İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb

“Biz söhbət zamanı qarşılıqlı olaraq hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini bildirdik”

Source: Meydan.tv


“Görüş daha çox tanışlıq xarakteri daşıyıb”

Fevralın 29-da ReAL Partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Görüş barədə məlumatı İlqar Məmmədov öz “Facebook” səhifəsində paylaşıb.

İlqar Məmmədov yazıb ki, o, Ədalət Vəliyevin dəvəti ilə administrasiyada olub və görüş daha çox tanışlıq xarakteri daşıyıb:

“Biz söhbət zamanı qarşılıqlı olaraq hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq”.


Fevralın 27-də

Xalq Partiyasının sədri Pənah Hüseyn də Ədalət Vəliyevlə görüşmüşdü. P.Hüseyn görüşün Böyük Azərbaycan Partiyasnın sədri Elşad Musayevin, AĞ Partiyasının baqanı Tural Abbasın və onun müraciəti əsasında gerçəkləşdiyini qeyd etmişdi.

Ana səhifəSiyasətİlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb