İmran Əliyev və Elgiz Qəhrəmanın cinayət işi üzrə istintaq yekunlaşıb

Məhkəmə. İllüstrasiya: Meydan TV

İş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin icraatına verilib

“Meclis.info” saytının rəhbəri, 1 ildən çoxdur ki, həbsdə olan İmran Əliyev və bu iş üzrə təqsirləndirilən və polis nəzarətində olan Elgiz Qəhrəmanın cinayət işi üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin icraatına verilib.

İmran Əliyev ötən il aprelin 18-də Türkiyəyə gedərkən Bakıda hava limanında saxlanılaraq, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Həmin gün gecə saatlarında onun yaşadığı evdə axtarış aparılıb. Aprelin 19-da məhkəmədə onun haqqında həbs qərarı çıxarılanda İmran Əliyev bildirib ki, polislər tərəfindən işgəncəyə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib. Məhkəməyə gətiriləndə onun üzərində xəsarət izləri aşkar görünüb.

İmran Əliyev
Foto: İmran Əliyevin şəxsi arxivindən

Öncə o, “AbzasMedia” ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Daha sonra onun işi “AbzasMedia” ilə bağlı cinayət işindən ayrılıb. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq – təkrar törədildikdə) maddəsilə yeni ittiham irəli sürülüb.

İmran Əliyev beynəlxalq donor təşkilatlardan qrant kimi alınan vəsaitləri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə ittiham olunur. Onun özü isə bu ittihamı rədd edir, Milli Məclisin və deputatların fəaliyyətini araşdırdığına və bu istiqamətdə fəaliyyət göstərən “meclis.info” saytına rəhbərlik etdiyinə görə cəzalandırıldığını deyir.

Bu il fevralın 28-də isə ictimai fəal Elgiz Qəhrəman cinayət məsuliyyətinə cəlb olunub.  

Elgiz Qəhrəman. Foto: Şəxsi Facebook səhifəsi

Elgiz Qəhrəman “meclis.info” saytının rəhbəri İmran Əliyevin işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Lakin istintaq dövrü üçün barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

E.Qəhrəmana qarşı Cinayət Məcəlləsinin 8 maddəsiylə – 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham irəli sürülüb.

Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

E.Qəhrəman 2016-cı ildə də narkotik ittihamı ilə həbs olunmuşdu.  Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 5 il 6 ay cəza verilmişdi. Sonradan Ali Məhkəmə cəza müddətini 3 ilə endirmişdi.

O zaman ictimai fəal özünü təqsirli bilməyərək, sosial şəbəkə hesabında yazdığı statusa görə şərlənərək həbs olunduğunu bildirmişdi.

Ana səhifəSiyasətİmran Əliyev və Elgiz Qəhrəmanın cinayət işi üzrə istintaq yekunlaşıb