İmişli bazarında

”Hamı günahı satıcıda görür”

Source:


”Hamı günahı satıcıda görür”

“Yemin, buğdanın, dərmanın, gübrənin, toxumun qiymətini qaldırırlar. Kimsə onlardan bunun səbəbini soruşmur. O gün ki kəndli toyuğun, yumurtanın, ətin qiymətini qaldırdı, acgöz olur, bahaçıl olur. Hamı söyür, qınayır”, – deyir, İmişli bazarında ət və toyuq məhsulları satan Şakir Məmmədov.

Alıcılar satıcılardan, satıcılar isə kəndlilərdən şikayətçidir. Son günlər ölkədə kənd təsərrüfatı məhsullarının qiymətinin qalxmasında hamı günahkar axtarır. Kimsə də təqsiri özündə görmür.


“Deyirlər, seçkidən sonra lap pis olacaq”

Rəna Əliyeva bazara qış üçün tədarük görməyə gəlib. Meyvə alıb kompot bişirəcək, tərəvəz alıb tutma hazırlayacaq. Deyir, qiymətlər əvvəlkinə baxanda çox bahadır:

“Əvvəl 50 manat bütün alacaqlarımı görürdü. İndi alış-verişin yarısını etməmişəm, 10 manatım qalıb. Hər şey bahalaşıb. Ən çox pomidorda hiss etdim. Meyvələrin də qiyməti qalxıb. Çətindi. Deyirlər, seçkidən sonra lap pis olacaq”.

Alıcılar deyir ki, pomidor 30 qəpikdən 60-a, xiyar 40 qəpikdən 50-yə, badımcan 20 qəpikdən 30-a, bibərin qiyməti isə 40 qəpikdən 50 qəpiyə qalxıb. Toyuq məhsullarının qiymətlərində də artım var. Kənd yumurtasının bir dənəsi 25 qəpikdir. Toyuq 6-7 manata, ət isə 8 manatadır. Satıcılar məhsulun baha gəldiyini deyirlər.


“Kəndli gübrəni, toxumu baha alanda qiyməti də qaldıracaq”

Satıcı Aydın Nəsirov deyir ki, hələ kartofun, soğanın qiymətində artım yoxdur. Ancaq artım başlayıbsa, bu, özünü gələcək aylarda göstərəcək:

“Hələlik malları əvvəlki qiymətinə almışıq. Əminəm ki, bu gedişlə gələn məhsul ilində artım daha çox hiss olunacaq. Kəndli gübrəni, toxumu baha alanda qiyməti də qaldıracaq. Və yaxud evinə lazım olan gündəlik ərzaq mallarını baha alanda kartofun, soğanın qiymətini qaldırmalı olacaq”.


“Kəndlinin malı dəyərdən salınır”

Sürəyya Məmmədova isə deyir ki, bahalaşma onlara çox təsir edib:

“Həmişəki kimi bahalaşma, böhran daha çox satıcıya təsir edir. Toyuq-cücəni çox bahalaşdırmamışıq. Bəlkə də 1 manat fərq edir. Ancaq buğda, arpa bahalaşıb. İndi biz yazıq neyləyək? Artım olan kimi alıcı günahı bizdə görür. Ancaq soruşan yoxdu, biz necə böyüdürük bu toyuğu-cücəni”.

Sürəyya Məmmədova deyir ki, kəndlinin malı dəyərdən salınır: “Kəndlinin malına qiymət qoyan yoxdur. Şor, pendir, süd, yumurta, həyət toyuğu – bunların hamısının üstünə qəpik-quruş qoyub satıram. Di gəl, özləri qəndi, şəkəri, çayı, yağı qaldırırlar, biz qaldıranda qiyamət qopur”.


“Məcbur olub, qiyməti qaldımışam”

Bu aylarda alıcılar ən çox meyvə-tərəvəz məhsullarına ehtiyac duyurlar. Həm kənd təsərrüfatı mallarının bahalaşması, həm də payızın gəlməsi ilə bu məhsulların da qiyməti qalxıb.

Satıcılardan Abdul İbrahimov deyir ki, pomidorun 5 kilosunu bir neçə həftə əvvəl 1 manata satırmış. İndi bu, mümkün deyil:

“İndi 5 kilosu mənə 1 manata gəlib çıxır. Məcbur olub, qiyməti qaldırmışam. Yenə bu yaxşıdır. Bir müddət, ümumiyyətlə, yaxşı pomidor gəlmirdi. Sonradan gələnlər də baha oldu. Badımcanın topdansatışı 30 qəpikdir, 40 qəpikdən satıram. Bibəri isə 40 qəpikdən alıb, 50 qəpiyə satıram. Hər birinin üstünə maksimum 10 qəpik qoyuram. Ancaq camaat yenə bahalıqdan şikayət edir”.

Alıcılar qiymətlərin artdığını deyir, satıcılar isə bunu gizlətmirlər. İmişli bazarında kəndli toxum, gübrə və yemin bahalaşmasından, satıcılar fermerlərin qiyməti qaldırmasından, alıcılar isə satıcıların məhsulun üstünə çox pul qoymasından şikayətçidir. İqtisadçılar isə hesab edir ki, məsələnin kökündə neftin dünya bazarında ucuz satılması, neft ölkəsi olan Azərbaycanın milli valyutasının dəyərdən düşməsi, idxal mallarının son bir ildə 2 dəfədən artıq bahalaşması durur…

Ana səhifəXəbərlərİmişli bazarında