Aprelin 19-da əla bir tədbirə qatılmışdım. Yeriniz məlum olsun, vətəndaş cəmiyyətinin vəziyyəti müzakirə olunurdu. Bu cəmiyyətin ulduzları Qubad İbadoğlu, Ələskər Məmmədli, Mehman Əliyev və Arzu xanım Abdullayeva bu vəziyyəti elə təsvir etdilər ki, duyğulu insan gərək dəsmal götürüb ağlayaydı. Nəzərə alsaq ki, zala duyğusuz, daha açıq desək, Azərbaycan hakimiyyətinin yaratdığı mühitə alışmış insanlar toplaşmışdı, heç kəs dəsmal götürmədi və ağlamadı.
Ə, bə nə etdi? Müzakirə apardı.
Hakimiyyət bu təhlükəli vətəndaş cəmiyyətini ram etmək, ram olmayanları məhv etmək üçün hansı hüquqi, maliyyə və inzibatı oyunlardan çıxıb, bu yetim-yesir QHT fəallarının başına hansı həngamələri açıb, məruzəçilər öz çıxışlarında atüstü təsvir etdilər. Atüstü ona görə deyirəm ki, hakimiyyətimizin bu nəhəng işini dolğun təsvir etmək üçün hər bir məruzəçi gərək azı bir saat danışaydı. Bakı Mətbuat Mərkəzinin (BMM) bir saatlıq icarə pulu isə, Qubad bəyin məlumatına görə, 30 manatdır. Büdcənin qıtlığına görə hakimiyyətin bu sahədə əzəmətli işi yalnız tezis şəklində təsvir edildi.
Tezislərdə qanunlara edilmiş antikonstitusion 26 mürtəce əlavə və dəyişiklik, kasıb QHT-lərin hesablarının dondurulması, donor təşkilatlarına qarşı qadağa və məhdudiyyətlər, artıq-əskik danışan ictimai fəalların və jurnaistlərin, həmçinin onların qohumlarının həbsi, onlara qarşı cinayət işlərinin açılması, onların iqtisadi blokadaya alınması, cəmiyyətin gözündən salınması məqsədilə müxtəlif təxribat səciyyəli tədbirlərin təşkili, yəni milli hakimiyyətimizin cahanşümul fəaliyyəti əsla tam olmayan şəkildə təsvir edildi.
Bu təsvir Prezident Aparatının ictimai və siyasi təşkilatlarla iş şöbəsinin əməkdaşı, vaxtilə QHT sahəsində çalışmış, xaricdə təhsil almış və xarici dil bilən əməkdaşı Gülsər xanımı rəncidə etdi. Gülsər xanım hakimiyyətin total müdafiəsinə qalxdı. Hakimiyyətin incitdiyi fəallar da onu öz acı qismətlərinin nümunəsi ilə məzəmmət etməyə başladılar.
Sizin həqir bəndəniz də bu vur-çatlasına baxıb düşünürdü: nəyin müzakirəsini aparırsınız? 2×2 edər 4. Bunumu müzakirə edirsiniz?
Axı QHT nədir? Mərhum Ulu Öndər, yaxşı yadımdadır, hakimiyyətdə möhkəmlənəndən sonra Şura hökumətinin bütün qaydalarını tətbiq etməyə çalışdı. Bir də gördü ki, onun bu nəcib işinə ciddi əngəl törədən təşklatlar var. Əsəbiləşib televiziyada ətrafından soruşdu ki, “Bu vətəndaş cəmiyyəti nədir?” Təbii ki, onun ətrafında savadlı adamlar var idi (Səfa Mirzəyev, Şahin Əliyev və s.), onlar ahəstə pıçıldadılar ki, “Cənab Prezident, postşüra dövründə bu QHT-lar xoşagəlməz, lakin qaçılmaz bir gerçəklikdir.”
Onda da Ulu Öndər lazımi adamlara tapşırdı ki, bu xoşagəlməz gerçəkliyi bizim milli hökumətin meyarlarına uyğun tənzimləsinlər. Lazımi adamlar da bu işlə artıq 20 ildir ki, məşğul olur. Kim desə ki, onlar çörəklərini nahaq yeyirlər, inanmayın. Yerə halsız sərilib, xırıldayan vətəndaş cəmiyyətimiz elə bu adamların əzəmətli əməyinin nəticəsidir.
Demokratik cəmiyyətlərdə QHT-lara “watch dog”, yəni “keşik köpəyi” deyirlər. Bu təşbihdə heç bir təhqir yoxdur, əksinə, tərif var. Necə ki, qədim Romanı düşmənlərdən qorumuş ayıq qazlara bu şəhərdə heykəl qoyublar, demokratik ölkələrdə də vətəndaş cəmiyyəti və onların “keşik köpəyi” vəzifəsi ülvi bir məfhuma çevrilib. Bu köpəklər cəmiyyətin və dövlətin maraqlarının keşiyində durub hansısa bir pozuntunu görəndə ucadan hürməyə başlayırlar, cəmiyyət oyanır və nadürüstün qulağından tutub dartır, cəmiyyətin sağlam qalmasına nail olur.
