“Mənim siyasi sərbəstliyim hakimiyyətdə kök salmış, daxilən kölə olan məxluqları daim narahat edib”
106 saylı seçki dairəsində gözlənildiyinin əksinə oldu. Ədalət Partiyasının sədri İlyas İsmayılov yox, Ülviyyə Ağayevanın deputatlığı elan olundu. Amma əksəriyyət 106 saylı seçki dairəsindən Ədalət partiyasının sədri İlyas İsmayılovun seçiləcəyini gözləyirdi.
1 noyabr seçkiləri haqda İlyas İsmayılovun yaydığı açıqlamada bildirilir: “Zəngin və keşməkeşli həyatımda çox şeyləri görmüşəm, fərqli durumlarda olmuşam, amma ləyaqət və şərəfimi hər zaman qorumuşam. İndi də faciəvi bir şey olmayıb. Əksinə Ədalət partiyasının fəaliyyət istiqamətləri çoxalıb. Mənim siyasi sərbəstliyim, dövlətimizin və cəmiyyətimizin qüsurları və inkişafı ilə bağlı düşüncələrimi açıq ifadə etməyim hakimiyyətdə kök salmış, daxilən kölə olan məxluqları daim narahat edib. Odur ki, Vətənimizdə haqqın, ədalətin, mənəvi dəyərlərin bərqərar olması istiqamətində mübarizəmi davam etdirəcəyəm”.
Strateq.az saytı Ədalət sədri ilə əlaqə saxlayıb. O, nəticələrə görə Ramiz Mehdiyevi günahlandırıb. İlyas İsmayılovun müəllimin sözlərinə görə, seçkilər onun əleyhinə saxtalaşdırılıb və göstəriş Prezident Administrasiyasından gəlib: “”Məğlubiyyətim” Ramiz Mehdiyevin strateji düşüncəsinin məhsuludur”.