Neft gəlirlərinin 2 dəfəyədək azalmasını və bunun nəticəsində milli valyutanın 2 dəfəyədək dəyər itirməsini gözlənilməz iqtisadi proses saymaq olar
Beynəlxalq Valyuta Fondu
ikirəqəmli inflyasiyanı əsas götürərək Azərbaycanda sərt-pul kredit siyasətinin davam etdirilməsini dəstəkləyir.
Ölkədə qeyri-leqal işsizliyin miqyasının sürətlə genişləndiyi, əmək haqlarının ixtisarı nəticəsində əhalinin nominal gəlirlərinin azaldığı, onsuz da az olan qeyri-neft ixrac gəlirlərinin kəskin enməsi, kənardan dolanışıq üçün ailələrə göndərilən remitənslərin 2 dəfəyədək ixtisar olunduğu şəraitdə ikirəqəmli inflyasiya çox ciddi sosial şoklara səbəb ola bilər. İndiki inflyasiya səviyyəsi əhalini çox sürətlə yoxsulluq və sosial iztiraba sürükləyir.
Təxminən 2 il əvvəl Dünya Bankı Azərbaycan əhalisinin 66 faizini yoxsul və orta təbəqəyə məxsus olduğunu demişdi. Bank ekspertlərinin qənaətincə, bu kateqoriya yoxsulluqdan çıxsa da, orta sinfə daxil olmayıb. Həmin 66 faiz insanın gündəlik istehlakı o zamankı məzənnə ilə 4 dollardan çox, 10 dollardan az idi. Həmin vaxt bank ekspertləri bildirmişdilər ki, hər hansı daxili və xarici şok bu təbəqəni dərhal yoxsullar qrupuna sürükləyə bilər.
Neftin qiymətinin kəskin enməsi fonunda ölkədə yaşanan sosial-iqtisadi böhran, ikirəqəmli inflyasiya məhz onların nəzərdə tutduğu şokdur.
Əlbəttə, indi yoxsulluğun alternativ ölçülməsi mexanizmi olmadığına görə, Dünya Bankının “66 faizlik” qrupundan yoxsullar qrupuna nə qədər insanın keçdiyini demək çətindir. Amma Valyuta Fondu məhz bu riskləri nəzərə alaraq, ikirəqəmli inflyasiyanın qarşısının alınmasını vacib sayır.
Burada isə bir əmma var: sərt pul kredit siyasətinin o şəraitdə inflayasiyacilovlayıcı makroiqtisadi alət kimi kəsəri olur ki, qiymət artımına səbəb olan amillər sırasında monetar amillərin payı yüksəkdir. Monetar amillər o zaman aktivləşir ki, iqtisadiyyatda pul kütləsinin və kreditləşmənin yüksək səviyyəsi şəraitində Mərkəzi Bank həddən artıq aşağı faizli uçot siyasəti yürüdür.
Azərbaycanda isə son 2 ildə pul kütləsi 2 dəfə, kreditləşmənin həcmi isə 30 faiz azalıb. Mərkəzi Bankın bank sektoru vasitəsilə iri dövlət şirkətlərinə və hökumətə ayırdığı vəsaitləri nəzərə almasaq, onun kredit emissiyasında payı kifayət qədər kiçikdir. Hazırki şəraitdə Mərkəzi bankın uçot siyasəti pulyaradıcı, nəticə etibarilə inflyasiyatörədici gücə malik deyil. O ölkələrdə sərt pul kredit inflyasiyanı boğmaqda effektli silahdır ki, onlarda milli valyutada geniş pul kütləsinin ÜDM-ə nisbəti 40-50 faizdən az deyil. Azərbaycanda bu göstərici 16 faiz ətrafındadır. Həmin ölkələrdə isə kredit resurslarının ÜDM-də payı 50-70 faiz intervalında dəyişir. Azərbaycanda bu göstərici 30 faizin altındadır.
Hazırda şahidi olduğumuz ikirəqəmli inflyasiya iqtisadiyatın uzun müddət ərzində “pulsuzlaşdırıldığı” şəraitdə baş verib.
Bu günkü iqtisadi reallıqda Azərbaycanda yüksək inflyasiyanı törədən səbəblər içərisində qeyri-monetar (sadə desək pula bağlı olmayan) amillərin rolu həlledicidir. İqtisadi nəzəriyyədə bu amillərin sırası çox genişdir: iqtisadiyyatın strukturunun deformasiyaya uğraması, iqtisadiyyatda yüksək inhisarlaşma səviyyəsi, siyasi və iqtisadi xarakterli gözlənilməz hadisələr, iqtisadiyyatın yüksək səviyyədə millitarizasiyası, büdcə-vergi və pul-kredit siyasətində buraxılan kobud səhvlərdir.
Bu amillərin hər birinin təsirini son dərəcə dəqiqliklə ölçmək üçün dərin və uzunmüddətli, komanda zəhməti olan araşdırmalara ehtiyac var. Əvvəllər Mərkəzi Bank inflyasiya proseslərində monetar və qeyri-monetar amillərin tədqiqi ilə bağlı araşdırmaların nəticələrini ictimailəşdirirdi. Orada ayrı-ayrı amillərin payını da görmək olurdu. Son il yarımda belə məlumatlar gözə dəymir.
Lakin qeyri-neft ÜDM-nin 10 faizədək azalması, qeyri-neft ixrac gəlirlənin 50 faizdən çox itirilməsi iqtisadiyyatın strukturunda ciddi problemlərin gözlə görünən əsas əlamətlərindən sayıla bilər. Neft gəlirlərinin 2 dəfəyədək azalmasını və bunun nəticəsində milli valyutanın 2 dəfəyədək dəyər itirməsini gözlənilməz iqtisadi proses saymaq olar. Milyardlarla manat kredit resurslarının korrupsiyanın yeminə çevrilməsi, bu resursların yerini doldurmaq üçün Mərkəzi Bankın iqtisadiyyatda dəyər yaratmayan “milyardlıq” kredit emissiyasına əl atması kredit siyasətində buraxılan kobud səhvdir.
Hökumətin büdcə xərclərinə effektiv nəzarətə imkan yaradan nəticəli büdcə mexanizmlərinə keçə, büdcənin çiynində oturan izafi idarəetmə yükünü ixtisar edə bilməməsi yanlış büdcə siyasətinin təzahürüdür.
Sonda yenə İMF-nin sərtləşmə təklifinə dönürəm: Azərbaycanda dəyər yaradan, “1 manatı 5 manata çevirən” rəqabətli real sektor mövcud olsaydı, Mərkəzi Bankın “yumşalmağı”ndan qorxmazdıq. Bir halda ki, ölkə iqtisadiyyatı bu qədər “oliqarxlaşıb”, dövriyyəyə buraxılan pullar monopoliyaların mədəsindən qurtula bilmir, Fondun əndişəsini anlamaq olur.
Monetar sərtlik o halda özünü doğruldur və gərəkdir ki, hökumət yuxarıda sadalanan qeyri-monetar amillərin hər biri ilə ayrıca mübarizə aparır, real, nəticələri ölçülə bilən, geniş ictimai-siyasi konsensusa əsaslanan islahat proqramı qəbul edir, vaxt itirmədən onun həyata keçirilməsinə başlayır.