İ.Məmmədov və T.Yaqublu özləri prosesdə iştirak etmək istəmir
Fevralın 25-də saat 14:30-da Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun işinə təkrar baxılacaq.
Bu barədə vəkil Fuad Ağayev Meydan TV-yə bildirib ki, dinləmələr məhkumların iştirakı olmadan keçiriləcək.
O, İ.Məmmədov və T.Yaqublunun özlərinin prosesdə iştirak etməməsini istədiklərini dedi.
Oktyabrın 13-də Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.
Bir il öncə Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxllması barədə qərar qəbul edib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Ötən ilin noyabrında AİHM T.Yaqublunun da şikayətini təmin edib.
İ.Məmmədov və T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hər iki şəxs ittihamı uydurma və siyasi motivli hesab edirlər. Amnesty İnternational onları “vicdan məhbusu” kimi tanıyıb.