İmişli sakini: Cənab Prezident, təyin etdiyiniz məmurlar heç biz tərəfə baxmırlar da

“Nömrəmi götürdü, dedi kömək edəcək. Elə o gedən getdi”.

Source: Specify Source


“120 manatı neçə yerə bölüm, bilmirəm”

İmişlinin Bəcirəvan kəndinin sakini 53 yaşlı Sevil Nurullayeva və oğlu artıq 5 ilə yaxındır ki, qohum-qonşu evinə sığınıb. Deyir, min əziyyətlə tikdiyi evi başına uçur, qəzalıdır və artıq içində yaşanası deyil.

Sevil Nurullayeva məktəbdə xadimə işləyir. Aldığı 120 manat maaş isə onun aylıq xərclərinə güclə çatır. Bir çox halda heç çatmır da…

22 il əvvəl tikdiyi evi isə gil və saman qarışımındandır. 2010-cu ilin qışında yağan güclü yağış və ardınca gələn seldən sonra həmin evin bünövrəsi sarsılıb, tamamilə yararsız hala düşüb:

“Yenə birtəhər orasını-burasını düzəldib, içində yaşayırdım. Son 5 ildə isə addım atılmaz hala düşüb”.

Sevil Nurullayeva dəfərlərlə aidiyyəti qurumlara kömək üçün müraciət etdiyini bildirir. Deyir ki, əvvəlki icra başçısı Vilyam Hacıyevin qəbulunda çox olub. Bundan əlavə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna, deputat Çingiz Qənizadəyə məktubla müracətlər edib. Deyir ki, bugünədək probleminə kömək edən olmayıb:

image00411 (1).jpeg
“Birtəhər orasını-burasını düzəldib, içində yaşayırdım”

“Bir dəfə deputat Çingiz Qənizadəni evimə dəvət etdim. Başımın üstündə Allah var, gəldi də. Evi göstərdim, dedim, bax, Allaha xatir düzünü de, burada insan yaşayarmı? Xeyli baxdı, sonra dedi ki, haqlısan. Nömrəmi götürdü, dedi kömək edəcək. Elə o gedən getdi”.

Sevil Nurullayeva deyir ki, gördüyü işin zəhməti az deyil. Bu yaşda xadiməlik etmək, insanların ayağının altını süpürmək asan deyil:

“Xadiməlik pis işdir demirəm ha, sadəcə çətindir. Bir dəfə xatırlamıram, hardansa eşitdim. Deyirdilər ki, xarici ölkədə, deyəsən İsveçrədə xadimə bizim pulla 2-3 min manat alır. Nə bilim, pensiyaçılar aldıqları pulla dünyanı gəzirlər. Əgər gördüyüm işə görə normal maaş alsaydım, yaxud o bəxtəvərlər kimi yaxşı pensiyam olsaydı, özümə ev tikdirərdim, heç kimə də ağız açmazdım. Amma heç bilmirəm belə getsə pensiya yaşıma çatacağammı?”

Şikayətçi bildirir ki, məhz gəliri cüzi olduğuna görə məmurlara yalvarır. Deyir çalışır, oturmur, əziyyət çəkir, amma gəliri çox azdır və heç nəyə çatmır:

“Yəqin bunda bizim başbilənlərin günahı var. Yoxsa o xarici ölkələrdəki kimi hamımız yaxşı yaşayardıq. Düşünürəm ki, madəm mənim bu gündə yaşamağımda məmurların günahları var, onda kömək etməlidirlər”.

image00387 (1).jpeg
“Evi göstərdim, dedim, bax, Allaha xatir düzünü de, burada insan yaşayarmı?”

Sevil Nurullayevanın bir oğlu var. Həyat yoldaşını gənc yaşlarında itirib, oğlunu tək böyüdüb. Deməsinə görə, oğlunun da normal işi olmur, çox vaxt işsiz qalır:

“İmkan olmadı, oxuda bilmədim. Zəif uşaqdır, fəhləlik edir, sonra 5 gün üzü üstə qalır, etmir, məcburam xərclik verəm. 120 manatı neçə yerə bölüm, bilmirəm. Axırıncı dəfə özümə geyim aldığımı xatırlamıram. İnsanlar verir, geyinirəm, vermirlər, olmur. İnsanam, yaşlıyam, mən də normal yaşamaq istəyirəm”.

Şikayətçi bildirir ki, dövlət idarələrinə, məmurlara məktub yazmaqdan yorulub. Ötən aylarda bankdan kredit götürüb, həmin pulla bir yük maşını dolusu daş alıb:

“İndi o yüksək əmək haqqımın bir hissəsi kreditə çıxılır (gülür). Əlimə 76 manat keçir. Siz hesablayın, mənim savadım yoxdur, aylıq kreditim nə qədər edir? Onu da hesablayın ki, bu 76 manatla mən 1 ay necə dolanım?”

Sevil Nurullayeva əlavə edir ki, kreditə aldığı daşı həyətə tökdürüb. İndi həmin daşlara baxa-baxa qalıb:

“Ağılsız başım, tutaq ki, daşı aldın, necə tikəcəksən? Heç düşünmədim. Elə bir anlıq əsəb ilə gedib aldım. Gecələri gedirik qohum-qonşu evinə, onlarda yatırıq. Gündüzləri gəlirəm bura, həyətdə-bacada iş görürəm toyuqlara dən verirəm. Bir sözlə, küçələrdəyəm”.

image00396.jpeg
“Son 5 ildə isə addım atılmaz hala düşüb”

Sevil Nurullayeva Prezident İlham Əliyevdən kömək istəyir. Deyir, onun bölgələrə təyin etdiyi məmurlar vətəndaşın sözünü eşitmir, ona tərəf baxmırlar da:

“Odur ki, tək ümidim, sizsiniz, cənab Prezident. Bəlkə siz mənə kömək edə bilərsiniz. Villa istəmirəm, mümkündürsə, mənə kiçik bir daxma qaraldın, imkanınız çatmasa, köhnə evimin təmiri alınarsa, ona kömək edin. Bilirəm, son zamanlar xərcləriniz artıb, torpaqlarımızda xaraba qoyulmuş binalarımızı təmir etdirirsiz. O xarabadan biri də buradadır, məni də unutmayın”.

Meydan TV deputat Çingiz Qənizadə ilə əlaqə saxlaya bilməyib.

İmişli Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların şikayətləri ilə iş şöbəsindən bildirilib ki, tez-tez qəzalı evlə bağlı şikayətlər alırlar. Ancaq icra hakimiyyətinə belə işlərə görə büdcədən vəsait ayrılmır:

“Kiçik təmir işlərinə bəzən kömək edirik, əlimizdən gələn dəstəyi göstəririk. Ancaq böyük işlər görülməsi, məsələn, ev tikilməsi üçün vəsaitimiz olmur”.

image00394.jpeg
“İnsanlar verir, geyinirəm, vermirlər, olmur”
Ana səhifəBölgəİmişli sakini: Cənab Prezident, təyin etdiyiniz məmurlar heç biz tərəfə baxmırlar da