“İlqardan əfv ərizəsi yazmaq tələb olunur”

Vəfa Məmmədova: “Bizim ümidimiz təkrarən Avropa Məhkməsinədir”

Source:


Vəfa Məmmədova: “Bizim ümidimiz təkrarən Avropa Məhkməsinədir”

Nəhayət, REAL sədri İlqar Məmmədovun 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə məlumat təsdiqləndi. Bu müddətdə siyasi məhbusun ailəsinin, vəkillərinin, o cümlədən yerli və xarici hüquq-müdafiə təşkilatlarının səyləri də təsirsiz ötüşmədi. Amma bütün hallarda İlqar Məmmədovun ailəsi narahatdır. Siyasi məhbusun həyat yoldaşı Vəfa Məmmədovanın Meydan TV-yə müsahibəsində bu narahatlıq açıq şəkildə sezilir.



Vəfa xanım, İlqar Məmmədovu 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər, bu müddətdə onunla görüşə və telefonla danışmağa cəhd etmisinizmi?

–  Mənə oktyabrın 7-də bu barədə məlumat veriblər. Bildirdilər ki, 15 gün karantində olacaq, karantin bitəndən sonra özü müsahibə verəcək. İstəsəniz paltar gətirə bilərsiniz, amma qida haqqında heç nə demədilər. Oktyabrın 8-də yenidən zəng edib dedilər ki, İlqar bəy siyahı verib, orda yemək, su, paltar var idi. Bəzi şeylərin alınmasına ehtiyac olduğundan sabah aparacağımı söylədim. Sabah deyilənləri aparanda özünü görməyə cəhd edəcəm. Amma telefonla danışmağa imkan vermirlər, çünki buna cəhd etsəm də, alınmadı.



Onunla 10 gündən çox əlaqə saxlaya bilmədiniz, bu müddətdə təmas qurmaq üçün nələri etdiniz və bu, alınmayanda şübhələriniz nədən ibarət oldu?

– İlqar Məmmədov Şüvəlanda olanda müəssisənin rəhbərliyinə müraciət etdim. Amma cavab verildi ki, əlaqə saxlamağa icazə verə bilməzlər, buna hüquqları yoxdur. Hətta Şüvəlana getdim, yemək də apardım, ancaq görüş üçün imkan verilmədi, qəti şəkildə qadağan olunduğunu dedilər. Söhbət uzun oldu, nəticə açıq şəkildə nə görüşə, nə də qidanı götürməyə icazələri olmadığını bildirdilər. Mən onun Şüvəlanda 3-4 saxlanılmasını düşünürəm, sadəcə, onu çox saxladılar. Oktyabrın 7-də isə İlqar Məmmədovun 2 saylı Cəzaçəkmə Müəssisəsinə 3-4 gün əvvəl aparıldığını dedilər. Amma orda da 15 gün karantində saxlanılması uzun müddətdir. Çünki başqa məhbusları 2-3 gün, maksimum 4 gün saxlayırlar. İlqarı niyə 15 gün saxlayırlar, bununla nə demək istəyirlər, başa düşə bilmirəm. Bu, ona qarşı mənəvi işgəncədir, çünki ailəsilə əlaqə saxlaya bilmir, övladıyla danışmaq imkanından məhrumdur.



Özü ilə məhkəmələrdə görüşərkən nələr gözlədiyini sizə deyirdimi?

– Bəli, belə şeyləri gözləyirdi. Hər dəfə telefon danışığında da deyirdi ki, əgər uzun müddət bir xəbər olmasa, nəsə etmək istədiklərini bilin. Həqiqətən də elə oldu, sentyabrın 24-dən sonra İlqarla heç bir əlaqə saxlaya bilmədik. Sadəcə, oktyabrın 7-də 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü eşitmişik, amma vəziyyətinin necə olduğunu bilmirik. O, iki həftədir ev yeməyi ilə qidalanmır, o cümlədən, su almır. İlqar həbs olunandan ev yeməyi yeyir, onun mədəsi oranın qidasını götürmür. Ona görə sağlamlığından narahatam.



Ümumiyyətlə, İlqar Məmmədovun səhhətində hansı problemlər var?

–  Əvvəllər onun səhhətində heç bir problem olmayıb. Sadəcə, bel ağrıları olub, soyuq yerdə olması ona zərərdir. Bir də keyfiyyətsiz  qidaları mədəsi götürmür, bax, əsas problemlər bunlardır.



Həbs olunandan sonra ailəsi vasitəsilə ona təzyiqlər olubmu və özü bu barədə sizinlə danışıbmı?

–  Yox, ailəsi ilə bağlı heç bir təzyiq olmayıb, bizə qarşı da hər hansı təzyiq olmayıb. Onun yalnız özünə təzyiqlər edirlər. İlqardan daha çox əfv ərizəsi yazmaq tələb olunur, o, buna etiraz etdiyindən, bir az sıxırlar.



Yəqin ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarından xəbərdarsınız. Gözləntiniz nədən ibarətdir?

–  Bizim ümidimiz təkrarən Avropa Məhkməsinədir, apellyasiya qərarıyla bağlı yenidən şikayət olunacaq. Bilmirəm, bəlkə hansısa əfv siyahısına daxil edərlər, bu, artıq hökumətin öz işidir.



Siz beynəlxalq təşkilatların İlqar Məmmədovla bağlı açıqlamalarından, müdafiə bəyanatlarından razısınızmı?

–  Beynəlxalq təşkilatlar əllərindən gələni edirlər. Daha nə edə bilərlər? Bu mənada razıyıq. Mən bilirəm ki, onlar imkanları daxilində hər şey edirlər.

Ana səhifəXəbərlər“İlqardan əfv ərizəsi yazmaq tələb olunur”