“İmişli hadisələri”nə görə həbs olunan 14 nəfərin cinayət işi üzrə məhkəmə keçirilib

İmişli hadisəsi. Foto: Telegram

Növbəti proses mayın 27-nə təyin olunub

İmişlidə Dövlət Yol Polisi (DYP) avtomobilinin törətdiyi, 3 uşağın ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən qəzadan sonra etiraz etdikləri üçün saxlanılan 14 nəfərin cinayət işi üzrə hazırlıq məhkəməsi keçirilib.

İmişli Rayon Məhkəməsində olan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Növbəti proses mayın 27-nə təyin olunub.

2025-ci il yanvarın 18-də Dövlət Yol Polisinin (DYP) iştirakı ilə İmişlidə ağır-yol nəqliyyat hadisəsi olub.

Polisin yüksək sürətlə idarə etdiyi xidməti avtomobil məktəbdən gələn 4 şagirdi vurub, onlardan ikisi hadisə yerində keçinib. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

DYP avtomobilinin sürücüsü də xəsarət alıb.

Hadisə baş verən gün DİN qəzanın görüntülərini yayıb.

Videoda digər, “Mersedes-Benz 190” markalı avtomobilin polis maşınının önünə çıxdığı görünüb, amma görüntü dəfələrlə yavaşıdıldığı üçün polis avtomobilinin hansı sürətlə hərəkət etdiyi məlum olmayıb.

DYP avtomobilinin yüksək sürətlə hərəkət etməsi və həlak olanların azyaşlı olması yerli əhalidə qəzəb doğurub və elə həmin gün insanlar küçələrə axışıb.

Qəzəblənmiş kütlə, xüsusilə gənclər polis avtomobilini arxası üstə aşırıblar, yüzlərlə adam “istefa” şüarı səsləndirərək İmişli Rayon Polis İdarəsinin önünə doğru yürüş ediblər.

Ardınca Daxili İşlər Nazirliyi (DİN) məlumat yayaraq etiraz edənlərin “xuliqanlıq” ittihamı ilə həbs olunduğunu bildirib.

Sosial şəbəkələrdə bildirilib ki, polis avtomobilinə hücum edən, onu çevirən və polislərlə mübahisə edən 100-dən çox adam saxlanılıb.

Saxlanılanların əksəriyyəti İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə təqsirləndirilərək barələrində 1 ayadək inzibati həbs verilib.

Baş verən hadisələrdən sonra İmişli şəhərində gücləndirilmiş rejim hökm sürüb. İnzibati binaların, parkların, meydanların ətrafında polislər qarovul çəkib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda hətta şəhərə Daxili Qoşunların yeridildiyi və yolların bağlandığı bildirilib.

Yerli əhalidən verilən məlumata əsasən İmişlidə interneti də kəsiblər.

Yanvarın 22-də İmişli Rayon Məhkəməsi yol qəzasından sonrakı etirazlarda xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər (Bəylər Bayramlı, Rasif Babayev, Anar Cabbarlı, Vüqar Usublu, Şamil Səfərov, Elman İbrahimov, Abbas Bağırov, Taleh Məmmədov, Raqib Tağıyev, Qoşqar Məmmədov, Sənan Əliyev, Elxan Əzimov, Ruslan Quliyev, Rahib Rzayev) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.

2025-ci il aprelin 7-də həbs olunanların həbs müddəti uzadılıb.

Qəzada xəsarət alan azyaşlılardan daha biri isə yanvarın 22-də hospitalizasiya olunduğu “Yeni Klinika”da vəfat edib.

DYP-yə məxsus avtomobili sürən və qəza törədən polisin isə məsuliyyətə cəlb olunub-olunmaması barədə rəsmi heç bir məlumat verilməyib.

Sosial şəbəkələrdə iddia olunub ki, həmin şəxs keçmiş deputat, milyonçu Əhəd Əhmədovun qardaşı oğludur.

Qəzanı törədən digər şəxs, 17 yaşlı İmişli sakini Bəylər Bayramlı hazırda həbsdədir.

Baş Prokurorluğun ilkin istintaq nəticələrində bildirilib ki, o, qohumunun “Mercedes Benz”ini icazəsiz götürərək sürüb. Bəylər Bayramlının nəqliyyat vasitələrini idarə etmək hüququ olmayıb və yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan insan ölümünə səbəb olub, sonra da hadisə yerindən qaçıb.

Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində həbs olunub.

Ana səhifəSiyasət“İmişli hadisələri”nə görə həbs olunan 14 nəfərin cinayət işi üzrə məhkəmə keçirilib