Vəkil İlqar Məmmədovla görüşüb
Fevralın 3-də vəkil Fuad Ağayev ReAL sədri İlqar Məmmədovla görüşüb.
Bu barədə “Facebook” səhifəsində məlumat paylaşan vəkil bildirib ki, onlar Avropa İnsan Hüquqları Məhkəməsində olan ikinci şikayətin vəziyyətini müzakirə ediblər:
“Hökumət yanvarın 12-nə kimi Məhkəmənin sorğusunu cavablandırmalı idi. Nədənsə indiyə kimi həmin cavabın nüsxəsini almamışıq. Keçən dəfə bununla bağlı “qəribə” yubanma oldu. Məlumdur ki, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç İlqar Məmmədova öz kitabını göndərmişdi. İlqar bəy bildirdi ki, o, hörmətli yazıçıya təşəkkür məktubu yazdıqdan sonra ona gətirilən kitablar, müdafiəsi üçün zəruri materiallar, başqa çap materiallarının ona verilməsi yasaqlanıb. Mənim özümün ona dəfələrlə gətirdiyim (o cümlədən bu gün) kitab, jurnal və başqa materialları geri qaytarıblar”.
Vəkil hesab edir ki, bu münasibət İlqar Məmmədovun İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyasının 6, 10 və s. maddələri ilə nəzərdə tutulan hüquqlarının pozulması deməkdir.
Ilqar Məmmədov 2013-cü ilin yanvarında Ismayıllıdakı etirazların təşkilində ittiham edilərək həbs olunub.
O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib.
Avropa Insan Hüquqları Məhkəməsi həbs zamanı Məmmədovun hüquqlarının pozulduğunu müəyyən edib və onun azadlığa buraxılması barədə qərar qəbul olunub.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı İlqar Məmmədovu “vicdan məhbusu” elan edib.