasa, uzun müddət gözləyə bilmərik, müharibə variantı da olsa, ərazilərimizi azad edəcəyik.


– Söhbətimizin yönünü dəyişək, iqtisadi suallara keçək. Üzən məzənnə ilə tam üzən məzənnə arasında nə fərq var? Ümumiyyətlə, manat üzürmü?

– Manatın çox qəribə taleyi var. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına və yerli valyutasına ciddi təsir etdi. 2015-ci ildə manat iki dəfə devalvasiyaya uğradı və bu amil də iqtisadiyyata mınfi təsirini göstərdi. Ümumiyyətlə, hökumət zamanında bunları hesablamalıydı. Mütamadi olaraq Milli Məclisdə büdcənin müzakirəsi zamanı deputat kimi bu məsələlərə toxunurdum. O zaman da deyirdik ki, neft dollarının daxil olduğu zamanda qeyri-neft sektoru inkişaf etdirilməlidir. 2004-cü ildə “Gülüstan” sarayında regionların iqtisadi inkişaf sənədi müzakirə olunarkən cənab prezident hökumətin qarşısına iki məsəyə qoydu: qeyri-neft sektorunun inkişafı və ərzaq təhlükəsizliyinin təminatı. Çox təəssüflər ki, 12 il ötsə də, Azərbaycan indiki problemlə üzləşdi. Manatla bağlı suala gəlincə, manat çoxdan sərbəst buraxılmalıydı. İki il əvvəl Qazaxıstan və Rusiya belə bir qərar verdi, hazırda rubl və təngə tələb və təklifə uyğun olaraq öz yerini tutub, müəyyın qədər də inkişafa təkan verdi. Ancaq Azərbaycanda əksinə oldu və Mərkəzi Bank manatın qorunmasına 12 milyarda yaxın vəsait xərclədi. Hansı ki, həmin vəsaiti sahibkarala, real sektorun inkişafına ayırmaq olardı. Demək istəyirəm ki, manatla bağlı əvvəlki yanaşma səhv idi. İndi isə Mərkəzi Bank üzən məzənnəyə keçdiyini elan edib. Bilirsiniz, manat bazarda öz dəyərini almalıdır, bu, bizdən asılı deyil, bazar iqtisadiyyatının qanunu belədir. Nə qədər tələb və təklif uyğun gəlməsə, belə də davam edəcək. İndi də Mərkəzi Bank manatın qorunması üçün müəyyın qədər vəsait xərcləyir, buna ehtiyac var. Çünki cənab prezident tərəfindən “Strateji Yol Xəritəsi” təsdiqlənib, bunun üçün külli miqdarda vəsait lazımdır. Ona görə manatı müəyyən qədər qorumağa çalışırlar. Amma manatı qoruyub saxlamaq mümkün deyil. Manatın arxasında iki məqam var: birinci, idxal-ixrac əməliyyatıdır. Əgər Azərbaycanda idxalı azaldıb ixracı üstələyə bilsək, bu, manata təsir edəcək. İkinci, neftin qiyməti, əgər dünya bazarında qiymət kəskin artarsa, vəziyyət dəyişə bilər. Amma mən qiymətin artacağına inanmıram. ABŞ prezident Donald Tramp da seçkilər ərəfəsində neft ixracına təkan verəcəyini vurğulamışdı. Ona görə biz neftin qiymətinin nə vaxt artacağını gözləməməliyik. Əsas məsələ qeyri-neft sektorunun inkişafı və paralel olaraq idxalı azaltmaq, ixracı artırmaq lazımdır.


– Əgər büdcə kiçilibsə, banklar pis durumdadırsa, iqtisadiyyata investisiya qoyulmursa, iqtisadi artım necə baş verəcək?

– İqtisadi artımın baş verməsi yalnız büdcədən asılı deyil. Birincisi, büdcənin xərclərinə fikir vermək, nəzarət mexanizmini qorumaq lazımdır. Bununla bərabər “Maliyyə nəzarəti haqqında” qanunu və Rəqabət Məcəlləsini qəbul etməli, inhisarçılıq, korrupsiya aradan qaldırılmalıdır. Yaz sessiyasında “Maliyyə nəzarəti haqqında” qanunun və Rəqabət Məcəlləsinin qəbul olunmasını istəyirik. Hesablama Palatası haqqında yeni qanun qəbul olunsun ki, nəzarət mexanizmi daha da güclənsin. İkinci, Azərbaycanda bir sıra sənaye parkları yaradılıb və bunların bəhrəsini iki-üç ildən sonra görəcəyik. Ona görə qarşıdakı iki-üç ilin yumşaq keçməsinə çalışmaq lazımdır. Xərc məsələsində iki məsələyə fikir vermək lazımdır; Bakı-Qars dəmiryolunu tikib qurtarmalıyıq, TANAP layihəsini gələn il yekunlaşdırmalıyıq.


– İdarəetmə islahatları olmazsa, iqtisadi addımlar effekt verə bilərmi?

