İlqar Məmmədov Svetlana Aleksieviçə məktub yazıb

İnsanların qapıları açıq qoymaqdan qorxmadıqları haqda danışdıqları şaiyələr yalandır

Source:
Svetlana Aleksieviç və İlqar Məmmədov
Svetlana Aleksieviç və İlqar Məmmədov


“ReAl” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov belorusiyalı yazıçı, Nobel sülh mükafatçısı Svetlana Aleksieviçə cavab məktubu yazıb. Məktubda deyilir:

Hörmətli Svetlana Aleksieviç,

Sovet İttifaqı və sonrakı illər haqqında bizim insanların fikirləri barədə yazılarınız, tərziniz populyar olduqdan və beynəlxalq aləmdə tanındıqdan sonra, bu mövzuda verdiyimiz bütün şərhlər sizin tarixi hekayələrinizin bir hissəsi olmaq üçün nəzərdə tutulub. Beləcə, barmaqlıqlar arasından sızan, “İkinci əl zaman” (“Second Hand Time”) üzərində qısa amma ruhlandırıcı mesajınıza mənim cavabım da sizin danışdığınız hekayələr içində bir səs olacaq.

SSRİ haqqında: pis

Mən SSRİ-ni aydın xatırlayıram. 1987-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin Sov.İKP tarixi şöbəsinə qəbul olanda mənim 17 yaşım var idi. İdeologiyaya sahib bir gənc olaraq, düşünürdüm ki, ruslaşdırma prosesi, rüşvətxorluq və təbəqələşmə burada kommunist hərəkatının mənasını məhv edib, və sosializmi müstəqil Azərbaycanda qurmağa davam etmək lazımdır.

Həmin ilin bahar və yayını yaxşı təsəvvür etmək lazımdır. Qarabağ münaqişəsinin başlamasına (Zəngəzurdan azərbaycanlıların kütləvi çıxarılmasına) yarım il qalmışdı, lakin heç bir şey münaqişənin olacağından xəbər vermirdi. Qorbaçov bir müddət öncə hansısa forumda Stalini tərifləmişdi və xalq onu ayaqda alqışlamışdı – yəni hakimiyyətin yenə və birdəfəlik bir əldə cəmləşdirilməsinə heç nə işarə etmirdi. Lakin nə adi vətəndaşların əksəriyyəti, nə də partiyanın təbliğat maşını Qorbaçovun yenidənqurma işləri ilə Çernenkonun meliorasiya işləri arasında xüsusi bir fərq görürdü.

Biz sinif yoldaşlarımız ilə oturub hesablamışdıq ki, Azərbaycan televiziyasında yayımın yalnız 47 faizi öz dilimizdədir, qalanı isə rus dilində. 1979-cu ildə Bakıda biz yalnız talonlar ilə ət, yağ, şəkər ala bilirdik. Uşaqkən bu məhsulları almaq üçün növbələrdə düşən davaların şahidi olurdum. Mənim tarix və cəmiyyətşünaslıqdan hazırlıq müəllimim, sonradan İsrailə köçən Smolenskiy Valeriy Aleksandroviç rüsvayçılıq hesab etdiyi, yəni SSRİ-nin mövcudluğundan 60 il sonra Ərzaq Proqramının qəbul edilməsi haqqında “mətbəxdə” istehza ilə danışırdı.

Bakıdakı mağazalar heç vaxt xırda pulu geri qaytarmırdılar. Həyasızcasına mənimsəyirdilər ki, daha sonra müfəttişlərlə, hüquq-mühafizə orqanları ilə bölüşə bilsinlər. Taksi sürücüləri kimi. Onlar da sayğacın göstərdiyi məbləğdən qat-qat çox məbləğ tələb edirdilər. Böyük Layihə İnstitutunun baş mühəndisi və orta məktəb müəllimindən ibarət olan bizim ailə şübhəli qazancları və siyasi səbəblərdən imtiyazlı olan “adi sovet vətəndaşlarından” daha pis yeyir və geyinirdilər. Beynin əməyi artıq qanuna tabe vətəndaşları dolandıra bilmirdi.

Son onilliklərdə İttifaq reallığının Azərbaycan tənqidçiləri, xüsusi ilə təhsilli təbəqədən olanlar tez-tez RSFSR-ə və digər respublikalara köçürdülər, bu da öz növbəsində ruslaşdırılma və beyin axını prosesinə təkan verirdi. Moskva Mərkəzi Asiya və Zaqafqaziya torpaqlarında birinci katib vəzifələrinə feodal bəylərini oturtmuşdu və əyalətlərin həqiqi problemləri ilə özünü yükləmirdi. Neft, pambıq, tərəvəz, meyvə – hamısı Moskvaya gedirdi, lakin əgər sosializmdə olan feodalizmdən narazısansa, o zaman Tümendə neft yataqları, Sibirdə komsomol tikintiləri, Kuybışevdə kafedralar səni gözləyirdi. Və ya əgər tam bir aparata xidmət edən demaqoqsansa, o zaman Moskva kənarında Şəhər Komitəsinə (“Qorkom”) xoş gəldin.

1990-ci ildə Moskva bukinistində bu aparata xidmət edənlərdən birinin kitabını almağa təqaüdüm çatmadı. Müəllifin adı İlya Zemsov idi, hələ 80-ci illərin əvvəllərində SSRİ-ni tərk etmişdi və mühacirətdə “Talan olmuş Respublika” və ya buna oxşar bir başlıq altında öz xatirələrini dərc etmişdi (qeyd: bu aparata xidmət edən adamın Bakıdan olduğunu mənə hal-hazırda təcrübəli bir diplomat olan köhnə bir dostum, demişdi).

