Noyabrın 22-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinks adıçəkilən ölkənin səfirliyində mətbuat konfransı keçirdi.
O, Bakıda olduğu zaman prezident İlham Əliyevlə, xarici işlər naziri, vətəndaş cəmiyyətinin və müxalifət təmsilçilərilə görüşdüyünü dedi: “Mənim Azərbaycana səfərim Amerikanın ölkənizə dərin bağlılığı və sadiqliyidir. Bu, müstəqil, sabit və demokratik tərzdə inkişaf edən Azərbaycana bağlılığıdır. Görüşlərdə Vaşinqton və Bakı arasındaki ikitərəfli münasibətlərdə nələri əldə edəcəyimizi müzakirə etdik. Prezidentlə görüşdə təhlükəsizliyə dair məsələlərə toxunduq, terrorçuğa, transmilli cinayətkarlığa qarşı mübarizə məsələlərini müzakirə etdik. İqtisadiyyata və enerjiyə aid məsələlərdə Azərbaycanın əldə etdiyi uğurları nəzərdən keçirdik, həm də ölkənizin Avropanın enerji təhlükəsizliyinə verdiyi təhlükələri müzakirə edib, Bakının bu yöndə oynadığı rolu yüksək qiymətləndirdik. Eyni zamanda, tam müstəqil fəaliyyət göstərən hüquq-məhkəmə sisteminin inkişafını müzakirə etdik. Demokratiyaya aidiyyatı olan məsələləri müzakirə edərkən hökumətin atdığı addımları yüksək qiymətləndirdik, bu, xaricdən gələn qrantlara təkan vermə məsələsiydi ki, irəliləyişi çox yüksək dəyərləndirdik”.
Diplomat dedi ki, Vaşinqtonun insan haqlarının inkişafı sahəsinə bağlılığını nəzərə alaraq prezidentlə görüşdə İlqar Məmmədovun məsələsinə toxunulub: “İstənilən demokratik cəmiyyətdə əsas azadlıqlar medianın azadlığı, azad toplantı prinsipi, güclü siyasi vətəndaş cəmiyyətinin inkişafı müstəsna əhəmiyyət daşıyır”.
Dağlıq Qarabağla bağlı xanım Brinks dedi ki, ABŞ münaqişə tərəfləri ilə işləyərək münaqişənin hərtərəfli və sülh yolu ilə həllinin tapılması işinə sadiqdir: “Münaqişənin hərbi həlli yoxdur, mövcud deyil”.
O, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin istefası ilə söylədi ki, onun xidmətlərini yüksək qiymətləndirirlər: “Uorlik 3 il bu vəzifəni icra etdi. Biz onunla aprel döyüşlərində sıx işlədik. Yeni həmsədrin adını isə bilmirəm. Bir daha deyirəm, biz münaqişənin dinc həllinin tapılması istiqamətində sadiqliyimizi ifadə edirik”.
Demokratiya, Azadlıq Radiosunun Bakı ofisi və xarici qranlatlarla bağlı hansı razılığa gəlməsi haqda suala Bricet Brinks belə cavab verdi: “Diplomatiyanın əsas qaydalarından biri ondan ibarətdir ki, gələcəyi olan planlar haqda heç zaman düşünmürük. Amma prezidentin qrantlarla bağlı sərəncamını çox yüksək qiymətləndiririk və Azərbaycanın inkişafı üçün həm hökumət daxilində, həm də hökumətdən kənarda fəaliyyət göstərən qruplarını dəstəkləyirik”.
Meydan TV-nin “İlqar Məmmədov haqda Avropa Məhkəməsinin qərarı, o cümlədən, Avropa Şurası Nazirlər Kabinetinin 7 qətnaməsi var. Ancaq Ali Məhkəmə yenə də onun azad edilməsi barədə qərar vermədi. Bu barədə prezident nə dedi” sualına dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini cavab verdi ki, hazırda görüşlərin təfsilatı barədə danışmaq istəmir: “Sadəcə, bu məsələ və Avropa Məhkəməsinin qərarları bizim üçün çox vacibdir. Amma əlavə edim ki, mətbuat və toplaşma azadlıqları, ümumiyyətlə, hər hansı tənqidi səslərin olması əsas azadlıqlar sırasındadır. Bunların mövcudluğu istənilən demokratiyanın inkişafı üçün böyük əhəmiyyət kəsb edir. ABŞ hökuməti fərdlər və yaxud hakimiyyət daxilində fəaliyyət göstərməyən qruplar, təşkilatlar tərəfindən çox tənqid olunur. Bu məqamın mövcudluğu demokratiyanın zəifliyi yox, gücüdür”.