Azər Mehdiyev: ”Azərbaycanda ən çətin məsələlərdən biri ölkədə məşğul əhalinin böyük hissəsinin özünü məşğul kimi göstərməməsidir”
“Maddi imkanları aşağı olan insanların tibbi sığortası dövlət tərəfindən maliyyələşdiriləcək, yüksək olan insanlar isə tibbi sığorta haqlarının böyük hissəsini özləri ödəyəcəklər. Beləliklə, səhiyyə sistemi üçün vacib sayılan əlavə resursların cəlb olunması təmin ediləcək”.
Bunu baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işi tanış olarkən deyib. O bildirib ki, Dövlət Agentliyində işə əsasən, gənclər cəlb olunub.
Baş nazirin müavini əlavə edib ki, agentliyin strukturu hələ tam formalaşmayıb: “Növbəti mərhələdə paralel olaraq Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dair çox ciddi işlər aparılacaq. Bu sahədə xeyli iş görülüb. Demək olar ki, müəyyən konsepsiya hazırlanıb və bunun üzərində iş gedir. Digər tərəfdən, dünya ölkələrinin təcrübəsi öyrənilir və Azərbaycanda hansı modelin tətbiq edilməsi məsələsini aydınlaşdırmaq üçün beynəlxalq ekspertlər ölkəyə dəvət edilib. Əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi bu kontekstdə mühüm əhəmiyyət kəsb edir. İcbari tibbi sığortanın tətbiqi nəticəsində əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq”.
Ə. Əhmədov qeyd edib ki, gələn ildən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığortanın tətbiq olunması üçün bu il hazırlıq işləri görüləcək (
APA
).
Bəs vətəndaşların maddi imkanı necə müəyyənləşəcək? Baş nazir açıqlamasında bu məsələyə aydınlıq gətirməyib. İqtisadçı Azər Mehtiyev isə deyir ki, dünya praktikasında müxtəlif modellər var. Vətəndaşlar və onların ailələri əsasən çalışdıqları müəssisə tərəfindən tibbi sığorta olunurlar: “Müxtəlif ölkələrdə bölgü fərqlidir, birində bərabərdir, digərində isə şirkət daha çox ödəyir. Məsələn, Amerikada uşaqlar, yaşlı insanlar, əlillər dövlət tərəfindən sığorta proqramlarına cəlb olunur. Eyni zamanda, ABŞ-da əhalinin aztəminatlı ailələrinə xeyriyyə cəmiyyətləri yardım göstərir. Amma xeyriyyə cəmiyyətlərinin gücü çatmadığından aşağı təminatlılar üçün tibbi sığorta məsələsi 10 ildən çoxdur müzakirə predmeti olaraq qalır. Avropada ən inkişaf etmiş Almaniya modelidir. Bu məsələ şirkətlərin və dövlətin öhdəsində qalanda dövlət işləmək imkanında olmayanların təminatıyla məşğul olur. Burda söhbət uşaqlardan, əlillərdən, qocalardan və işsizlərdın gedir, onların icbari tibbi sığortasını dövlət üzərinə götürür. Ancaq adam işsiz qalırsa, bu dövrdə dövlət yardım edir. İşləyən əhalinin tibbi sığortasını onların özləri və şirkətləri qarşılayır”.
Azər Mehtiyev Azərbaycanda bölgünün necə aparılacağının aydın olmadığını deyir: “Məlumdur ki, şirkətlərin Sosial Müdafiə Fonduna ödədikləri ödənişlər çox böyük çəkiyə malikdir. Əməkhaqqı fondunun 22 faizi timsalında şirkətlər fonda sosial ödənişlər edir ki, bu, onlar üçün böyük yükdür. Tibbi sığortanı da bunun üzərinə gələndə sahibkarlara, müəssisələrə, şirkətlərə ağır olacaq. Müzakirələrin predmetindən biri budur ki, əlavə icbari tibbi sığorta üçün yeni bir xətt müəyyən olunsun, yoxsa mövcud sosial sığorta ayırmalarından Pensiya və İcbari Tibbi Sığorta Fonduna müəyyən məbləğ getsin? Bu istiqamətdə əhalinin nə qədər ödəməsi sualı da meydana çıxır. Adətən keçid dövrlərində əhalinin ödədiyi məbləğ o qədər də böyük olmur. Dövlət büdcəsindən alınan vəsaitlər nəzərə alınaraq keçid dövründə prosesi yumşaq şəkildə keçirlər. Sistem oturuşduqca isə faiz dərəcəsinin bir qədər artırmaq mümkündür. Gürcüstanda bu cür etdilər. İlkin olaraq dövlət büdcəsindən ayrılan vəsaitin əhalinin hesabına bölünməklə sığorta sisteminə başlanıla bilər, sonra ayrı-ayrı elementlər tətbiq edirlər. Azərbaycanda ən çətin məsələlərdən biri ölkədə məşğul əhalinin böyük hissəsinin özünü məşğul kimi göstərməməsidir”.