“Yanğınsöndürən maşın bazarın içərisinə girə bilməyib”
İmişli rayonunun mərkəzi bazarı yanır. Yanğın saat 4-5 radələrindən başlayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerindədir və yanğını söndürməyə çalışırlar.
Meydan TV-yə məlumatı İmişli sakinləri veriblər. Bildiriblər ki, bazar tamamilə yanıb, heç nəyi xilas etmək mümkün olmayıb:
“Salamat bir yeri qalmayıb. Ümumiyyətlə, bazarın içinə yanğınsöndürən maşın girə bilməyib. Orda elə şərait yox idi. Bir böyük darvazası var, ordan girən yanğınsöndürənlər də yarıyacan söndürə biliblər. Dar, böyük maşının girə bilmədiyi yerlər tamamilə yanıb, külə dönüb və hazırda da yanğın sönməyib, davam edir”.
Sakinlər bildirirlər ki, nəinki İmişlinin, bütün ətraf 4 rayonun da yanğınsöndürənləri əraziyə cəlb edilib. Hələlik, yanğının tam söndürülməsinə nail olunmayıb.
Hazırda bazarın yaxınlığında olan İmişli sakini Yalçın Məmmədov bildirir ki, bazarın həm meyvə-tərəvəz, ərzaq satılan hissəsi, həm də geyim bölümü yanır:
“Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Ancaq yenə də insanların malını xilas etmək və yanğını tam söndürmək mümkün olmayıb. Olan yenə kasıblara oldu. İnsanların malı yandı, külə döndü. İnanın çoxu malı da nisyə vurub satırdı. İndi deyəcəklər ki, sığorta olunmalı idi, rayon yerində kimdir bunu edən. Nəticədə, yüzlərlə insan müflis oldu və onların ailələri çörəksiz qaldı”.
Yalçın Məmmədov bildirir ki, bir ara mağaza sahibləri mallarını çıxarmaq istəyiblər, ancaq buna çox azı nail ola bilib:
“Bəziləri mallarının bir qismini çıxara bildi, ancaq yanğın sürətlə irəlilədiyi üçün bazarı tezliklə tərk etməli oldular. Köhnə bazardır, çox yeri də taxtadan, bir göz qırpımında yanıb, kül olur”.
Sakinlərin bildirirlər ki, ilkin ehtimala görə bazarın yanma səbəbi elektrik naqillərində olan qısaqapanmadır. Ancaq hələlik, yanğının söndürülməsi ilə məşğul olunduğu üçün dəqiq nəsə deyən yoxdur:
“Bazar ərazisində yüzlərlə adam var. Hamı şokdadı, insanlar kömək etmək istəyir, amma mümkün deyil”.
Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat
yayıb.
Məlumatda deyilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərini davam etdirirlər və əlavə məlumat veriləcək. İmişli Rayon İcra Hakimiyyəti isə iş vaxtı bitdiyindən telefonlara cavab verməyib.