“Avtomatik olaraq Azərbaycan çox kiçik oyunçuya çevrilir”
Dünyanın siyasi gündəmi İranla “Böyük altılıq” ölkələri (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) arasında əldə olunan ilkin razılaşmaya yönəlib. Razılaşmaya əsasən İran nüvə silahı yaratmayacaq, ABŞ və Avropa Birliyi də İrana qarşı tətbiq etdiyi sanksiyaları qaldıracaq. Bəs razılaşma regiona, xüsusilə də Azərbaycanın xarici siyasətinə hansı təsirləri göstərəcək. Yaranmış sualları Şərq-Qərb Araşdırmalar Mərkızinin rəhbəri Ərəstun Orucluya ünvanladıq.
– Ərəstun bəy, Amerika-İran razılaşması dünya düzənində hansı dəyişikliklərin əsasını qoyur?
– Əvvəla, hələlik ilkin razılaşma əldə olunub. Bu barədə İranın xarici işlər naziri Məhəmməd Zərif öz Twitter səhifəsində yazıb. Bundan başqa aparıcı Qərb mətbuatına verilən rəsmi məlumatlardan əsas anlaşmanın əldə olunması qənaətinə gəlmək olar. Əslində, razılaşmanın olacağı gözlənilən idi. Həm Yaxın Şərq, həm də Avrasiya bölgəsindəki son ayların prosesləri göstərirdi ki, yeni yaranan situasiyada İran-Qərb münasibətlərinin öz yeri olacaq. Bu, Qərbin, əsasən ABŞ-ın müxtəlif beyin mərkəzlərinin təhlillərində və İranın indiki prezidenti Həsən Ruhani hakimiyyətə gəldikdən sonra səsləndirdiyi bəyanatlarda özünü açıq göstərirdi. Eyni zamanda, ictimai fikrə danışıqların 2 ilə yaxın məxfi getdiyi haqqında məlumatlar açıqlandı. Bunun arxasınca Rusiya-Qərb qarşıdurması, Türkiyənin xarici siyasətindəki qeyri-müəyyənliklər görünür, Qərbi Tehranla danışıqlar prosesini sürətləndirməyə sövq etdi. Əslində, qısa müddətdə proseslərin sürətlə dəyişəcəyini gözləmək olardı, bu barədə düşüncələrimizi çatdırsaq da, heç kəs inanmırdı, az qala bizi hədəfə də alırdılar. Sualınıza gəlincə, razılaşma bölgənin geosiyasi və xüsusən də iqtisadi mənzərəsini ciddi şəkildə dəyişəcək.
– Hansı mənada dəyişəcək və özündə nələri ehtiva edəcək?
– Başlayaq geosiyasi tərəfdən, İsrailin razılaşamya qarşı olduğunu bilirsiniz və Təl-Əviv bunu tarixi səhv adlandırıb. İsrailin reaksiyası təbiidir, çünki bu ölkə ən azı son 20-30 ildə Yaxın Şərqdə ABŞ-ın ən yaxın tərəfdaşı olub. Həm də Təl-Əvivin xarici siyasəti xarici təhlükə amili üzərində qurulub, söhbət İran və Tehrana bağlı təşkilatların törədə biləcəyi təhlükədən gedirdi. Artıq bu məsələ gündəmdən çıxır. Yəni İran təhlükəsi ilə bağlı ABŞ-la İsrailin mövqeyi uzun illər üst-üstə düşsə də, yeni situasiyada fərqli yanaşmalar özünü göstərməkdədir. Son illər vəziyyətin bu dəyişməsi İsraildə ciddi narahatlıq doğurdu və Təl-Əviv sürətlə Moskvaya yaxınlaşmaya başladı. Sadəcə, qarşılıqlı öhdəliklərə və şərtlərə əməl olunmadığından bu tərəfdaşlıq alınmadı. İsrail çaşqın durumda qaldı. Baş nazir Netanyahunun seçki ərəfəsində ABŞ Administrasiyasının məsləhət bilməməsinə rəğmən Vaşinqton səfəri və başqa çalışmalar İsrailin İran-ABŞ razılaşmasından çox narahat olduğunu göstərirdi. Təbii ki, baş verənlər İsrailin bölgədəki mövqelərini xeyli dərəcədə zəiflədir. Bundan başqa, Amerikanın bölgədəki növbədi müttəfiqi həm də Türkiyə olub. Xüsusilə də NATO üzvü olması səbəbindən Türkiyə ABŞ-ın və başqa alyans dövlətlərinin bölgədə əsas müttəfiqi olub. Amma artıq bu məsələdə də Ankaranın mövqeləri zəifləməyə başlayıb. Düzdür, mövqelərin zəifləməsində AKP hakimiyyətinin apardığı siyasətin də önəmli rolu oldu. Ancaq bu sazişin əldə olunması Ankaranın da mövqelərini, bölgəyə təsir imkanlarını yetərincə zəiflədir. Təsadüfü deyil ki, prezident