İlqar Məmmədov və Brexit

“Sex, drugs, rock-n-roll” inqilabı kimi

Source:

Bir müddət əvvəl ziyalılarımızdan biri ilə söhbət edəndə post-modernizm təhlükəsindən danışmışdım. Qərb ölkələri vətəndaşlarının, xüsusilə etnik ingilislərin, almanların, fransızların İŞİD-ə qoşulmasını bunun bir təzahürü kimi qeyd etmişdim. O isə haqlı olaraq demişdi ki, onlar bir neçə on və yüz nəfərdir, faiz etibarilə ciddi rəqəm deyil.

Haqlı idi. O vaxt susdum. Amma indi baxıram ki, məsələ İŞİD-ə qoşulan ingilislərdə deyil, problem Trump-a səs verən amerikalılarda, Brexit-ə səs verən ingilislərdədir.

Bəs bunun post-modernizmə nə dəxli? İzah edim.

Modernizmin dəyərləri renessansdan formalaşmağa başlayıb. Modernizm özü isə termin olaraq, daha çox 19-cu əsrdən istifadə edilib. Modernizm liberalizmdən geniş anlayışdır. Kommunizm də, sosial-demokratiya da, sol-liberallar da modernizmin tərkib hissəsidir. Modernizm dəyərlər toplusundan daha çox hansısa dəyərlərə bağlı yaşama tərzidir. Məsələn, kommunizm və liberalizm 180 dərəcə bir-birinə əks iqtisadi modellər tətbiq edir, amma hər ikisi hansısa dəyərləri əsas götürüb yaşayır.

Bunun əksi isə post-modernizmdir. Post-modernizm əslində anti-modernizmə verilən riyakar addır. İnsan mərkəzli modernizmi danmaq üçün ilk növbədə onun mərkəzini – insanı danmaq lazımdır. Post-modernizm üçün fərd subyekt deyil. Çünki post-modernizmə görə fərd bir neçə şəxsiyyətə bölünə, çoxsaylı mövqelər ifadə edə bilər. Vahid həqiqət, vahid ədalət olmadığına görə fərdin iki və ya çox üzlü olması problem olaraq görünmür.

Nəticə dəhşətlidir. İnsan hüquq və azadlıqları adından göründüyü kimi, insana məxsusdur. İnsanın individium, subyekt olaraq danıldığı mühit üçünsə onun hüquq və azadlıqları da ola bilməz. Yalanla həqiqətə bərabər yaşama imkanı verilir. “Bu, mənim şəxsi fikrimdir” deyərək yalanı, böhtanı, mövhumatı… asanlıqla və maneəsiz yaymaq olar. (Əslində bütün bunların əsasını hələ Kant qoymuşdu. Kantın fəlsəfəni din və elm arasında körpü kimi təqdim etməsi, dinə, mövhumata da elm qədər yaşama haqqı verməsi İkinci Dünya Müharibəsindən sonra yayğınlaşdı.)

Rasional idarəçiliyin dünyanı fəlakətə aparması kimi yanlış düşüncə tərzi insanları metafizikaya, uydurma varlıqlara ibadətə yönəltdi. Nəticədə rasional yanaşmada – modernizmdə düşüş yaşandı. Bunun bir qədər – qısamüddətli proqressiv nəticələri də oldu. Məsələn, elə 1960-ların “sex, drugs, rock-n-roll” inqilabı da dəyərlərin rəddinin nəticəsi idi. Mənə görə bu inqilab sonuncu modernist və ilk post-modernist inqilab idi.

Post-modernizmin anti-modernizm olmasını bütün sahələrdə görə bilərik. İncəsənətdə orta əsrlərə, yəni pre-modernizmə müraciət, ədəbiyyatda köhnə mətnlərin yenidən işlənməsinə, relyativizmə meyl, sehr, tilsim mövzularına yaradıcılıqda ciddi yanaşılması… bütün bunlar “nə olur-olsun, modernizm olmasın” inadının nəticəsidir.

Beynəlxalq siyasətdə 1960-ların dekolonizasiyalaşma prosesi məhz “sex, drugs, rock-n-roll” inqilabı kimi ikili təbiətə malikdir. Həm insan hüquqlarına əsaslanma, həm də müstəmləkə xalqlarını öz taleləri ilə baş-başa buraxma bir-birinə zidd yanaşmalardır. Amma nəticələri eynidir. Müstəmləkələrin əksəriyyəti müstəqilləşdi. “Vəhşilər hələ idarəetməni bacarmırlar” deyən mühafizəkarlar uduzdu.

