İmran Əliyevin vəkili Rəsul Cəfərov məhkəməyə bir neçə vəsatətlə müraciət edib
“Meclis.info” saytının rəhbəri İmran Əliyev, onunla birlikdə ittiham olunan Elgiz Qəhrəman və Tamella Musayeva barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Ardınca İmran Əliyevin vəkili Rəsul Cəfərov məhkəməyə bir neçə vəsatətlə müraciət edib.
Vəkil müdafiə etdiyi şəxsin şüşəli mühafizə kabinindən çıxarılıb onun yanında əyləşməsinə şərait yaradılmasını xahiş edib.
Həmçinin istintaq orqanının ittiham aktını müdafiə tərəfinə elektron formatda təqdim etməsini tələb edib.
Digər vəsatətdə cinayət işinə xitam verilməsi istənilib.
Vəkilin sözlərinə görə, ittiham aktında irəli sürülmüş ittihamları əsaslandıracaq sübutlar mövcud deyil və buna görə də işin icraatına xitam verilməsi zəruridir. Əgər bu vəsatət təmin olunmasa, vəkil təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbirinin alternativ, həbslə əlaqəsi olmayan tədbirlə əvəz olunmasını istəyib.
Məhkəmə yalnız İmran Əliyevin şüşəli mühafizə kabinindən çıxarılaraq vəkilinin yanında əyləşməsi ilə bağlı vəsatəti təmin edib.
İclasda cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.
Növbəti məhkəmə prosesi iyunun 10-na təyin olunub.
İmran Əliyev 2024-cü il aprelin 19-da saxlanılıb.
Elgiz Qəhrəman və Tamella Musayeva isə daha sonra iş üzrə təqsirləndirilən şəxs qismində tanınıb və onların barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergidən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İmran Əliyev ittihamları rədd edir, Milli Məclisin və deputatların fəaliyyətini araşdırdığına və bu istiqamətdə fəaliyyət göstərən “meclis.info” saytına rəhbərlik etdiyinə görə cəzalandırıldığını deyir.