İmelda Markos – ”dəmir kəpənək” ləqəbli birinci ledi

Əvvəlcə prezident birinci lediyə layihələr və onların maliyyələşməsi sahəsində tam sərbəstlik verir, sonra məskunlaşdırma naziri və Manilanın qubernatoru vəzifələrinə təyin edir, daha sonra da xarici ölkələrə özünün yerinə onu göndərməyə başlayır.

Source: meydan.tv


(Birinci hissə)

İmelda Romaldes Markos –Filippinin keçmiş birinci ledisi. Dövlət vəsaitlərini xüsusilə böyük ölçülərdə taladığına görə əri Ferdinand Markosla birlikdə adı Ginnesin rekordlar kitabına düşüb. Var-dövlətini, bahalı geyimlərini və brilyantlarını xüsusi can-fəşanlıqla nümayiş etdirdiyi üçün vulqarlığın və görməmişliyin simvolu hesab olunur. Bununla bağlı termin də var – “imeldifik”, yəni İmelda stili, başqa sözlə, İmelda görməmişliyi. Hakimiyyətdən gedəndən sonra cəlb edildiyi məhkəmə çəkişmələrinin sayına görə də İmelda bütün “eks”lər arasında birincidir. Fillipini idarə etdikləri 21 il ərzində o və əri qanunsuz yolla 10 milyard dollarlıq varidat əldə etməkdə günahlandırılırlar.

****

İmelda Romaldes 1929-cu ildə Filippinin paytaxtı Manila şəhərində dünyaya gəlib, 5 ögey, 5 doğma bacı-qardaşı olub. Atası Visente əvvəl vəkillik edib, amma bu sahədə işi alınmadığı üçün doğulub-böyüdüyü Takloban şəhərinə geri qayıdıb. Elə həmin il ikinci arvadı, yəni İmeldanın anası Remedios vəfat edib. O dövrdə ailənin maddi vəziyyəti son dərəcə pisləşib, İmelda təhsil haqqını mütəmadi olaraq gecikdirən şagirdlərdən biri olub. Filippinli jirnalist Karmen Pedroza “İmelda Markosun danışılmamış hekayəsi” kitabında yazıb ki, o illərdə qızcığaz ucuz şirniyyatlar müqabilində amerikalı əsgərlər qarşısında mahnı oxuyurmuş (Brinci ledi olandan sonra İmelda bu kitabı qadağan edib).

1952-ci ildə İmelda Manilaya qayıdıb; onunla “kasıb qohum” kimi davranan dayısının – Nümayəndələr Palatasının spikeri Daniel Pomaldesin evində qalıb, mağazada satıcı işləyib. Atasını bunu bilib qəzəbləndiyi üçün dayısı oğlu onu banka işə düzəldib, sonra da Filippin Qızlar Universitetinin Musiqi və İncəsənət kollecinin müəllimindən İmeldanın həmin kollecə qəbuluna yardım etməsini xahiş edib.

1953-cü ildə gənc qız “Mis Manila” gözəllik müsabiqəsində iştirak edib və ikinci yeri tutub.

1954-cü ildə dayısı oğluyla birlikdə prezidentin çıxışını dinləmək üçün getdiyi parlamentdə İmelda o zaman müxalifət düşərgəsində təmsil olunan Ferdinand Markosun diqqətini çəkib. Qızın gözəlliyi və ələlxüsus da tanınmış ailəylə qohumluğu 35 yaşlı Ferdinandın “ağlını əlindən alıb”. O, vətəndaş nikahında yaşadığı arvadını “unudub” 11 gün ərzində aldığı hədiyyələr və güllərlə İmeldanı özünə ərə getməyə razı salıb. Əvvəlcə gizli nikah kəsdirən cütlük Visente Romaldesin razılığından sonra kilsədə evlənib.

İxtisasca hüquqşünas olan Markos atasının siyasi rəqibini öldürməkdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilmiş (1939), amma təkrar məhkəmə prosesində özü özünü müdafiə edərək bəraət almışdı. İkinci dünya müharibəsində yaponlara qarşı vuruşan partizan dəstəsinin rəhbəri olduğunu iddia edən (Bu faktla bağlı sübutlar mövcud deyil) Ferdinand parlamentə mandat qazanmış və ölkənin ən gənc konqresmeni olmuşdu.

