40 fermer qəziyyəsindən göründüyü kimi, İlham müəllimin əli yenə də və hələ də aşağıdır
Gəncəli ictimai fəal Aslan bəy Vəliyev “SOS” işarəli məlumatı bütün vətəndaş cəmiyyətinin üzvlərinə ünvanlayaraq həyəcan təbil çalır. Şəkinin İnzibati İqtisadi Məhkəməsinin hakimi Vidadi Qasımov 40 zaqatalalı fermerin Qaxın icra başçısı Musa Şəkiliyevə qarşı qaldırdıqları iddiaya rədd cavabı vermişdir.
Yəni sizin torpaqlarınızı əcəb edib əlinizdən almışlar! Yəni sizi əcəb edib müflis etmişlər! Yəni siz bu ölkədə heç kimsiniz və heç bir hüququnuz yoxdur!
Mən anlamıram, erməni işğalçılarından niyə şikayətlənirsiniz? Niyə bütün dünyaya car çəkirsiniz ki, erməni işğalçıları azərbaycanlıların hüquqlarını aşkar pozurlar?
Burada düşmən deyə bilər ki, Azərbaycanda cəmi vətəndaşların hüquqlarını hakimiyyət özü pozur, daha bizdən niyə şikayətlənirsiniz?
Desə, haqlı olar.
Aslan bəy acı-acı yazır ki, Musa Şəkiliyev və indi də hakim Vidadi Qasımov nə Azərbaycan qanunlarını, nə vətəndaşların hüquqlarını, nə Nazirlər Kabinetini, nə Əmlak Məsələləri üzrə Dövlət komitəsini, nə Kənd Təsərrüfatı Nazirliyini, nə Respublika Baş Prokurorluğunu, nə də Daxili İşlər Nazirliyini saya alır.
Mən bu saya alınmayan idarə və qurumların sihahısını oxuyub anladım ki, gəncəli həmkarım səhv edir. Bu təsisatları və dövlət qurumlarını saya almamaq qüdrəti və bacarığı nə Musa Şəkiliyevdə, nə də hakim Vidadi Qasımovda ola bilər. Belə qüdrətin və bacarığın sahibi bütün Azərbaycanda tək İlham Əliyevdir.
Yalnız o və yalnız o! Yalnız o, bu təsisatları da, dövlət qurumlarını da, cəmi əhli-Azərbaycanın vətəndaşlarının mənafe və hüquqlarını da saya almamaq qüdrət və bacarığının sahibidir. Odur ki, gəlin özümüzü aldatmayaq, Azərbaycan vətəndaşlarının, kiçik iş adamlarının, fermerlərin, milli azlıq nümayəndələrinin hüquqlarını pozan, dövlət qurumlarının ağzını qapayan, məhkəmələrə ədalətsiz qərar çıxarmaq əmrini verən şəxs İlham Heydər oğlu Əliyevdir.
Fermerlər onların torpaqlarını zəbt edən hansısa naməlum MMC-dən şikayətlənirlər. Bu haqsız məhkəmə qərarından sonra MMC naməlum statusundan çıxıb oldu məlum MMC, çünki onun sahibi bəlli oldu. Bu sahibin adı, soyadı və mənsəbi var: Azərbaycan Respublikasının prezidenti Əliyev İlham Heydər oğlu!
Məhz onun intəhasız tamahı ucbatından buyruq qulu olan Musa Şəkiliyev və vicdanı sınmış hakim Vidadi Qasımov 400 ailəni işləmək və halal çörək yemək imkanından məhrum edirlər. Böylə açıq və vətənə ağır yara vuran əməli törətməyə Azərbaycanda daha heç kimin cürəti çatmazdı. Yalnız onun səlahiyyəti çatır ki, həm icra hakimiyyətinə, həm məhkəmə hakimiyyətinə Azərbaycan qanunlarını pozmaq və Azərbaycan vətəndaşlarını əzmək əmrini versin!
Çatır da, verir də!
Düzdür, inanmağım gəlmir ki, bu qədər xalqdan və dövlətdən çalınmış nəhəng sərvətin sahibi bir ovuc kiçik sahibkarın kiçik gəlirinə tamah sala bilər. Xalqdan çalınmış milyardlarla dollar hara, 40 fermerdən zorla alınmış, tutalım, 1 milyon manat hara?
Yəni milyarder prezident buna gedərmi? Bu miskin məbləğə tamarzı düşə bilərmi?
Bir tərəfdən buna inanmağım gəlmir, o biri tərəfdən hafizəmi eşələyib o qədər sübut və dəlil tapıram ki, inamla deyirəm: bəli, lap bir manata da tamarzı olar! Lap bir manatı da yetimin əlindən alar!
Özünüz fikirləşin. Xub, Rəsul Quliyev demişkən, ata-bala əlbir olub nefti xalqdan aldılar. Az deyil. Milyardlar, milyardlar, milyardlar…
Üstünə gəl dövlət vəzifələrinin hərraca çıxarılıb satılmasından gələn pulları. İcra başçısı vəzifəsi azı 200 min, yuxarısı 400 min dollara gedir. Azərbaycanda 80-dan yuxarı belə vəzifə var. Az deyil.