Amma, çox təəssüf ki, onların dedikləri doğruldu. Heç bir müstəmləkə qərbin müdaxiləsi olmadan demokratikləşə, idarəetməni bacara bilmədi. Amma bəşəri dəyərləri yaymağı hədəfləyən modernizmin hərəni öz dəyəri, sistemi ilə başlı-başına buraxmağı üstün tutan post-modernizmə 1960-cı illər məğlubiyyəti indi öz dəhşətli nəticələrini göstərir (Əlbəttə, müstəmləkə dövründə Qərb ölkələri mələk kimi demokratiya yaymırdılar. Amma bu, daim davam edən xeyir-şər mübarizəsi mövzusudur, modernizmin şər yayması demək deyil).

Qərbin yardımı olmadan vəziyyətdən qismən çıxa bilən, bəlkə də, yeganə ölkə Türkiyədir. Hazırda isə Avropa onu öz sərhədləri, dəyərləri içinə almaqdansa, qaçqınları götürməsi müqabilində əbədilik Avropa Birliyindən kənarda saxlamağa söz verir. Bəli, son razılaşmanın mahiyyəti budur. Qaçqınları AB-dən kənarda, yəni Türkiyədə saxlamaq o deməkdir ki, Türkiyə heç vaxt AB üzvü olmayacaq. Bu, 1960-larda qalib gəlmiş “hər kəsi başlı-başına buraxmaq” siyasətinin davamıdır.

Qərb – Avropa və Şimali Atlantika öz məsuliyyətini anlamır və ya bu məsuliyyətdən qaçır, özünə qapanır, öz insanlarına hədəf kimi dünyanı modernləşdirmək vəzifəsini göstərmir. Nəticədə özünə qapanmış qərblilərin, kobud desək, dərdi-səri olmur. İnsan isə statik varlıq deyil (varlıq anlayışı özü ümumiyyətlə statik ola bilməz), xüsusən də, kütlə. Kütləyə yuxarıdan bir vəzifə göstərilməsə, kütlə özünə vəzifə, hədəf göstərən yeni “yuxarı” axtaracaq. Tapdılar da.

Qərbin lokomotivləri anqlo-saksonlardır. İlk olaraq, onlar tapmalı idilər, əlbəttə. Trump yeni reqressiv vəzifələr müəyyən etdi, kütlə də ona doğru axışdı. Kütlə üçün əxlaqı cəhətdən “yaxşı və pis”in fərqi yoxdur, əsas onların boşluğu doldurulsun. Bu boşluğu Britaniyada Brexit doldurdu. Avropa dünyadan ayrıldıqca, Britaniya da ondan ayrıldı. Məntiqidir deyə, Brexit tərəfdarları qalib gəldi.

Avropa niyə vahid olsun axı? Bu sualın yeganə cavabı odur ki, Avropa dəyərlərini Şərqə yaymaq üçün. Amma Avropa bunu etmir – şərqlilərə qarşı korrupsiyalaşır, diktaturalara qucaq açır, Türkiyə kimi özü xilas ola bilən cəmiyyətin məhvində yaxından iştirak edir.

Elə İlqar Məmmədov barədə Avropa Məhkəməsinin qərarının icra olunmaması da bu məsələdə açar nöqtələrdəndir. Yaqland demişdi ki, İlqar Məmmədov barədə qərarın icrası Avropa Şurası üçün taleyüklü məsələdir. Çox haqlı idi. Avropa Məhkəməsi bəşər tarixinin nadir ixtiralarındandır.

Amma bir qərarın icra olunmaması, ardınca Rusiyanın ümumiyyətlə bu məhkəmənin qərarlarının icrasını milli məhkəmələrin razılığından asılı etməsi artıq bu nadir institutun süqutunun başlanğıcı demək oldu. Bəli, İlqar Məmmədov barədə qərara müqavimətlə Azərbaycan hökuməti dünyanın paradiqma dəyişikliyində öz gücündən böyük rol oynadı.

Hazırda Qərbin öz post-modernizmi ilə Şərqin özünəməxsus post-modernizmi bir-birini qıra-qıra, amma eyni əsasa dayanaraq, yeni-yeni uğurlar qazanırlar. Qərbdə Trump, Nigel Farage, Şərqdə isə İŞİD, Erdoğan və sair diktatorlar bir-birlərinə nifrət edərək, amma hər ikisi vahid düşmənə – modernizmə, bəşəri dəyərlərə qarşı mübarizə apararaq, hələ ki uğurlar qazanmaqdadırlar. Yeganə yol Qərbin də, Şərqin də proqressiv insanlarının bir hədəfə vura bilməsindən, bir-birinə dəstək verməsindən keçir.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəXəbərlərİlqar Məmmədov və Brexit