****

1965-ci ildə korrupsiyaya qarşı mübarizə şüarlarıyla qatıldığı prezident seçkilərində Markos birinci olur və daha azğın korrupsiya sistemi qurub arvadı və yaxın qohum-əqrəbasıyla birlikdə ən yüksək səviyyədə lüks həyat yaşamağa başlayır, zirehli “rolls-roys”da gəzir, ABŞ-ın milyonlarla dollarlıq yardım vəsaitlərini İsveçrə və Romadakı gizli hesablara yatırır, maliyyə agentləri vasitəsilə Avropanın bir neçə ölkəsində və Amerikada mülklər alır. Müasirlərinin kobud quldurluq taktikası adlandırdığı bu prosesdə Markosun ən yaxın dəstəkçisi İmelda olur.

1968-ci ildə ər-arvad yalançı adlarla (Uilyam Sanders və Ceyn Rayan) “Credit Suisse” maliyyə şirkətində dörd hesab açıb bu hesablara toplam 950 000 dollar pul köçürürlər. Bir il sonra İsveçrə hesablarında elə bir yüklənmə yaranır ki, cütlük Lihtenşteyndə bir neçə xüsusi fond qeydiyyatdan keçirib mülkiyyət hüququnu bu qurumlara verir.

Yaponiyanın müharibədə dəyən zərərər görə Fillipinə ödədiyi kompensasiya, beynəlxalq yardım pulları, beynəlxalq bankların kreditləri və ABŞ-ın hərbi yardım üçün verdiyi maliyyə vəsaitləri də həmin hesablara köçürülür. Müflisləşmiş fermerlərdən (bir milyondan çox kəndlidən) kənd təsərrüfatının inkişafı üçün toplanan 216 milyon dolların aqibəti də eyni cür olur. Hökumət layihələrinin maliyyələşməsinə ayrılan pullar da həmin hesablara yatırılır. Səfərlərin birində İmelda İsveçrə bankına pulla dolu o qədər çox çamadan göndərir ki, ordan birinci lediyə teleqram vurub fasilə verməyi xahiş edilər, bildirirlər ki, əməkdaşlar əmanətlərlə bağlı əməliyyatları yetişdirməyə çətinlik çəkirlər (Sonrakı illərdə bu faktı Markos rejiminin iqtisadi cinayətlərini araşdıran müstəntiqlər aşkar edəcəkdilər).

Prezident və birinci ledi Fillipində ələ keçirdikləri bütün şirkətləri qohumlarının, dost-tanışlarının adına yazdırırlar, amma bütün hallarda 60%-lik pay naməlum şəxslərə, yəni onların özünə məxsus olur. Ölkənin bank sistemi bütünlüklə ailənin nəzarətinə keçir. Bu bankların verdiyi və heç vaxt geri qaytarılmayacaq kreditlər vasitəsilə böyük məbləğdə pul vəsaitləri oğurlanır. Bankların əməkdaşları mütəmadi olaraq (hətta bəzən hər həftə) saraya gedib oradan çoxlu çek və nəqd pul gətirir və müxtəlif hesablara yatırırlar. Sonra həmin vəsaitlər Markosların ofşor şirkətlərinə köçürülür (Təkcə İsveçrədə 69 belə şirkət vardı).

İmelda ölkə boyu dəbdəbəli villalar tikdirir. Ailənin Fillipindəki varidatı arasında 5,5 milyon dollarlıq yaxta, şəxsi təyyarələr, vertolyotlar, onlarla “Mersedes-Benz” də yer alır. Markosların kiçik qızı ərə gedəndə yeni uçuş zolağı salınır, otel tikilir, 200 illik kilsə təmir edilir, yaxınlıqdakı evlər sökülüb ənənəvi stildə yeniləri tikilir, Avstriyadan karetalar, Mərakeşdən atlar gətirlir.

Bütün bunlar əhalinin böyük əksəriyyətinin günlük qazancı 2 dollar olan ölkədə baş verir.

