Karantin rejimi

Mənbə: Meydan TV

Başlıq: Karantin rejimi

“İmpuls” Tədqiqat Mərkəzi: Pandemiya zamanında iqtisadiyyat kiçilib, işsizlik artıb

“İmpuls” Tədqiqat Mərkəzi: Pandemiya zamanında iqtisadiyyat kiçilib, işsizlik artıb

Araşdırma: “Hakimiyyət pandemiyadan siyasi məqsədləri üçün sui-istifadə edib”

“Azərbaycanda “pandemiya siyasəti” mütəxəssislərin, vətəndaş cəmiyyətinin, bu sahədə müvafiq biliklərə malik şəxslərin fikirləri nəzərə alınmadan, dünya təcrübəsi dərindən araşdırılmadan həyata keçirilib. Buna görə özünü doğrultmayıb”.

“İmpuls” Tədqiqat Mərkəzinin Azərbaycan hökumətinin pandemiya siyasəti və onun cəmiyyətdə yan təsirləri ilə bağlı araşdırmasında belə deyilir.

Araşdırma 2020-ci ilin sentyabr-dekabr ayları ərzində aparılıb. Ümumi qənaətə görə, pandemiya dövrü Azərbaycanda, sadəcə, məhdudiyyətlərdən ibarət olub.

Mərkəz araşdırmanı 5 qrup üzrə və ayrı-ayrı ekspertlərin fikirləri əsasında hazırlayıb. Eyni zamanda, araşdırmada ikinci pandemiya dövründə 2029 sosial şəbəkə iştirakçısı arasında “online” keçirilmiş sorğunun nəticələri də yer alıb.

Ümumilikdə isə pandemiyanın iqtisadiyyata, vətəndaş cəmiyyətinə təsirləri, pandemiya ilə mübarizədə verilən qərarların hüquqiliyini və effektivli dəyərləndirilib.

“Dünyada tətbiq edilən məhdudiyyətlər birbaşa ölkə ərazisində icra edilib”

Ekspertlər hesab edib ki, Azərbaycanda həyata keçirilən “pandemiya siyasəti” strateji cəhətdən planlı olmayıb. Dünya ölkələrində tətbiq edilən məhdudiyyətlər birbaşa ölkə ərazisində icra edilib.

Digər tərəfdən pandemiyaya qarşı mübarizəyə cavabdeh olan Operativ Qərargahın tərkibinin ictimaiyyətə açıq olmaması və hansı əsaslarla formalaşdırılması aydın olmadığından cəmiyyətdə bu quruma qarşı güvənsizlik yaranıb: “Əhalinin sağlamlığının qorunmasına cavabdeh qurum - Səhiyyə Nazirliyinə aid səlahiyyətlərin əsas vəzifəsi “tibbi sığortanın həyata keçirilməsi” olan TƏBİB-ə ötürülməsi bu güvənsizliyi daha da dərinləşdirib”.

TƏBİB və Səhiyyə Nazirliyi

TƏBİB və Səhiyyə Nazirliyi

Mənbə: Meydan TV

“Pandemiya dövrü iqtisadiyyat da kiçilib”

Pandemiyanın iqtisadi təsirini ölçən ekspertlər bu dönəmdə iqtisadiyyatın azaldığını və 3,1-3,8 faiz arasında gerilədiyini bildiriblər: “Rəsmi göstəricilərə görə, qeyri-neft iqtisadiyyatı 2,7 faiz, sənaye istehsalı 4,5 faiz, qeyri-neft fonduna investisiyalar 10 faiz azalıb. Kənd təsərrüfatında 1,6 faiz, pərakəndə ticarət dövriyyəsində 1,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərdə 26 faiz azalma olub. Əhalinin nominal gəlirləri 1,4 faiz, real gəlirləri isə 4,2 faiz azalıb”.

“Turizm sahəsi 2,1 dəfə kiçilib, işsizlik 40 faiz artıb”

Mərkəz ən ciddi azalmanın turizm və ictimai-iaşə sahəsində olduğunu bildirir. 2,1 dəfə kiçilmə var: “İşsizlik isə 40 faiz artıb. Ancaq real göstəricilər rəsmidən daha böyükdür”.

