İlqar Məmmədovun şərti cəzası ləğv edildi (Yenilənib)

Ali Məhkəmə ReAL Partiyasının sədri ilə bağlı qərarını açıqladı

Source: Meydan Tv
İlqar Məmmədovun şərti cəzası ləğv edildi

Avropa Məhkəməsinin qərarından sonra Şəki Apelyasiya Məhkəməsi Respublikaçı Alternativ (ReAl) Partiyasının sədri İlqar Məmmədov haqqında hökmə yenidən baxıb, şərti cəza ilə azadlığa buraxsa da, o, qərardan narazı qalıb Ali Məhkəməyə şikayət etmişdi.

Martın 28-də Ali Məhkəmədə hakim Əhməd Nurməmmədovun sədrliyilə keçirilən prosesdə əvvəlcə İ.Məmmədovun vəkili Fuad Ağayev çıxış edib. Bildirib ki, Avropa Məhkəməsinin İ.Məmmədov haqqında qərarından sonra Azərbaycan Ali Məhkəməsi işə yenidən baxıb, təkrar araşdırma üçün onu Şəki Apelyasiya Məhkəməsinə qaytardı. Amma Şəki Apelyasiya Məhkəməsi yenə də ədalətli araşdırma aparmayıb, Avropa Məhkəməsinin qərarında göstərilən halları nəzərə almayıb. Vəkilin sözlərinə görə, Avropa Məhkəməsi İ.Məmmədovun müdafiəçilərinin vəsatətlərinin təmin olunmamasını, partiya sədrinin lehinə olan şahid ifadələrinin nəzərə alınmamasını və s. Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusu hesab edib:

"Azərbaycan məhkəmələrinin İlqar Məmmədov haqqında çıxardığı hökm və qərarlarla Azərbaycan dövlət olaraq, üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozub. Hətta Avropa Məhkəməsinin belə bir qərarından sonra da Şəki Apelyasiya Məhkəməsi obyektiv sübutları nəzərə almadan qərar qəbul etdi. Bu, heç bir məntiqə sığmır. Ona görə də xahiş edirik, İlqar Məmmədovun əməlində cinayət tərkibi olmadığına görə ona aid hissədə cinayət işinə xitam verilsin".

Şəki Ağır Cinayətlər Məhkəməsində İ.Məmmədovun işinə baxılarkən vəkil Fuad Ağayev prosesi süni şəkildə uzatmaqda ittiham edilərək, 200 manat cərimələnmişdi. Vəkil Ali Məhkəməyə şikayətində bu qərarın da ləğvini istəyib: "Müdafiə tərəfinə təzyiq vasitəsi kimi bu cür üsullardan istifadə olunması yolverilməzdir və qarşısı alınmalıdır".

Daha sonra İ.Məmmədov çıxışa başlayıb. O, ayağa qalxmadan çıxış etmək istəsə də, hakim icazə verməyib.

"Mən məhkəmə deyilən iclaslarda ayağa qalxmıram", – deyə İ.Məmmədov bildirib.

Hakim ona belə cavab verib: "Onda sizə söz verilmir. Məhkəməyə hörmətsizlik edirsiz".

Prokuror bəraət üçün hallar müəyyən edilmədiyini bildirərək, Şəki Apelyasiya Məhkəməsinin qərarının qüvvədə saxlanmasını istəyib.

Daha sonra hakimlər müşavirəyə gedib. Geri qayıdıb qərarı elan edəndə İ.Məmmədov yenə ayağa qalxmaqdan imtina edib. Hakim bildirib ki, qərar elan olunarkən hamı ayaq üstündə olmalıdır, bu, qanunun tələbidir: "Vəkiliniz də sizə izah edə bilər".

Vəkil F.Ağayev İ.Məmmədova izah edəndən sonra partiya sədri ayağa qalxıb.

Qərara əsasən, İ.Məmmədov yenə də İsmayıllıda kütləvi iğtişaşların təşkilində təqsirli bilinib. Lakin ona təyin olunan həbs cəzasının müddəti 5 il 6 ay 9 günə endirilib. Həmin cəzanı da çəkib qurtardığına görə İ.Məmmədovun cəzası bitmiş hesab olunub. Bu səbəbdən onun üzərindən şərti cəza və sınaq müddəti, ölkəni tərk etməmək öhdəliyi də götürülüb.

Vəkil Fuad Ağayev Meydan TV-yə bildirib ki, qərarı alandan sonra əlavə kassasiya şikayəti verəcəklər, həmçinin Konstitusiya Məhkəməsinə müraciət edəcəklər. Çünki bu qərardan sonra da İ.Məmmədov yenə hüquqi baxımdan cinayət törətmiş şəxs sayılır.

Ana səhifəXəbərlərİlqar Məmmədovun şərti cəzası ləğv edildi (Yenilənib)