Ferdinand və onun “dəmir kəpənəyi” ölkə iqtisadiyyatını çökdürməkdəykən Filippini antikommunizmin Sakit okeandakı bastionu hesab edən, bu ölkədə böyük hərbi bazalar saxlayan ABŞ rejimi dəstəkləməkdə davam edir.

****

Markosun hərisliyi artdıqca, demokratiyaya dözümlülüyü azalır. Növbəti prezident seçkisində qələbəsini (1969) zorakılıqlar və saxtakarlıqlar hesabına təmin edir. 1972-ci ildə müxalifətçilərin yüksək çinli bir hərbçiyə sui-qəsd etmək cəhdini bəhanə gətirib ölkədə fövqəladə rejim tətbiq edir, bütün demokratik institutları ləğv edir (Bəzi mənbələrdə sui-qəsd olayını Markosun özünün təşkil etdiyi bildirilir).

Gündəliyində ABŞ prezidenti Niksondan razılıq aldığını yazan Markos parlamenti qapadır, bütün siyasi rəqiblərini həbs edir, kütləvi informasiya vasitələrini və məhkmə sistemini nızarətə götürür, vətəndaş hüquqlarını dondurur.

Sonrakı doqquz il ərzində 34 000 adam – həmkarlaq ittifaqlarının üzvləri, tələbələr, yazıçılar və siyasətçilər böyük işgəncələrə məruz qalırlar: bədənlərinə elektrik cərayanı verilir, ütüylə dağlanır və zorlanırlar. Markosun adamları 3240 nəfəri öldürüb cəsədlərini ictimai yerlərə atırlar, 398 nəfər ümumiyyətlə yoxa çıxır. Markos artıq tam maneəsiz şəkildə ölkəni talamaqla məşğul olur.

Onun əvvəlcə partiya sədri, sonra da prezident seçilməsində xüsusi əməyi və rolu olan (seçki kampaniyasında aktiv iştirak edən, seçicilər və siyasətçilərlə çoxsaylı görüşlər keçirən, hətta mitinqlərdə mahnılar oxuyan) İmelda bu məsələdə də “köməyini” əsirgəmir – eyni həvəs və həyəcanla büdcə vəsaitlərini, o cümlədən, böyük tikinti layihələri üçün alınan xarici kreditləri mənimsəməyə başlayır.

****

Seçkilərdən sonra “birinci ledi” statusunu qazanan İmelda tezliklə Markosun təəssübkeşindən onun nüfuzlu siyasi partnoyoruna çevrilir və bu rola o qədər tez uyğunlaşır ki, İmeldanın özü haqqında daha əvvəl dediyi “qabığından çıxmağa can atan kəpənək” sözünə istinadən xarici jurnalistlərdən biri onu “dəmir kəpənək” adlandırır. Ferdinand isə arvadına “mənim gizli silahım” deyir – İmelda gözəlliyi və diplomatik qabilliyyətləriylə (bəzən hətta göz yaşlarıyla da) həmsöhbətlərini muma döndərməyi bacardığı üçün.

Ölkədaxili məsələləri birinci ledi Prezident İqamətgahındakı “Musiqi otağı”nda müzakirə edir. Onun prezidentə təsir gücünü bilən hökumət üzvləri, maliyyə idarələrinin və böyük müəssisələrin rəhbərləri onun qəbuluna düşmək üçün növbəyə düzülürlər.

Sonra Ferdinand Markos xüsusi sərəncamla Filippin Mədəniyyət Mərkəzi yaradıb birinci ledini onun sədri təyin edir. Danışıqlar aparmaq və mərkəzin fondlarını idarə etmək üçün İmelda Markosa hüquqi mandat verilir. 21 hektarlıq ərazidə inşa edilən mərkəzin tikintisi üçün Fillipin-Amerika Mədəniyyət Fondu 90 min peso vəsait ayırır. Digər fondlardan da maliyyə dəstəyi verilən tikinti nəticə etibarilə 50 000 000 pesoya başa gəlir. Smeta dəyərinin 500%-dən çox artırılması tikintidə böyük korrupsiya maxinasiyalarını olması barədə şübhələr yaradır.

