Avropa Məhkəməsinin sədri Böyük Palatanın tərkibini elan edib
Avropa İnsan Hüquqları Məhkəməsi Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan ReAL hərəkatının sədri İlqar Məmmədova məktub göndərib.
Məktub Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan Respublikası tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilib-edilməməsi məsələsinə dair sorğu ilə bağlıdır.
Bu barədə Meydan TV-yə İlqar Məmmədovun vəkili Fuad Ağayev bildirib.
Vəkil deyib ki, məktubda sorğuya baxılması üçün Avropa Məhkəməsinin sədri cənab Qvido Raymondi başda olmaqla Böyük Palatanın tərkibi elan edilir:
“Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin 1 mart 2018-ci il tarixinə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir. Bu, o deməkdir ki, artıq sorğuyla bağlı proses başlayıb. Söhbət Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycanın müxalif siyasətçisi İlqar Məmmədov barədə AİHM-in 2014-cü il hökmünü icra etməməsi ilə əlaqədar rəsmi Bakıya qarşı başladığı xüsusi prosedurundan gedir”.
1970-ci il doğumlu İlqar Məmmədov 2013-cü ildə İsmayıllı şəhərində baş vermiş etirazların ardınca həbs edilib. O 2014-cü ildə kütləvi iğtişaş və dövlət nümayəndələrinə qarşı zorakılıq ittihamı ilə 7 ill azadlıqdan məhrum edilib.
AİHM 2014-cü ildə bu qərara gəlib ki, cənab Məmmədov, cinayət törətməsinə dair heç bir ağlabatan sübut olmadan həbs edilib və onun həbsindən əsas məqsəd hökuməti tənqid edən Məmmədovun cəzalandırılması və ya susdurulması
olub.
Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldırıb. Dekabrın 5-də bununla bağlı AİHM-ə müraciət olunub. Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə
bilmir.