İmişli kəndləri bu il də qazsız qaldı

“Əmr verən də maraqlanmır ki, mənim göstərişimi yerinə yetirirlər, ya yox?”

Source:


“Əmr verən də maraqlanmır ki, mənim göstərişimi yerinə yetirirlər, ya yox?”

“…Mənim başa düşmədiyim odur ki, bu ölkənin bir rəhbəri var, bir ali baş komandanı var. Bütün günü televiziyada eşitdiyimiz söz yalnız budur ki, ali baş komandan əmr etsə, Qarabagı alacağıq. Qarabağı hələ qoyaq kənara. Ay qardaş, bu Ali Baş Komandan sənə əmr edir ki, al bu pulu, İmişliyə qaz çək. Havayı çək demir ki? Dövlət büdcəsindən vəsait ayırır da. Hər halda bu boyda ölkənin rəhbəri bilir nəyi necə etmək lazımdır, o üzdən bu fərmanı verir. Niyə çəkmirsən?”

Bu sözləri Qaravəlli kənd sakini Vahid Vəliyev deyir. Onun sözlərinə görə, dəfələrlə dərdlərini şikayət məktubu şəklində Prezident Administrasiyasına da bildiriblər: “Əmr verən də maraqlanmır ki, mənim göstərişimi yerinə yetirirlər, ya yox? Bəlkə də maraqlanır, ətrafındakılar onu aldadir, nə bilim?”

Mavi yanacağın olmamasından Mirili kənd sakini Mərdəli Məmişov da gileylənir: “Dövlət başcısının, İmişli rayonunun bütün kəndlərinə təbii qazın çəkilməsi barədə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dovlət Proqramı”nın təsdiq edilməsi haqqında, 14 aprel 2009-cu il fərmanından xəbərdarıq. Artıq 2014-ci il olduğundan da xəbərdarıq. Siz də xəbərdar olun ki, hələ də bizim kəndə gəlib deyən yoxdur ki, qaz xətti hardan çəkiləcək. Bu problem təkcə Mirili kəndinin problemi deyil. Rayon mərkəzindən bizə qədər Qaralar, Cavadxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli kəndləri yerləşir. Bu kəndlərin hec birində qaz xəttinin gedəcəyi yer müəyyənləşdirilməyib, nəinki qaz xətti çəkilib”.


Problem işıqlandırılır, nəticəsi yoxdur

İmişli rayonunun qaz problemi barədə müxtəlif mətbi orqanlarda kifayət qədər çox məlumat gedib. Dövlət Proqramına görə, 2013-cü ilin dekabirına qədər qaz çəkilişi yekunlaşmalı idi. Ancaq hələ də kəndlərin 80 faizindən çoxunda qaz xətti yoxdur.

Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə ünvanlanmış informasıya sorğusuna Baş direktorunun əsaslı tikinti üzrə müavini Elman Abbasov cavab göndərib. Məktubda deyilir: “Məlumat üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq İmişli rayonunun İmişli şəhəri, Cəfərli, Muradxanlı, Rəsullu və Yalavac kəndləri qazlaşdırılmışdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində İmişli rayonunun qazlaşdırılması üçün tələb olunan həcmdə maliyyə vəsaitinin təyinatı üzrə dövlət büdcəsindən ayrılmasından asılı olaraq İmişli rayonu, Mirili kəndinin və digər qazlaşmayan yaşayış məntələrinin mərhələli qazlaşdırılma məsələsinə baxılacaqdır”.

İmişli Rayon Qaz İstismarı İdarəsinin baş mühəndisi Yelmar Əliyevin 2013-cü il oktyabr ayında mətbuata verdiyi açıqlamada isə deyilirdi: “Rayon üzrə 21118 təsərrüfat subyektindən 7125-i mavi yanacaqla təmin olunub. Rayon mərkəzində bu iş artıq başa çatmaq üzrədir. Eyni vaxtda kəndlərə də  qaz xətlərinin çəkilişi davam edir və 2014-cü ilin əvvəlinə qədər rayonun bütünlüklə qazlaşdırılması nəzərdə tutulub.” Hal-hazırda 2014-ci ilin  oktyabrıdır və vəziyyət heç də 2013-cü ilin oktyabr ayındakından fərqlənmir. Qarşıdan qarlı qış gəlir. Bu gedişlə nəinki ilin sonuna kimi, heç gələn ilin sonuna kimi İmişli kəndləri qazlaşdırılmayacaq.

Ana səhifəXəbərlərİmişli kəndləri bu il də qazsız qaldı