Aprelin 27-də ReAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova Avropa Şurası Parlament Assambleyasında çıxış edib. O, həyat yoldaşının qanunsuz həbsdə saxlanmasından, Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun dərhal azadlığa buraxılması haqda qərarının icra olunmamasından danışıb və parlamentarilərdən bu yöndə addım atmalarını istəyib.
Vəfa Məmmədova çıxışdan sonra Meydan TV-nin də suallarını cavablandırıb.
– Vəfa xanım, sonuncu dəfə İlqar Məmmədovla nə vaxt görüşmüsüz?
– Sonuncu dəfə ötən bazar günü görüşmüşük. Qızımla yanına getmişdik.
– Bilirdi ki, siz bu gün AŞPA-da çıxış edəcəksiz? Hansı fikirlərinin çatdırılmasını istəyirdi?
– Bəli, xəbəri var idi. Bilirdi ki, burada bir neçə görüşüm, çıxışım olacaq. İlqarın bildirəcəyi əsas fikir Avropa Məhkəməsinin qərarı ilə, o qərarın yerinə yetirilməməsi ilə bağlıdır. İstəyir ki, avropalı deputatlar bu qərarın yerinə yetirilməsini tələb etsinlər.
– Sizcə, Azərbaycan hakimiyyəti niyə İlqarı azadlığa buraxmaq istəmir?
– Bunun səbəbini mən tam deyə bilmərəm. Yəqin ki, İlqardan bir çəkinəcəkləri var. Yoxsa niyə buraxmasınlar ki?!
– Biz İlqarı görə bilmirik, amma siz görüşürsüz. 4 ildən çoxdur İlqar Məmmədov həbsdədir. Avropa Məhkəməsinin qərarı da var. Onun fikirlərində hər hansı dəyişikliklər varmı?
– İlqar elə həmin İlqardır. Onun nə fikrində, nə siyasi baxışında dəyişiklik yoxdur. O, öz ideyalarının arxasınca gedir və bu işdə də çox prinsipialdır.
– Onunla görüşə gedəndə kitab, jurnal aparırsız?
– Əvvəllər cəhd etmişik. Əfsuslar olsun ki, İlqara nə kitab, nə jurnal aparmağa icazə verilir. Ona görə apara bilmirik.
– Özünüz İlqarsız necə yaşayırsız?
– Təbii ki, ailə başçısı olmadan çox çətindir. Mən tək deyiləm, bizim 14 yaşlı qızımız var. O, uşaq 4 ildən artıqdır türmələrə gedib-gələrək böyüyür. Atasını ancaq həbsxana həyatında görür. Amma İlqar orda dayanırsa, möhkəmdirsə, biz ondan da artıq möhkəm olmalıyıq. Ümidvaram ki, biz bunun öhdəsindən gəlirik. Buna da davam edəcəyik. Ailəsi olaraq İlqarın arxasındayıq.
– Sizcə, İlqarın azadlığa buraxılması üçün nələr edilməlidir və kimlər bu işi görməlidir?
– Bayaq da danışdığımız kimi, Avropa Məhkəməsinin qərarı var. O qərarda da açıq-aydın yazılıb ki, İlqar azadlığa buraxılmalıdır. Yaxın günlərdə artıq ikinci şikayəti üzrə də kommunikasiya işləri bitmək üzrədir. İkinci qərar olacaq. Biz bu qərarların icra olunmasını gözləyirik. Başqa heç bir şey kömək edə bilməz. Avropa Məhkəməsinin qərarları yerinə yetirilməlidir.