Üstünə gəl nazir vəzifələrini, dövlət komitələrinin sədrləri vəzifələrini… Hamısı satılır! “Ay alan! Məmləkəte-Rey satıram!” Tək ARDNŞ-i götürsəniz, üstünə “Azərişığı” gəlsəniz, böyrünə “Azərsu”yu qoşsanız, yığıb-yığışdırmaq olmaz!
Mən hələ Gömrük komitəsindən sel kimi gələn milyardlarla pulu demirəm. Mən hələ ayrıca fərmanlarla ayrıca rayonlara və layihələrə Neft fondundan ayrılan nəhəng pullları demirəm. Cəmi-əhli-Azərbaycan bilir ki, həmin fərmanlarla ayrılan pulların əvəzinə kiçik sahibkarlar necə reket olunur.
Mən hələ xaricdən borc alınan milyardları demirəm!
Son hop-stop əməliyyatı pərakəndə satış ilə məşğul olan kiçik dükandarların bazarına həmlə oldu. Topdansatış çoxdan hakim ailəin nəzarətində idi, lakin yüz minlərlə kiçik dükandarın sərbəst qazanıb-yeməsi əlahəzrəti çox pərişan edirdi. Necə yəni, kimsə qazanır və yalnız mənim nökərlərim olan vergi-polis-FHN-icarədar məxluqatına tövcü ödəməklə kifayətlənir!
Axı onlarda hələ də qalır! Onlarda pul qalır!
Olamaz!
Təcili inzibati resurs işə salınır və ölkəni nəhəng supermarketlər şəbəkəsi hörümçək toru kimi bürüyür, kiçik dükanların müştərilərini tornadoya düşmüş çör-çöp kimi sümürüb özünə çəkir. İri univermaqların kiçik dükanları müflis etməsi əməliyyatını Emil Zolya on doqquzuncu əsrin sonlarında “Qadın səadəti” romanında təsvir etmişdi, indi Azərbaycan sürünə-sürünə gəlib çatır 150 il bundan əqdəm Fransanın halətinə.
Əlahəzrətin kefi bir az durulur, zira bu supermarketlərin artan gəliri onun neftin çalxalanan qiymətindən pərişan olmuş ovqatının yaralarına məlhəm qoyur.
Əlahəzrət cənabları tropik leysan yağışı kimi başlarına tökülən dollar və avronun içində necə qərq olmayıblar, elmə naməlum bir sirrdir. Gavər, yaxşı üzə bilirlər.
Bununla belə, 40 fermer qəziyyəsindən göründüyü kimi, İlham müəllimin əli yenə də və hələ də aşağıdır. Ona çatanda ki, Azərbaycanda hansısa bir ovuc kəndli baba başlayıb tədricən dirçəlməyə və böyük zəhmət hesabına, hakimiyyətdən asılı qalmayaraq, ailəsinin ruzusunu müstəqil qazanmağa, fikir dəryasına qərq oldu…
Və qərara gəldi ki, bu bazara da girsin. Yəni Latın Amerikasında olduğu kimi, iri latifundiyalar yaratsın. Ona deyəndə ki, Azərbaycanda torpaq qalmayıb, ermənilərə verilmişdən savayı, bütün torpaqlar paylanıb, əmr verdi ki, “Alın!”
Ermənidən? Təhlükəlidir, rus gəlib əzər, yağlı-şirin hakimiyyət əldən gedər. Bəs kimdən? Azərbaycan kəndlisindən!
Əməliyyat başlayıb və hələlik uğurla gedir. Azərbaycanın şimal-qərb zonasında ümumi sahəsi təxminən yarım milyon hektara çatan bir aqropark salınır. Bunun üçün kiçik sahibkarlara uzunmüddətli icarəyə verilmiş otlaq sahələri onlardan çığırdıla-çığırdıla alınır, şumlanır, əkilir, səpilir.
Məhkəməyə və dövlət idarələrinə üz tutan fermerlərin Konstitusion hüquqları rəzil tərzdə tapdalanır.
Çarə qalıb Avropa İnsan Haqları Məhkəməsinə. Təbii ki, orada məsələ ilə tanış olub fermerlərin xeyrinə qərar çıxaracaqlar. Azərbaycan Respublikasının şəninə daha bir zərbə dəyəcək, üzümüzə daha bir qara ləkə vurulacaq.
Lakin belə işlər əlahəzrətin vecinə deyil. Döğma vətən Azərbaycana məhəbbət barədə deyilən sözlər gözdən pərdə asmaq üçün deyilən boğazdan yuxarı sözlərdir.
Doğma olan isə ailədir, puldur, hakimiyyətdir, dünyanın yadelli ağalarıdır.
Onlar vacibdir, xalq yox, vətən yox, insaf yox, alicənablıq yox…