İmişli hadisəsi ilə bağlı yazanlara təzyiqlərin olduğu bildirilir

Polislərin evə gəlməsi. Foto: Meydan TV

Bir neçə fəal saxlanılıb, paylaşımlar silinib…

İmişlidə yol-patrul xidməti əməkdaşının iki azyaşlının ölümü, ikisinin isə ağır yaralanmasıyla nəticələnən qəza törətməsi, ardınca rayondakı etirazlarla bağlı sosial şəbəkələrdə paylaşım edən şəxslərin polislər tərəfindən təqib və təzyiqlərə məruz qaldığı bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) verilən məlumata görə, son iki gündə partiyanın bir sıra fəalları yaşadıqları rayonlarda saxlanılaraq, polis şöbələrinə aparılıb.

Onların sosial şəbəkə hesablarına müdaxilə edilib, paylaşımları silinib.

Məlumatda bildirilir ki, AXCP fəallarından Sarvan Əhmədov yanvarın 19-da axşam saat 18.00 radələrində yaşadığı Ağdaş rayonunda saxlanılaraq, rayon polis şöbəsinə aparılıb:

“Onun “Facebook” hesabına müdaxilə olunub, son illərdəki paylaşımlarının hamısı silinib. Bir neçə saat sonra sərbəst buraxılıb”.

Saxlanılan daha bir cəbhəçi isə Qulu Məmmədli olub.

“Gecə saat 11 radələrində o, AXCP üzvlərindən biri ilə telefonla danışarkən qəfildən zəng kəsilib. Sonra məlum olub ki, Qulu Məmmədlinin yaşadığı evə polislər gəlib. Onu polis şöbəsinə aparıblar. Bir neçə saat sonra sərbəst buraxılıb”, – partiyadan bildirilib.

Bundan başqa, yanvarın 20-də digər partiya üzvlərilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etməyə gedərkən daha bir cəbhəçi Kərim Şükürovun da yolda saxlanılaraq, Yasamal rayonu, 29-cu polis bölməsinə aparıldığı deyilir.

Yanvarın 19-da gecə saat 23.30 radələrində Müsavat Partiyasının üzvü Raqif Kərimlinin də evinə polislərin gəldiyi bildirilir.

Bu barədə onun oğlu, partiyanın sədr müavini Fərəc Kərimli məlumat verib.

Fərəc Kərimli bildirib ki, yanvarın 19-da Səbail Rayon Polis İdarəsindən zəng edib, atasını idarəyə çağırıblar.

Atası evdə olmadığı üçün gələ bilməyəcəyini deyib.

Cinayət axtarış şöbəsinin rəisi israr edib ki, gəlməlidir:

“Atam da xəstə olduğunu bildirib. Təsəvvür edin, gecə saat 23:30-da Müşfiqabad qəsəbəsinə arxasınca polis göndəriblər. Polislər də gəlib görüb ki, həqiqətən xəstədir, gedə bilməz. Məruzə ediblər ki, bu vəziyyətdə gətirmək olmaz. Gəlib narahat ediblər, gecə atamın təzyiqi 200-dən yuxarı olub. Onsuz da atam yüksək təzyiqdən əziyyət çəkir. Bir də gəlib belə narahat edirlər, təzyiq daha da qorxulu həddə çatır”.

Fərəc Kərimlinin sözlərinə görə, atasının 75 yaşı var. Hətta onunla profilaktik söhbət aparılsa belə, 32 ildir Müsavat Partiyasının üzvü olan Raqif Kərimlini qorxutmaq, yolundan döndərmək mümkün olmayacaq:

“İnzibati qaydada həbs də düşmür ki, deyim sutkalıq həbs verəcəklər. Cinayəti də yoxdur ki, həbs qətimkan tədbiri seçəsiniz. Polis vaxtını belə işlərə nə üçün sərf etməlidir? Bu tapşırığı kimlər verir? İmişlidə yol polisinin törətdiyi qəza haqda iki cümləlik bir yazı yazıb. Öz başına gələn hadisədə də bir söz var ki, “yol polisi cızığından çıxıb”. İndi bu söz xətrinizə dəyib? Bir başınızı qaldırıb baxın görün bütün ölkə yol polisi haqda nələr danışır”.

Müsavat Partiyasının başqa bir fəalı Əlikram Xurşidov isə yanvarın 19-na keçən gecə saat 2 radələrində Şirvan şəhərində yaşadığı evdə saxlanılıb.

Yanvarın 19-da günorta Şirvan şəhər məhkəməsinin qərarı ilə ona xırda xuliqanlıq ittihamı ilə 10 sutka inzibati həbs cəzası verilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, müxalif partiya üzvü olmayan sosial media istifadəçiləri arasında da polisə çağırılaraq, paylaşımlarını silməyə məcbur edilən çoxsaylı adamlar var.

Ana səhifəSiyasətİmişli hadisəsi ilə bağlı yazanlara təzyiqlərin olduğu bildirilir