Ekspertlərin fikrincə, pandemiya dönəmində büdcə dəyişilsə də, azalma böyük olmayıb: “Onlara görə, büdcə kəsrinin ciddi olaraq artmamasının əsas səbəbi pandemiya ilə əlaqədar dövlət yardımlarının digər ölkələrlə müqayisədə məhdud olmasındadır”.

“Karantin tədbirlərinin konstitusion legitimliyi olmayıb”

Ekspertlərin ümumi rəyinə görə pandemiya zamanı hakimiyyətin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərin hüquqi əsası qeyri-legitim olub. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, insan və vətəndaş hüquq və azadlıqları Azərbaycanın beynəlxalq öhdəliklərini nəzərə almaq şərtilə qismən və müvəqqəti şəkildə müharibə, hərbi və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən məhdudlaşdırıla bilər: “Elan edilən karantin tədbirlərinin konstitusion legitimliyi olmayıb. Buna görə pandemiya ilə bağlı qərarlar “Normativ hüquqi aktlar haqqında qanun”un tələblərini pozaraq qəbul edilib. Odur ki, onların pozuntusu halında tətbiq edilən sanksiyalar da legitim olmayıb”.

Kənd Təsərrüfatı Nazirliyi

Kənd Təsərrüfatı Nazirliyi

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi

“Hakimiyyət pandemiyadan öz siyasi məqsədləri üçün sui-istifadə edib”

Ekspertlərin ortaq fikri ondan ibarətdir ki, Azərbaycanda tətbiq edilən pandemiya siyasəti və karantin tədbirləri vətəndaş hüquq və azadlıqlarını zərurəti aşan ölçüdə və ölkənin siyasi həyatında olan problemləri örtmək üçün tətbiq edilib: “Rəyi soruşulan müsahiblərin ümumi fikri ondan ibarət olub ki, pandemiya dönəmində hakimiyyətin müxalifətə qarşı davranışı müxalif siyasi fəaliyyətin məhdudlaşdırılmasına yönəlib. Müsahiblər hakimiyyətin pandemiyadan öz siyasi məqsədləri üçün sui-istifadə etdiyinə nümunə olaraq karantin qaydaları bəhanəsilə müxalif tənqidçilərin karantin qaydalarını pozmaq adı ilə həbs edildiyini və müxalif təşkilatlara qarşı təşkil olunan kiberhücumlar faktını qeyd edirlər”.

“Kütəvi depressiyaya qapılmaq ehtimalı artıb”

Müsahibədə iştirak edən psixoloq-ekspertlər pandemiya dönəmində insanların ciddi təsir altında olduğu və bütün yaş qruplarının mənfi psixoloji təsirə məruz qalması barədə həmfikirdilər.

Onlar hesab edirlər ki, pandemiya dönəmində cəmiyyətin kütləvi depressiyaya qapılmaq ehtimalı yüksəlib: “Depressiyadan çıxmaq üçün ünsiyyətdə olmaq lazım olsa da, insanlar ardıcıl tətbiq edilən sərt karantin səbəbilə evdən çıxa bilmədilər. Pandemiya dönəmində sosial şəbəkələrdə ciddi aktivlik müşahidə olundu. Sərt karantinlərin tətbiq edildiyi dönəmdə bu aktivlik açıq aqressiv yanaşma şəklini aldı. Bu aqressivlik həm Operativ Qərargahın qəbul etdiyi qərarlara, həm hakimiyyətin davranışlarına, həm də dövlət məmurlarına qarşı münasibətdə özünü göstərirdi”.