SSRİ haqqında: daha pis, amma …

Bu xatirələrimi siyasi məhbus kimi tanındığım bugünkü Azərbaycanda həbsxanadan paylaşdığımı nəzərə alanda Sovet dövründə keçən uşaqlığım və cavanlığım barədə xatirələrim gülünc səslənir. Ona görə də digər fikirlərə də yer ayırmaq lazımdır.

İnsanların qapıları açıq qoymaqdan qorxmadıqları haqda danışdıqları şaiyələr yalandır. Bakıda yerləşən bütün evlərin birinci mərtəbəsində pəncərələrin önündə barmaqlıqlar var idi, elə indi də var. Bundan başqa, 1983-cü ildə, cinayətkar atamın iş yerində sürücü işləyən Slavik dayının gözləri qarşısında tapançadan atəş açaraq bir neçə polisi öldürmüşdü. Slavik dayı bundan sonra bir müddət sükan arxasında öz-özünə danışmağa başladı, sonra da əyyaş oldu. Sadəcə, bütün bu olanları media üzə çıxartmırdı, bir çox insan xəyali dünyada yaşayırdı.

Elə indi də o dünya üçün darıxırlar.

Sovetin nəyinisə tərifləyəndə gərək həqiqətlər deyilsin.

SSRİ haqqında: yaxşı

1984-cü ildə Bakının yaşayış rayonunda qaz sızmasından çoxmərtəbəli bina partlamış, 59 nəfər həlak olmuşdu. Prokurorluq tez bir zamanda günahkarı “tapdı”. O milliyyətcə erməni olan, qaz paylama şəbəkəsinin mühəndisi Serj Aykazyan idi. Bu məsələ siyasiləşməyə doğru gedirdi, çünki hələ o zamanlar cəmiyyət pıçıltı ilə də olsa, güya erməni xalqının adından və ya erməni xalqı naminə çıxış edən terroristləri həvəslə müzakirə edirdi. Buna səbəb Moskva metrosunda, bir müddət öncə Bakı avtobusunda, Paris hava limanında baş verən partlayışlar idi.

Lakin Azərbaycan SSR-nin bütün məhkəmələri, o cümlədən, Respublika Ali Məhkəməsinin Plenumu, Aykazyana tam bəraət qazandırdı. O zaman Azərbaycan prokurorları elə etdilər ki, SSRİ Baş Prokurorluğu özü məhkəmə qərarına yenidən baxsın. Lakin güclü təzyiqlərə baxmayaraq, 1988-ci ildə Azərbaycan SSR Ali Məhkəməsi dördüncü dəfə Aykazyana bəraət qazandırdı.

Qeyd etmək lazımdır ki, bütün bu illər ərzində şübhəli şəxs olan mühəndis barmaqlıqlar arxasında yox azadlıqda idi.

Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası və sairə təşkilatların üzvüdür. Strasburqda Avropa Məhkəməsi mənim siyasi səbəblərdən həbs olunduğum barədə qərar verdi. Avropa Şurasının Nazirlər Komitəsi mənim azad edilməmi tələb edən səkkiz sənəd qəbul edib. AŞPA, Avropa Parlamenti, BMT-nin İnsan Hüquqları Şurası məni siyasi məhbus elən ediblər və azad edilməyimi tələb edirlər. Və mən indiyə kimi barmaqlıqların arxasında daha uzun zaman keçirdim, nəinki Aykazyan Sovet Azərbaycanının məhkəmə proseslərində. Bundan sonra insanlar hansı nəticə çıxara bilərlər?

İttifaq haqqında, amma necə?

Otuz il öncəki sadəlövh düşüncələrimə qayıdaraq, özümdən soruşuram: korrupsiyasız, təbəqələşmənin aradan qalxdığı, insan haqlarına və demokratiyanın bugünku və sabahkı prinsiplərinə həqiqi hörmət edilən, məqsədyönlü dil assimilyasiyası güdülməyən, bəşəriyyətin elmi-texniki və sosial tərəqqisinə xidmət etmək üçün aydın missiyası olan yeni İttifaq mümkündürmü? Bu günə qədər “İttifaq” mövzusunda olan təşəbbüslər onu qurmaq yox, calamaq niyyəti kimi görünür. Və o təşəbbüslərdə burada göstərilən ideoloji istiqamətlər üzərindən heç bir əlverişli maksimalizm yoxdur.

Buna görə də bu, mümkün deyil. Buna görə də həm Rusiya, həm də Azərbaycan bu istiqamətlərə daha yaxın olan Avropa İttifaqına inteqrasiya olunmalıdırlar. Onlar yaxşı başladılar, amma təəssüf ki, orada artıq öz hüquqlarının dəyərini unutmuş, azadlıq sevgisini itirmiş güclü siyasi nəsil yetişib. Biz, keçmiş və ya “son sovet insanları” bu mövzuda daha həssasıq, mənim fikrimcə bu Sizin də kitabda vurğulanıb, əziz Svetlana Aleksieviç. Bəlkə də, biz onlara bu böhranı aradan qaldırmaq üçün öz əqidəmiz və prinsipiallığımız ilə kömək edəcəyik.

Hörmət və minnətdarlıqla,

İlqar Məmmədov

Ana səhifəXəbərlərİlqar Məmmədov Svetlana Aleksieviçə məktub yazıb