– Xeyr, mümkün deyil. “Strateji Yol Xəritəsi”ni icra etmək üçün mütləq struktur, institusional və kadr islahatlarına getmək lazımdır. Bunlar gerçəkləşməsə, indiki hökumətlə “Strateji Yol Xəritəsi”ni həyata keçirmək qeyri-mümkündür. Bu yaxınlarda cənab prezident islahat üzrə Natiq Əmirovu təyin etdi, savadlı insandır, “Strateji Yol Xəritəsi”nin hazırlanmasına rəhbərlik edib. Belə kadrları gətirmək lazımdır. İkinci, islahatçı kadrlarla bərabər texnokratlara ehtiyac var.


– Prezident baş nazir Artur Rəsizadəyə islahatlar proqramının hazırlanması haqda 15 gün vaxt vermişdi, zaman çoxdan bitsə də, heç bir reaksiya yoxdur…

– 15 gün vaxt manatla dollar arasındakı problemi müəyyən qədər həll olunması üçün verilmişdi. Proses müəyyən qədər öz həllini tapır, artıq “Starteji Yol Xəritəsi”ndə də məsələ qoyulub. Ancaq bu məsələlər 2-3 günə həll olunası deyil


– Ümumiyyətlə, mövcud hökumət komandası bunların öhdəsindən gələ biləcəkmi?

– Söhbət yalnız indiki hökumətdən getmir. Sentyabrın 26-da referendum keçirilib və nəticədə vitse-prezident institutu tətbiq olundu. Hökumətə də normativ sənədlərin hazırlanması üçün vaxt verilib, martın sonu bu vaxt bitir. Yəqin ki, vaxt bitəndən sonra vitse-prezidentlər təyin olunacaq və səlahiyyətlər aşkarlanacaq. Biz kimlərin təyin olunacağını gözləyirik, Azərbaycan cəmiyyətində kifayət qədər siyasi-iqtisadi həyatı bilən nüfuzlu insanlar var. Onlar gəlməlidir ki, islahatları həyata keçirmək mümkün olsun.


– “Strateji Yol Xəritəsi” uzun zaman üçündür, 2025-ci ildən söhbət gedir, bəs yaxın iki-üç ildə hansı addımlar atılmalıdır?

– Xeyr, yalnız uzun zaman deyil, sənəddə 2016-20-ci illəri də nəzərdə tutur. Söhbətimizin əvvəlində dedim, əsas məqsəd 2017-18-ci illərdən normal, ağrısız çıxaq, müəyyən iqtisadi artıma nail olaq. Dövlət başçısı bu yolları bilir, bu gedişatda yalnız iqtisadi islahatlar nəzərdə tutulmur, kadr, siyasi, məhkəmə bura daxildir. Məhkəmə islahatı aparılmadan ciddi uğura nail olunmayacaq. Kompleks yanaşma olmalıdır ki, 2017-ci ili normal başa vuraq və növbəti il müəyyən artım olsun.


– Vahid müəllim, prezident böhrandan şərəflə çıxdığımızı deyir, iqtisadçılar isə böhranın yeni başladığını söyləyir. Bu barədə nə deyə bilərsiniz?

– Böhran ili deyəndə, 2016-cı il Azərbaycan üçün çox ağır oldu. Milli valyutanın devalvasiyası davam etdi, kəskin ixraca nail olunmadı, idxalın səviyyəsi azalmadı, insanların həyat səviyyəsində problem yarandı, nəhayət, kommunal xərclər artdı. Ona görə hesab edirəm ki, böhrandan tamamilə çıxmamışıq. Amma aparılan islahatlar, verilən fərmanlar, həyata keçirən tədbirlər, müəyyən vergi amnistiyası yaranmış durumdan ümidlə çıxmağa imkan yaradır.


– Son olaraq prezidentin Nazirlər Kabinetinin müstəqil iqtisadçılar haqda sərt ifadəsinə münasibətinizi bilmək istərdim. Dövlət başçısı müstəqil iqtisadçıları iki uzunqulağın arpasını bölə bilməməkdə ittiham etdi. Prezident haqlıdırmı?

– Mən deyə bilımərəım ki, cənab prezident kimi nəzərdə tutub. Ancaq Azərbaycanda çox görkəmli iqtisadçılar var. “Strateji Yol Xəritəsi”nin hazırlanmasında biz deputatlarla bərabər həmin müstəqil iqtisadçılar da iştirak edib. Bir daha deyirəm, Azərbaycanda həm xaricdə oxuyub gələn, həm də yerli təhsil müəssisələrini bitirən görkəmli iqtisadçılr var. Amma iqtisadçılar arasında bəziləri var ki, Azərbaycan iqtisadiyyatını istənilən zaman ağır durumdan çıxarılmasını mümkün sayırlar. Kitabla real iqtisadiyyat fərqli məsələlərdir, yazılanları həyata keçirmək çox çətindir. İqtisadçılar danışanda məsələnin praktiki tərəfini də düşünməlidirlər. Bununla belə Azərbaycan iqtisadiyyatını bilən görkəmli şəxslər var, onlar müəyyən tənqidlər də edirlər və bu tənqidi də düzgün qəbul edib, onların potensialından istifadə etmək lazımdır.

Ana səhifəVideo”İndiki hökumətlə ”Strateji Yol Xəritəsi”ni həyata keçirmək qeyri-mümkündür”