Qaz sayğacının qoyulmaması səbəbindən vətəndaş qazdan istifadə edə bilmir
“Ötən ilin dekabrında evimə qaz xətti çəkilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinin İmişli Rayon İdarəsinə müraciət etdim. İdarədən məni onların müqavilə bağladığı podratçı şirkətə yönəltdilər. Xəttin çəkilişi üçün 240 manat vəsait köçürtdüm. Qaz xəttinin çəkilməsinə təxminən 350 manat xərcləmişəm”.
Bunu Meydan TV-yə İmişli rayonu Oruclu kənd sakini Kazım Hüseynli bildirib. Hüseynlinin sözlərinə görə, qaz xətti çəkilsə də, sayğac quraşdırılmayıb. Buna görə də, qazdan istifadə edə bilmir:
“İki övlad böyüdürəm. Soyuq qış aylarında istiliksiz qalmışıq. Sözün həqiqi mənasında donuruq. Evdə yorğana bürünüb oturmaq da işə yaramır. Dəfələrlə müraciət etsəm də, baxan yoxdur. Nə vaxt sayğac quraşdırılacağını söyləmirlər”.
Kənd sakini deyib ki, çətinliklə böyüyən uşaqları vətənə borcunu ödəmək üçün hərbi xidmətə aparacaqlar. İndi isə uşaqların hansı şəraitdə böyüdüyü ilə maraqlanan yoxdur.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev isə Meydan TV-yə deyib ki, qaz xəttinin çəkilməsi ilə podratçılar məşğul olur:
“Qaz xəttinin çəkilməsi üçün “Azəriqaz”a bir qəpik də olsa pul ödənilmir. İstehsalat Birliyi satdığı qazın ödənişindən başqa heç bir xidməti pulla yerinə yetirmir, bütün xidmətlər ödənişsizdir”.
Mənbə: Azəriqaz
“Şikayətçi yəqin ki, podratçı şirkətlə danışıb və vəsaiti də onların hesabına ödəyib. “Azəriqaz” sayğacı da sonda ödənişsiz verir. Şikayətçi İstehsalat Birliyi ilə əlaqə saxlasın və şikayəti araşdıraq”, – Eldəniz Vəliyev deyib.
Mətbuat sözçüsü bir daha məlumat verib:
“Vətəndaşlar bilsinlər ki, “Azəriqaz” vətəndaşlara pulsuz xidmət edir. Vətəndaş yalnız istehlak etdiyi qazın pulunu ödəyir. Qaz xəttinin çəkilməsi ilə lisenziya almış podratçı şirkətlər məşğul olur. “Azəriqaz” bu işlərlə məşğul olmur. Vətəndaşın müraciəti “Azəriqaz”ın işi ilə əlaqədar olarsa, yerinə yetiriləcək. “Azəriqaz” sayğacları vətəndaşa təmənnasız verir”.