Ərdoğan bir neçə gün əvvəl Fransanın “Kanal-24” televiziyasına müsahibəsində məhz İranı hədəfə aldı. Müsahibədə deyilənlər Tehran və Vaşinqtona bir mesaj idi, həm də Avropa kanalında. Digər tərəfdən, saziş Rusiyanın Yaxın Şərqə təsir imkanlarını son dərəcə məhdudlaşdırır. Suriya olaylarında İrandan daha çox Rusiya Əsəd rejimini dəstəkləyirdi. Amma bölgədə rejimin daimi himayədarı İran olub. Bu halda ABŞ-la münasibətləri dəyişən İran Əsəd rejiminə daha çox lazım olacaq, nəinki Rusiya. Nəhayət, Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz ölkələrinə gələk. Yaxın Şərq bölgəsində yaranma görüntüsü olan geosiyasi boşluq onları xeyli dərəcədə fəallaşdırmışdı. Xüsusilə Səudiyyə Ərəbistanı ilə Qətər bir çox proseslərə açıq şəkildə müdaxilə etdilər. Mən Misir, Yəmən, Suriya hadisələrini nəzərdə tuturam. Bunun ən ağrılısı Suriyaya müdaxilə oldu. İran-ABŞ razılaşması onların da imkanlarını xeyli dərəcədə məhdudlaşdırır. Yəni bölgənin ənənəvi gücləri sayılan və gücləri sayıla biləcək dövlətlərin hamısını sadaladıq. Son anlaşmadan sonra onlarıln hər birinin mövqeyi dəyişə bilər. Amma Amerikanın birxətli xarici siyasət yürüdəcəyini də düşünmürəm, bu, onların ənənələrinə ziddir. Bu, bölgədə müvafiq balansın yaranacağını deməyə əsas verir. Əvvəllər bu balans Türkiyə, İsrail formatlarında həyata keçirilirdisə, bu gün İran və onun bölgədə rolunun artmasına qarşı olan güclər arasında olacaq. İlkin əlamətlər Yəmən hadisələrində görünür.
– Yəmən hadisələrində İran şiələri dəstəkləyir…
– Səudiyyə Ərəbistanı da onlara qarşı müttəfiqləri ilə birgə hərbi əməliyyat keçirir.
–
Amerikanın dəstək verdiyini bəyan edirlər…
– Sözdə belə deyilir. Dəstəyin nə dərəcədə real olduğunu söyləmək çətindir. Ancaq istənilən halda Vaşinqton onlara dəstək verdiyini bəyan edir və bu fonda da Qərb-İran anlaşması əldə olunur. Dəstək verilməsi görüntüsü prosesin sürətlənməsi üçün ola bilərdi. Hər halda çoxşaxəli xarici siyasət özünü doğrultdu. Yaxın zamanlarda Yəmən hadisələrinin hara qədər gedəcəyini söyləmək xeyli çətindir. Birinci, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə müdaxiləsinə qarşı təkcə şiələr çıxmır. Sabiq prezident Əli Abdulla Salehin tərəfdarları da müdaxiləyə qarşı çıxır. Bu, artıq Yəmən əhalisinin əksər hissəsidir. Başqa tərəfdən, xarici ölkənin gəlib bu və ya digər niyyətlə digər bir ölkəni bombalaması heç bir halda onun əhalisi tərəfindən müsbət qarşılanmır. Ona görə də Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən siyasəti çox yüksək iflasa uğramaq imkanına malikdir.
– Dediklərinizdən belə çıxmır ki, ABŞ Səudiyyə Ərəbistanı kimi müttəfiqini qurban verir, yaxud imtina edir?
– Yox, deməzdim qurban verir, sadəcə, təsir dairəsinin genişlənməsinin qarşısını alır. Əslində, Qərb prosesi başlı-başına buraxıb, hətta dəstəyini ifadə edir ki, gedin özünüz həll edin. Həll edə biləcəklərmi, bu, başqa bir sualdır. Yəni hər şey göründüyü qədər sadə deyil. Böyük güclər toplandı, Səudiyyə Ərəbistanı 150 minlik qoşun qoydu ortaya, bu, hər şeyin həlli deyil. Əsəd rejimi Suriyanın kiçik bir hissəsinə nəzarət edə bilir, amma indiyə qədər rejim qalmaqdadır. Ona görə Yəməndə uğurun əldə olunacağını düşünmək sadəlöhvlükdür. Əgər ABŞ öz hərbi gücüylə Əfqanıstanda uğur əldə edə bilmədisə, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndə uğur əldə edəcəyini düşünmək real görünmür. Xüsusən bunun açıq məzhəbçi savaş olduğunu nəzərə alanda.