Necə ki, “O olmasın bu olsun”da bazardakı tacir Qoçu Əskərin keçisinin qulağından tutub onu kişmiş torbasından ayırmışdı. Düzdür, antidemokratik Bakı mühitində Qoçu Əskər gəlib onun keçisinə əl qaldırmış tacirə qulaqburması vermişdi, ancaq demokratik Avropa və ya Amerikada heç bir demokratik partiya və lider heç vaxt vətəndaş cəmiyyəti özəklərinə qarşı bir addım belə atmağa cürət etməz. Etsə, evi yıxılar.
Necə ki, müvəffəqiyyətdən başı gicəllənmiş Mixail Saakaşvili onu hakimiyyətə gətirmiş gürcü QHT-larına nankorluq etdi, aşırıldı və ölkədən getməli oldu.
Vətəndaş cəmiyyətinə mətbuat, ictimai birliklər və müxalifət partiyaları daxildir. Onların hamısını cəmiyyətin sağlamlığını qoruyan “keşik köpəyi” adlandırmaq olar . Keşik köpəyi nə edir? Ev-eşiyi qoruyur. Kimdən? Oğrudan, haramıdan, yad adamdan. Yaxşı keşik köpəyi olan yerdə heç bir oğru evi yara bilməz, evin sərvətini daşıya bilməz. Köpək qoymaz, hürər, səs salar, ailəni, qonşuları, cəmiyyəti duyuq salar.
Bizim QHT-lar nə ilə məşğul idi? Avtoritar quruluşun fil qulağında yatmış vətəndaşlarına onların vətəndaş və insan hüquqlarını izah edib onları oyadırdılar.
Belə iş bizim hakimiyyətə gərək idimi? Əsla yox. Hakimiyyətə cahil və müti kütlə xeyirdir. “Böyük-kiçik” bilən, “başqa kişinin cibindəki pulu saymayan” cahil məxluqat xeyirdir. Saxta seçkilərin nəticəsi ilə barışıb “başını aşağı salıb fağır dolanan” ikiayaqlı dikgəzən məməli vücudlar xeyirdir.
Məsələn, hakimiyyətin “keşik köpəyi” Qubad İbadoğlunun “İqtisadi tədqiqatlar birliyi”ndən zəndeyi-zəhləsi gedir. Niyə? Bu mərdüməzar təşkilat araşdırma aparıb və cəmi əhli-Azərbaycana göstərib ki, bizim şanlı Gömrük Komitəmiz son on beş ildə azı 13 milyard manat həcmində malı qeydiyyatdan keçirməyib. Loru dillə desək, “çırpışdırıb.”
Düzdür, bu məlumat həmin bu cəmi əhli-Azərbaycanın heç tükünü belə tərpətməyib, zira bu xalq əmindir ki, bu ölkədə onluq heç nə yoxdur. Amma belə ədəbsiz hərəkət bizim həssas hakimiyyəti qəzəbləndirib. Necə yəni, mən basıb yeyirəm və kimsə cürət edib bunu dilinə gətirir?
Yaxud, bu zıqqı Soros Fondu jurnalistlər arasında araşdırma müsabiqəsi keçirimişdi və onlar da rəqəmlərlə ortaya qoymuşdular ki, hakimiyyətin xalq naminə milyardlar xəcləyib, həyata keçirdiyi BÜTÜN layihələrdə bizim cibgir məmurlar gözgörəsi milyonlar oğurlayıblar və layihələrin HAMISI iqtisadi cəhərdən ziyanlıdır.
Hansı özünə hörmət edən kişi buna dözər? Heç bir. Buna görə Soros Fondunu bağlatdılar və onun barəsində çirkin şayiə kampaniyası aparıdılar.
Nə isə, hal-qəziyyə belədir. Bu dövlət bir nəslə qalan sərvətdir, onu kim və necə basıb-yeyir, heç kəsə dəxli yoxdur. O cümlədən, bu köpək uşağı keşik köpəklərinə.
Azərbaycanda vətəndaş cəmiyyətinin gələcəyi parlaqdır. Onun milli ruhda tərbiyəsi ilə ciddi adamlar məşğul olur. Burada mənim yadıma Molla əminin bir lətifəsi düşür:
“Kəndlilər bir hacıleylək tuturlar. Heç kəs bilmir bu nədir. Gətirirlər onu Molla Nəsrəddinin yanına və soruşurlar:
-Molla əmi, bu nə olan şeydir?
Molla əmi baxır hacıleyləyə, heç nə anlamır. Bir az fikirləşir, götürür zırpı bir qayçını, hacıleyləyin uzun ayaqlarının yarısını və uzun boynunun yarısını kəsir, sonra kəndlilərə göstərib deyir:
-İndi oldu quş!”
İndi də hakimiyyət vətəndaş cəmiyyətinin onun özəl milli standartlarına uyğun olmayan hissələrini kəsməklə, QHT-ların “konstruktivləşdirmə” əməliyyatı ilə məşğuldur.
Əməliyyat uğurlu alınsa, zavallı vətəndaş cəmiyyəti özəkləri düşəcək zavallı “müxalifət” partiyalarının kökünə.
Zavallı Azərbaycan hansı kökdədir və bundan sonra hansı kökə düşəcək, dəxi onu demirəm ki, başım ağrımasın.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.