İmişli sakini: İndiyədək dövlətdən bir manat gəlirim olmayıb

“Bu dövlət mənə nə verib ki, oğlumu da tələb edə?”

Source: Meydan TV


“Bu dövlət mənə nə verib ki, oğlumu da tələb edə?”

“Tərtərdə yerləşən N saylı hərbi hissədə xidmət edəndə möhkəm soyuqlamışdım, sonralar ağciyərimdə ciddi problem yarandı. Əsgərlikdən evə qayıdandan sonra səhhətim daha da ağırlaşdı“.

Bunu Meydan TV-yə İmişli rayonu, Xoşçobanlı kənd sakini Zamiq Cahangirov deyir. Söyləyir ki, hərbi xidmətdən geri dönəndən sonra səhhəti imkan verməsə də, fəhlə işləməyə məcbur olub. Nəticədə xəstəliyi daha da ağırlaşıb:

“2007-ci ildə evlənəndən sonra atamın vaxtilə çiy kərpicdən tikdiyi iç-içə olan ikiotqalı evdə həyat yoldaşım və iki oğlumla yaşayırdıq. Təbii fəlakət nəticəsində- daşqınlar zamanı ev qəzalı vəziyyətə düşdü. İmişli Rayon İcra Hakimiyyətinə müraciət etdim, gəlib evə baxdılar, pis vəziyyətdə olduğunu görsələr də, “yararlı” yazdılar. Üzərindən bir neçə il keçdi, bu dəfə kəndin bələdiyyəsinə müraciət etdim. O da sağ olsun, evin şəkillərini ovaxtkı icra başçısı Vilyam Hacıyevə təqdim etdi. Təəssüf ki, yenə də müraciətimə baxılmadı. Vilyam Hacıyev icra başçısı olanda onun qəbuluna düşmək çox müşkül məsələ idi. Heç kimi yaxın buraxmırdı. Evin vəziyyəti ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdım. Cavab gəldi ki, sizin müraciətinizə baxılacaq, lakin yenə də nəticəsiz qaldı“.

Şikayətçi köhnə evinin bərpa olunacağına ümidini itirəndən sonra özü yenisini tikmək istəsə də, buna nail olmayıb:

“Əvvəlki ev çox acınacaqlı vəziyyətdə idi. İlanların içində yaşayırdıq. Uşaqlar çox qorxurdu. Həyat yoldaşım uşaqlarla birgə ilanlara görə qardaşıgilə köçdü. Mən də evdə tək qalırdım. Yeni evi tikəndə, ağırlıq qaldırdığıma görə vəziyyətim pisləşdi, ağciyərimə su gəldi, işlər yarımçıq qaldı. Əslində, həkim mənə ağır yük qaldırmağı qadağan edib. Amma neyləyim? İki övladım var. Mənə köməklik etsəydilər, bu evi yaşayış üçün yararlı vəziyyətə gətirərdim. Sabah-birigün ölərəm, uşaqlarım pis gündə yaşamasın”.

Vəziyyəti ağırlaşan İmişli sakini Bakıya gələrək, Ağciyər Xəstəlikləri İnstitutunun Vərəm Terapiyası Şöbəsində müalicə olunub:

“Düz iki ay xəstəxanada yatdım. Evə qayıdandan sonra isə yataq xəstəsi oldum. Səhhətimlə bağlı ciddi problemlərim yarandığı üçün işləməyə gücüm olmadı. Dostlarım, qohum-əqrəba dava-dərman almağıma kömək etdi. Yeni ayağa qalxmışam. Həyat yoldaşım evdar qadındır, ailədə işləyən mənəm, o da səhhətim imkan verəndə. Hazırda karantin olduğuna görə iş yoxdur. Düşəndə, kiminsə qapısında işləyirəm, beş-üç manat qazanıram. Evin problemlərinə, qənd-çaya veririk. Bundan artıq işləməyə gücüm çatmır. Bu evə də təxminən altı ay öncə köçmüşük. Həyat yoldaşımın ailəsi, qohum-əqrabanın sayəsində evin bir otağını birtəhər düzəldib köçdük. Qaz və işıqpulunu ödəyə bilmirəm. Dövlətdən heç bir gəlirim yoxdur ki, nəsə də verim. Amma iki övladım var. Bu gün-sabah əsgərlik yaşı çatanda gəlib aparacaqlar. Bu dövlət mənə nə verib ki, oğlumu da tələb edə? Amma neyləmək olar?”

“Bakıda xəstəxanada yatanda aldığım kağızı İmişli Rayon Mərkəzi Xəstəxanasına təqdim etdim. Səhhətimə görə əlillik dərcəsi almaq istəyirdim. Lakin yatağa düşdüyüm üçün bu işi sona çatdıra bilmədim”, – Zamiq Cahangirov deyir:

“İndi yenidən gedib həmin xəstəxanada yatmalı, sənədi təzələməliyəm. Gətirəm, bura verəm ki, pensiyam düzəlsin. Həkim deyir ki, tez-tez müayinədən keçməlisən, dərmanlar yazılmalıdır. Müalicə olunmalıyam ki, ağırlaşmalar baş verməsin. Yəni xəstəlik daim həkim nəzarəti altında olmalıdır. Çox şükür ki, yolxucu xəstəlik deyil. Amma soyuq və ağır iş olanda qızdırma və ağrılarım olur. İndiyədək dövlətdən bir manat gəlirim olmayıb. 190 manat birdəfəlik ödəmə ilə bağlı müraciət etdim, 30 sot torpaq sahəm olduğu üçün ala bilmədim. Kənddə yaşayırıqsa, hamımızın adına torpaq sahəsi ola bilər”.

Meydan TV məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verən olmayıb.

Azərbaycanda ilk dəfə COVİD-19 virusuna yoluxma faktı bu ilin 28 fevralında qeydə alınıb. Martın 24-dən ölkədə xüsusi karantin rejimi elan edilib. Həmin müddətdən etibarən paytaxt Bakıda və bəzi rayonlarda iş yerləri bağlanıb. Dövlət işsizlər üçün 190 manat birdəfəlik müavinət ödəməyə başlayıb. May və iyun ayı üçün ödəmələr olub. Lakin vətəndaşlar arasında birdəfəlik ödəmələrin verilməsi ilə bağlı qeyri-şəffaflığın olmasına dair narazılıqlar var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bildirir ki, işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılaraq həyata keçirilir və hansısa qanun pozuntusundan söhbət gedə bilməz.

Eyni zamanda, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, əmək pensiyaçılarına, aylıq müavinət alanlara, aylıq təqaüd alanlara, özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, işsizlikdən sığorta ödənişi alanlara, peşə hazırlığına görə təqaüd alanlara, 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, əri və ya arvadı sahibkar olanlar (aktiv VÖEN-i olan) və ya MEİS-in “”Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara, əri və ya arvadı ünvanlı dövlət sosial yardımı alan və ya kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə 190 manatlıq birdəfəlik yardım düşmür.

Untitled design – 2020-07-23T150015.002.jpg
Evin vəziyyəti
Evin vəziyyəti
Evin vəziyyəti
Ana səhifəBölgəİmişli sakini: İndiyədək dövlətdən bir manat gəlirim olmayıb