İmelda bu mərkəzi “Fillipin ruhunun müqəddəs ocağı” adlandırır, bütün dövlət tədbirlərini orda keçirməyə başlayırlar.

Ərinin və özünün imicini yaxşılaşdırmaq üçün dövlət vəsaitləri hesabına kütləvi tədirlər keçirən birinci ledi milyonlarla pesoluq uşaq kəndləri tikdirir. İldən-ilə daha çox pul sərf edilən (məsələn, 1966-da 50 min, 1968-də 150 min peso) uşaq festivalları keçirir.

Onun 1974-cü ildə təşkil etdiyi gözəllik yarışması isə dövlətə 5,5 milyon dollara başa gəlir – məxüsusi bu yarıma üçün üç ay ərzində Xalq Sənətləri Teatrı tikilir.

22 milyon dollarlıq xarici kredit hesabına tikilən, o dövrdəki avtomobil sıxlığına görə xüsusi ehtiyac duyulmayan San-Xuaniko körpüsünü isə Markos arvadının ad gününə hədiyyə edir.

****

Bütün bunlar keçmiş “gözəllik kraliçası”na əsl kraliçalar kimi yaşamaq imkanı yaradır. Ölkə əhalisinin böyük hissəsi yoxsulluqla çarpışırkən o, pal-paltar almağa həftədə 200 min dollar xərcləyir. Paris və Romanın məşhur modelyerlərinin malları ona təyyarəylə göndəririlir. Hərçənd əksər hallarda alış-veriş üçün Avropaya İmelda özü yollanırdı. Bu tacsız kraliça ayaqqabıları xüsusi acgözlüklə alırdı – rejim devriləndən sonra prezident iqamətgahında aparılan axtarış zamanı onun qarderobunda 3000 (“Taym” jurnalının məlumatına görə, 1060) cüt ayaqqabı (o cümlədən, 68 cüt əlcək, 5 kürk, 508 don, 888 çanta) sayacaqdılar. Onun mirvari kolleksiyası açıq halda 38 kvadrat metrlik sahəni tuturdu.

etamorphosis-sep22-11.jpg
İmelda Markos

İmelda Tailanddan son dərəcə nazik və əllə rənglənmiş ipək tualet kağızı sifariş edirdi, prezident iqamərgahında bunun üçün xüsusi otaq ayrılmışdı. Yoxsul filippinlilərin iyli gölməçələr əhatəsindəki evlərinə isə heç su da çəkilməmişdi. Amma birinci ledi onlarla görüşə ən məşhur brendlərin bahalı paltarlarını geyib gedirdi.

İstintaq zamanı aşkar edilən sənədlərə görə, bir dəfə (70-ci illərin sonlarında) İmelda Markos İsveçrədə təkcə bir alış-veriş zamanı 9 milyon funt sterlinq xərcləmiş, brilyantlar, rubinlər, mirvarilər və ərinə hədiyyə olaraq brilyant qaşlarla bəzədilmiş saat almışdı.

Başqa bir gömrük sənədinə görə, 1983-cü ilin mayın sonu və iyunun əvvələində (cəmi 7 gün ərzində) birinci ledi Nyu-Yorkda bir neçə milyon dollar xərcləmiş (Kefinin kök vaxtlarında o, rəfiqələrini də özüylə aparırdı), yenə çoxlu brilyant almış, yataq dəstlərinə və hamam dəsmallarına da böyük məbləğdə pul xərcləmişdi.

Onun Amerikadakı xərclərini Filippin Milli Bankının Nyu-York filialı ödəyirdi. Bankın əməkdaşı Villi Fernandes məhkəməyə verdiyi ifadədə bildirmişdi ki, 1980-1986-cı illər ərzində birinci ledinin hesabına 30 milyon dollar pul köçürülüb. Adının çəkilməsini istəməyən başqa bir bank işçisi isə həmin prosesdə bunları bildirmişdi: “Zəng gəlirdi ki, xanıma 250 min nəqd pul lazımdı. Dərhal pulları xüsusi “diplomat”a yığıb ona çatdırırdılar. Yəni müstəntiqlərin o banka “İmelda Markosun şəxsi bankı” deməsi təsadüfi deyil”.

