İnanın, mən uça bilirəm!

Ölkəsini qara buludlar almış oğlanın məktubu:

Source:

Bəli, qara buludların üzərini örtdüyü ölkəmizdə yaşamaq çox çətindir. Hər kəs o qara buludların səmamızın üzərindəki əzazil hakimiyyətinə dözə bilmir. Səmaya baxdıqca insanları vahimə basır. Gözlərdə ümidsizlik yaranır və həmin nəzərlər özündə bədbinliyi ifadə edir. Hər gün avtobusda, küçədə, şəhərin mərkəzində, bir sözlə hər yerdə qara buludların öldürücü virusu ilə zəhərlənmiş bədbinlik saçan baxışlarla qarşılaşırıq. Hətta bəzən onlarla göz-gözə gəlməkdən qaçırıq. Səmalarımızı işğal edən həmin buludlar gözlərə də hakim kəsilib. Bəlalarımızın baiskarı yaxşı bilir ki, görüntü necə unikal vasitədir ki, bir başa onunla ürəyə və ruha hakim kəsilmək, onları da işğal etmək mümkündür. Və o asanlıqla buna nail olur.

Onların istila olunmuş qəlbi nə yazıq ki, qara buludun xisləti kimi soyuqdur. Donub, buza çevirilən qəlblər əslində onun şedevr əsəri hesab olunur. Günəş çıxmasa, o buzlar əriməyəcək. Buludların mənəvi və fiziki terroru hər yeri öz cənginə alıb. Bundan əlavə o, azadlığımıza və rifahımıza xidmət edəcək GÜNƏŞi səmalarımıza yaxın buraxmır.

Proses bu ölkədə doğulduğun gündən ölənə qədər davam edir. Buludların hegemonluğu hər yerə sirayət edir. Yalnız vicdan olan könüllər buludların ram edə bilmədiyi tək ünvandır. Onlar məhz qara buludların arxasında GÜNƏŞin olduğuna və onun bizə yaxın olduğuna inananlardır. Diqqətlə baxanda o birilər də günəşin eşq və həqiqət saçan şüalarını görürlər. Amma dərhal “bir tikə çörək” xətrinə və ya sadəcə qorxduqları üçün tez bir zamanda buludun diktaturasına biət edirlər. Onlar reallıq hissini itirmiş, eqoist, laqeyd insanlardır. Onları azad etmək isə boynumuza düşən vəzifədir.

Günəşi gördüyüm üçün və kütlədən olmadığım üçün xoşbəxtəm. Amma xoşbəxtliyim çox məhduddur. Onu məhdud edən ölkəmin əhalisinin qəlbinin buzlaşması və resurs qıtlığımdır. Onların buzlarını əritmək xoşbəxtliyimizin bütünləşməsi və ümumi rifahımız ola bilər. Mən bunun olacağına ehtirasla inanıram. Hətta bir çoxunun buna inanmadığı zamanda, onların sırf inamımı qırmaq istədiyi zamanda, birləşərək inamımı bir dəfəlik boğub, əks arqumentlər gətirdiyi zamanda mən yenə İNANIRAM!

Buludlar ətrafımdakı mübariz insanları sındırmaq üçün daim onları çovğunlu yağışla əhatə edir. Evlərin uçurur, görünməmiş işgəncələr verir. Onları başdan-ayağa isladır və bir çoxunu öz güclü və dəhşətli silahı-ildırımla vurur. Əksər vicdanlı könüllər əllərində daim çətir gəzdirməli olur. Düzdür, buludlar istəyəndə acımasızlıqla o çətirləri də darma-dağın edir, amma bizim varoluşumuz, azad düşüncəmiz buludları çox narahat edir, daim səksəkədə saxlayır.

Mübarizə meydanımızda az adam var. Amma biz həqiqət məbədi olan GÜNƏŞƏ qəlbən iman gətirmişik. Onun müqəddəs şüalarının tam açıq və aydın hakimiyyəti barədə hətta Dəyərlərlərimizi və Cumhuriyyətimizi yaradanların bizlərə miras qoyduqları kitablardan xəbərdarıq. Həmin şüalar vaxtı ilə ədalətli hakimiyyətin təməlini bu coğrafiyaya səpələyəndə, digər coğrafiyalar bu şüalardan xəbərsiz idi. Yenə də bu gün keçmişimizi qürurla yad eləsək də, orda ilşib qalmamağa üstünlük veririk. Ancaq və ancaq qabağa, yəni gələcəyə baxırıq. İnkişafa gedən və bizə qanad verən imkanlar qarşımızdadır.

Silahımız-kitab, ədalət və vicdan hissindən ibarət mübarizə mücəsiməsidir ki, bizi yavaş-yavaş göyə qaldırır. Bizlər üçün heç bir qurum və ya ölkə GÜNƏŞ gətirməyəcək. Buna özümüz layiq və nail olacağıq! Yuxarı qalxdıqca saysız məhdudiyyət, məhrumiyyət və itkilərlə qarşılaşmaqdayıq. Bu, çox təbiidir. Əvvəldən bunlara hazır idik zatən. İdealımız, prinspiallığımız bizi məqsədimizə çatdıracaq. Səmamızı qara buludlardan təmizləyəcəyik! Düzdür, hələ aramızda məsafə var. Çox çətindir, amma biz yorulmadan uçuruq. Aramızdan yorulub və ya dözməyib aralananlar var amma onları əvəzləyənlər tapılır çox şükür. Hər gün sıralarımıza yeni-yeni qoşulanlar olur. Yanıb, kül olsaq da, səmamızı təmizləyəcəyik və GÜNƏŞ yenə şövqlə işıqlanıb qaranlıq və soyuq ölkəmizi aydınlıq içində isidəcək!

Fiona Fung-un məşhur “Proud of you” musiqisində deyildiyi kimi: “İnan mənə, mən uça bilirəm! Fəxr edirəm ki, uça bilirəm və ən yaxşı arzularımı buludlarda sənə verirəm”…


Yazı müəllifin şəxsi mövqeyini ifadə edir…

Ana səhifəMənim Fikrimcəİnanın, mən uça bilirəm!