“Prezident özünüməşğulluq proqramını yaradıb ki, kasıblara əl tutulsun”
İmişlinin Çaxırlı kəndində yaşayan Babayevlər ailəsi övladlarını məktəbə göndərə bilmir. Səbəb pulsuzluq, imkansızlıqdır. Ailə başçısı Elbrus Babayev işsiz olduğunu deyir. Buna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin İmişli rayon şöbəsinə dəfələrlə müraciət etdiyini söyləyir.
“Ancaq mənə bir iş tapılmır. Gündəlik fəhləlik edim deyirəm. O da, indiki dövrdə heç kim fəhlə işlətmir, hamı işini özü görür. Axırda məşğulluğa dedim ki, məni nazirliyin Özünüməşğulluq Proqramına qoşsunlar. Mənə də təlim keçilsin, biznes-plan yazım, heyvan alım saxlayım. Heç olmasa südündən, qatığından, pendirindən, nə bilim, balasından satıb övladlarımı, ailəmi dolandıraram. Konkret bir şey demədilər. Uzun müddət sənəd düzəltdim, apardım verdim. Get-gələ saldılar. Bugünədək bir xəbər çıxmayıb”, – Elbrus Babayev bildirir.
Şikayətçi əlavə edir ki, axırıncı dəfə məşğulluğa gedəndə ona bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi"nə (DOST) müraciət etsin. Orada ona iş tapılana qədər dəstək olacaqlar. Ancaq Elbrus Babayev deyir ki, neçə dəfə gedib, hər dəfəsində mərkəzin qapıları bağlı olub:
“Ümumiyyətlə, bu cür qapılar adətən əsl ehtiyacı olanların üzünə qapalı olur. Bir sözlə, alınmadı”.
Elbrus Babayev deyir ki, iş, iş tapana qədər kömək etməkləri özlərinə qalsın, heç olmasa ona heyvan verilsin:
“Prezident bu proqramı yaradıb ki, kasıblara əl tutulsun. Tutulmur. Kasıbın vəzifəsi elə kasıb qalmaqdır. Axırıncı dəfə məşğulluqdan mənə dedilər ki, hara yazırsan yaz, bizə gəlir. İstədiyimizi edəcəyik. Dolanışıq, iş də yoxdur. Dəfələrlə bələdiyyəyə də müraciət etmişəm. Deyir, “iş yoxdur”. Hər yerə məktublar yazmışam. Heç biri işə yaramayıb. Bakıya yazırsan göndərirlər bura. Burdakılar da baxmır. Sosial da vermir ki, sizə düşmür. Hər yerdən əlimizi üzüb oturmuşuq”.
Babayevlər ailəsinin 3 qızı, 1 oğlu var. Böyük uşağın 15, kiçiyinin 6 yaşı var. Evin xanımı Rəşadə Babayeva deyir ki, uşaqlarına təhsil vermək arzusudur. Amma indiki vəziyyətdə bu, mümkün görünmür:
“Çünki uşaqları məktəbə göndərə bilmirəm. Kiçik 1-ci sinfə gedir. Xeyli ehtiyacı var. Böyük isə 9-da oxuyur. Universitet üçün gərək indidən hazırlaşsın. Bizim isə bu arzuların, istəklərin, ehtiyacların qarşılığında pulumuz yoxdur. Nəinki ehtiyacları almaq, hazırlığa qoymaq, məktəbə göndərməyə gücümüz çatır ki?”
Rəşadə Babayeva deyir ki, uşaqları yaxşı oxuyur, müəllimləri həmişə tərifləyir. Di gəl ki, işsizlik, imkansızlıq onlara təhsil vermələrini mümkünsüz edir:
“Hələ onu deyim. Bir ara dedilər “online” təhsil olacaq. O kompüter var ha, biz heç onun yaxınından da keçə bilmərik. Nə gəzir bizdə? Əyin-başlarını ala bilmirik. Qohum uşaqların köhnəsi ilə böyüyüblər. O da, olanda”.
Babayevlər ailəsi övladlarının gələcəyini düşünürlər. Ancaq əllərindən heç nə gəlmədiyini deyirlər:
“Vallah, çalışdıq, çabaladıq, hər yerə müraciət etdik. İş tapa bilmədik. 2018-ci ildən isə məşğulluğa müraciət etmişik ki, heyvan versinlər. Bizi get-gələ salıblar. Vermirlər, bir açıqlaması da yoxdur. Bilirsiz, o heyvanları da bir az hörmət edənə verirlər. Bizim kimi əsl ehtiyacı olanlar da qalır kənarda. Bir sözlə, deməyim odur ki, çox çalışdıq hə şey boş çıxdı. İndi susub oturmuşuq, ümid qalmayıb”.
İmişli Rayon Məşğulluq Mərkəzindən Meydan TV-yə ailənin problemlərini və həqiqətən mərkəzə müraciət edib-etmədiklərini araşdıracaqlarını, bununla bağlı açıqlama verəcəklərini bildirsələr də, sonradan zənglərə cavab verməyiblər.