– Qayıdaq Cənubi Qafqaz bölgəsinə, İran-ABŞ razılaşması rəsmi Bakının xarici siyasətinə hansı təsiri göstərəcək?
– Azərbaycanın indiyə aparılan xarici siyasətini uğursuzluğa yaxın hesab etmək olar. Çünki Azərbaycan bir çox hallarda İran amilinə görə dəyərləndirilirdi. Digər tərəfdən, enerji amili idi. Artıq İran da Avropanın enerji təchizatında iştiraka hazır olduğunu bəyan edib. Gördüyümüz kimi meydana daha böyük oyunçu çıxır. Əgər İran Avropanın qazla təchizatından iştirakdan danışırsa, bu, ilk növbədə Rusiyanın maraqlarına ziddir. Avtomatik olaraq Azərbaycan çox kiçik oyunçuya çevrilir. Bundan başqa Azərbaycanın iqtisadiyyatı neftdən asılıdır. İran üzərindən embarqo tədricən götürülməyə başlayanda istənilən halda dünya bazarına daxil olan neftin həcmi artacaq.
– Qiyməti də artacaqmı?
– Yox. Baxın, anlaşmaya ilkin reaksiya birjalarda neftin qiymətinin 5 faiz düşməsiylə özünü büruzə verdi. Hələ neft bazara daxil olmayıb. Neft bazara daxil olanda təklif tələbi bir qədər də üstələyəcək. Deməli, təklif bir qədər də artacaq, kəskin də olmasa, neftin qiymətinin 40 dollara düşmək ehtimalı var. Bu isə Rusiya və Azərbaycan iqtisadiyyatı üçün fəlakət deməkdir.
– O zaman hökumət hansı addımlar atmalıdır?
– Situasiya çox mürəkkəbdir. Hakimiyyət vəziyyətə hazırlaşırdı. Məsələn, Bakı-Ankara yaxınlaşması çox sürətlə gedir, hərbi təlimləri də nəzərə alaq. Bakı Moskvayla münasibətlərini isti saxlamaqda davam edir. İsraillə münasibətləri saxlamaq və inkişaf etdirmək indiki situasiyada önəmli olardı. Ancaq əvvəlkindən daha risklidir. Çünki əvvəllər İran və Azərbaycan məsələsində ABŞ-la İsrailin mövqeləri əksər hallarda üst-üstə düşürdü. İndi isə ziddiyyətlər var. Bakı-TeL-Əviv münasibətlərinin inkişafı, xüsusilə hərbi əməkdaşlıq təkcə İranda deyil, Amerikada da qıcıq yarada bilər. Bu məsələdə hələ Rusiyanın da öz maraqları var. Moskva vaxtilə Azərbaycan-İsrail hərbi əməkdaşlığının pik həddə çatmasının qarşısını aldı. Bununla Azərbaycan son 2-3 ildə yenidən Rusiyanın silah bazarına çevrildi. Belə olan halda Azərbaycanın xarici siyasətində əsas istiqamət Avropa olmalıdır. Çünki yaranmış situasiyada təhlükəsizliyə yalnız Qərb və ABŞ təminat verə bilər. Təəssüf ki, Azərbaycan-ABŞ münasibətləri isə hələ alınmır.
– O zaman Azərbaycanın durumu baxımından situasiyanın dumanlı olduğunu demək olarmı?
– Kifayət qədər dumanlı olsa da, konturlar görünməkdədir. Elə siyasi situasiya olmur ki, istiqamətləri görmək mümkün olmasın. Düzdür, ABŞ-İran yaxınlaşması çoxlarını qane etmir, Rusiya, Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı, hamısı buna qarşıdır, hətta ABŞ-ın daxilində respublikaçılar da. Ancaq Amerika iqtisadiyyatı son 20 ildə olmadığı templərlə yüksəlir. Xarici siyasətdə çox çevik addımlar atılır. Respublikaçıların xarici siyasəti adətən qarşıdurmalarla müşahidə olunur, amma Obama administrasiyası bu “kartı”da daxili siyasi rəqiblərinin əlindən ala bilib, məsələn, Rusiya ilə münasibətlərdə. Bu mənada ABŞ-da bir ildən sonra keçiriləcək prezident seçkilərində respublikaçıların mövqeyi çox zəif görünür. Bundan başqa başlanan prosesdə Qərb-İran prosesində yalnız ABŞ yox, “Böyük altılıq” ölkələri (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) iştirak edir, Avropa ölkələrini nəzərdə tuturam. Bütün hallarda yaranmış situasiyada Azərbaycanın təhlükəsizliyinə ən ciddi təminatı da Avropa Birliyi və ABŞ verə bilər. Odur ki, bizə Avropa Birliyi və ABŞ-la münasibətlərdə ciddi irəliləyişə nail olmaq lazımdır. Hələlik isə bu ya görünmür, ya da ümumiyyətlə alınmır.