İkinci Qarabağ müharibəsi

İkinci Qarabağ müharibəsi

Mənbə: Meydan TV

“65.5 faiz iştirakçı virusun deyildiyi qədər təhlükəli olduğuna inanır”

Araşdırmada pandemiya dövründə təhsilin vəziyyətinə də toxunulub. Bildirilir ki, ölkədə “online” təhsillə bağlı bazanın və təhsil alan uşaqların sayına uyğun evlərdə cihazların olmaması da aqressiyanı artırıb: “2029 nəfər arasında “online” qaydada keçirilən sorğunun nəticələri göstərib ki, sosial şəbəkə istifadəçilərinin böyük hissəsi virusa yoluxma riskindən narahatdır, lakin böyük kəsim insan maska taxmağa və sosial məsafəyə riayət etməyə isti yanaşmadığını və pandemiya ilə bağlı tədbirləri dəstəkləmədiyini bildirib. Belə ki, sorğuda iştirak edənlərin 79.8 faizi virusun varlığına, 65.5 faizi isə virusun deyildiyi qədər təhlükəli olduğuna inanır”.

“45.4 faiz iştirakçı vəziyyəti ciddi qəbul etmir”

Mərkəz sorğunu ikinci karantin dövündə aparıb. Sorğuda iştirak etmiş insanların 45.4 faizinin COVID-lə bağlı vəziyyəti ciddi qəbul etmədikləri ortaya çıxıb.

Respondentlərin 40,8 faizi maska taxmağa və sosial məsafəyə riayət etməklə bağlı suala birmənalı cavab verməyib: “Sorğuda iştirak edənlərin 90.7 faizi SMS-icazəli sərt karantin rejiminin uzunmüddətli olmasından narahat olduğunu deyib. Bu narahatlılığın səbəbi əsasən, işini itirmək, iş tapa bilməmək qorxusudur. Respondentlərin 78.16 faizi karantin zamanı gəlirdən məhrum olmaq təhlükəsindən narahatdır. 41,6 faiz + 18,1 faiz = 59,76 faizi pandemiya ilə bağlı tədbirləri dəstəkləmədiyini bildirib, yaxud hansısa fikir bildirməkdən imtina edib”.

Cəmiyyət

Cəmiyyət

Mənbə: Meydan TV

“Cəmiyyətdə hökumətin gördüyü tədbirlərə güvənsizlik var”

Sorğudan əldə edilən nəticələr göstərib ki, pandemiya ilə bağlı maarifləndirmə işinin zəif olmasının, hökumətin virusla mübarizədə gördüyü tədbirlərin qeyri-effektivliyinin insanların baxışlarına və davranışlarına, nəticə etibarilə hökumətin gördüyü tədbirlərə güvənsizliyinə gətirib çıxarıb: “Beləliklə, tədqiqat göstərib ki, COVID-19 pandemiyasının və bununla əlaqədar tətbiq edilən karantin rejimi iqtisadiyyata, siyasi münasibətlərə, insanların sosial vəziyyətinə və psixoloji durumuna ciddi mənfi təsir edib. Buna bir tərəfdən pandemiyanın mahiyyətindən doğan obyektiv səbəblər, bir çox hallarda vətəndaşların laqeydliyi, digər tərəfdən isə idarəetmənin qeyri-səmərəli, maarifçiliyin aşağı səviyyədə olması, iqtisadi sistemin qeyri-şəffaflığı və siyasi sistemin avtoritarlığından irəli gələn səbəblər vəsilə olub”.

“Hökumətin strategiyası xəstəliklə mübarizə üzərində qurulmayıb”

Ekspertlərin şərhlərinə əsasən, Azərbaycanda pandemiya ilə mübarizə siyasətinin uğursuzluğu iki əsas amilə bağlı olub:

"1. Hökumətin strategiyasının xəstəliklə mübarizə üzərində qurulmaması və əhalinin sağlamlığına yönələn maarifləndirmə işinə köklənməməsi. Bunun əvəzinə isə əsas fəaliyyətin sadəcə məhdudiyyətlərin tətbiqinə sərf edilməsi;

2. Əhalinin pandemiya ilə bağlı verilən qərarlara güvənsizliyi və etimadsızlığı".

Nazirlər Kabineti

Nazirlər Kabineti

Mənbə: Nazirlər Kabineti

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tdiqlk

Ən çox baxılan