Birinci ledinin Nyu-Yorkdakı evi haqqında isə amerikalı xidmətçilərdən biri belə demişdi: “O qədər bahalı əşya vardı ki, adamın ürəyi bulanırdı”.

Hərçənd o əşyalara təkcə bahalı yox, həm də gülünc demək olardı. Məsələn, divan döşəkcələrinin birinin üstünə “Varlı olmaq günah deyil. Bu möcüzədir”, digərinə isə “Mən şərabı, kürünü və pulu sevirəm” sözləri işlənmişdi. Ev İmeldanın məşhur Nyu-York rəssamlarına çəkdirdiyi portretləriylə doluydu; birində o, Bottiçellinin “Veneranın doğuluşu” əsərindəki tanrıça kimi təsvir olunmuşdu, yəni bu rəsmdə balıqqulağının içindən çıxan İmeldaydı, insanları və bütün dünyanı qucaqlamaq üçün əllərini irəli uzatmışdı. O, ailənin digər üzvlərinin, o cümlədən, Ronald və Nensi Reyqanların portretlərini də çəkdirmişdi.

Orda məşhur rəssamların rəsm əsərləri də, üç möhtəşəm royal da vardı. Amma birinci ledi xidmətçilərini yarı-zirzəmi otaqlara (hərəsində beş nəfər olmaqla) yerləşdirmişdi. Üstəlik, 10 milyon dollar dəyəri olan o evə xanım Markos, demək olar ki, heç getmirdi. O, “Uoldorf-Astoriya” otelinin lüks nömrələrində qalmağı xoşlayırdı.

****

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) birinci ledi haqqında hazırladığı böyük dosyedə bu sözlər də yer alıb:

“Xanım Markos şöhrətpərəst və qəddardır. Aristokrat torpaq sahiblərinin kasıb qohumu olan bu qadın var-dövlətə, şöhrətə və ümumxalq təziminə can atır. Eqosentrizmi və özünəvurğunluğu onu yaltaqların şikarına çevirib. Tamamilə formal təhsil almış olsa da, xanım Markos özünə görə ağıllı, bic və fərasətlidir”.

Dosyedə həmçinin qeyd olunurdu ki, Fillipində hakimiyyəti iki klan idarə edib: prezidentin və birinci ledinin tərəfdarları.

1973-1977-ci illər aralığında ABŞ-ın Filippindəki səfiri olmuş Uilyam Sallivensə sonrakı illərdə onun haqqında belə deyib: “Mən orda çalışdığım dövrdə xarici investorlar İmeldaya və ya onun hansısa can-ciyər dostuna aksiya paketi verirdilər. Filippində biznes qurmağın yeganə üsulu bu idi”.

Markosların sevimli qızı İmi də valideynlərdən geri qalmırdı. Banklardan birinin vitse-prezidenti məhkəməyə verdiyi ifadədə onun haqqında da danışıb: 4 iş adamı gəlirlərinin Markoslara çatacaq hissəsini gecikdirdiyi üçün tutulub saraya – ətrafında silahlı cangüdənlər olan İminin yanına gətirilmiş və işgəncə kamerasına aparılmamaq üçün dərhal tələb olunan məbləği ödəməyə razılaşmışdılar.

****

60-cı illərin sonlarında Markos arvadına xəyanət edir – təbliğat kampaniyasına dəvət etdiyi amerikalı aktrisayla. Bu aktrisa elə Filippindəykən (və Markosun razılığıyla) prezidentlə macərasını qələmə alır və tezliklə bu “xatirələr” ictimailəşir. İmelda ölkə miqyasında aşağılanmasını Markosa bağışlamır və… ondan daha çox imtiyaz tələb edir. Əvvəlcə prezident birinci lediyə layihələr və onların maliyyələşməsi sahəsində tam sərbəstlik verir, sonra məskunlaşdırma naziri və Manilanın qubernatoru vəzifələrinə təyin edir, daha sonra da xarici ölkələrə özünün yerinə onu göndərməyə başlayır.

Ana səhifəXəbərlərİmelda Markos – ”dəmir kəpənək” ləqəbli birinci ledi