İmran Əliyevin səhhətində problem yaranıb

Foto: İmran Əliyevin şəxsi arxivindən

“meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyevin səhhətində problem olduğu bildirilir.

Bu barədə onun atası Bağır Əliyev Meydan TV-yə məlumat verib.

Bağır Əliyev deyir ki, İmran Əliyevin bədənində ağrılar var, şişlər əmələ gəlib.

“Bu həftənin 4-cü günü İmranla görüşdük. Çərşənbə günü oğlumun məhkəməsi olmuşdu. Ona əvvəl məhkəmənin olacağını, sonra isə olmayacağını deyiblər. İmran ağrıdığını desə də, zorla maşına qoyub məhkəməyə aparıblar. Heç qoymayıblar ayaqqabısını geyinsin, başmaqla gətirilib”, – Bağır Əliyev bildirib.

İmran Əliyev 2024-cü il aprelin 19-da saxlanılıb.

Elgiz Qəhrəman və Tamella Musayeva isə daha sonra bu iş üzrə təqsirləndirilən şəxs qismində tanınıb və onların barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergidən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İmran Əliyev ittihamları rədd edir, Milli Məclisin və deputatların fəaliyyətini araşdırdığına və bu istiqamətdə fəaliyyət göstərən “meclis.info” saytına rəhbərlik etdiyinə görə cəzalandırıldığını deyir.

Atası deyir ki, məhkəmələrin uzanmağı da oğlunun əsəblərini pozub. O, həmçinin bildirir ki, vəkili İmran Əliyevin İstintaq təcridxanasının müalicə müəssisəsinə yerləşdirilməsi üçün müraciət edəcək.

İmran Əliyevin növbəti məhkəməsi noyabrın 4-də keçiriləcək.

Penitensiar Xidmət və başqa aidiyyatı qurumlardan məsələyə münasibət bildirilməyib.

Ana səhifəSiyasətİmran Əliyevin səhhətində problem yaranıb