“Milli Məclis, Konstitusiya hüququn vətəndaşlar tərəfindən istifadəsi imkanlarını 10 ildən çoxdur ki, bilərəkdən əngəlləyir”
“Bizim də məqsədimiz başqa idi, Milli Məclisin də. Amma nəticədə, Milli Məclisin buraxılması üçün Konstitusyon səbəb yarandı”.
Bu sözləri Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin qərarına münasibət bildirərkən deyib.
Komitənin mayın 3-də keçirilən iclasda
bildirilib
ki, Milli Məclisə bir qrup vətəndaşın imzası ilə bir neçə qanun layihəsi daxil olub. Bununla bağlı imzaların yoxlanılması üçün işçi qrupu yaradılıb.
İclasda iştirak edən Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev işçi qrupunun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, aparılan araşdırma zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, sənədlərdə olan 41500 vətəndaşın imzası nəzərdən keçrilib və əldə edilən nəticəyə əsasən, lazım olan 40 min imza toplanmayıb.
İlqar Məmmədov deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsində təsbit olunmuş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq, 2019-cu ilin martın 4-də Respublikaçı Alternativ (REAL) bir neçə ay ərzində topladığı 41500 imza ilə dəstəklənən qanun layihələrini Milli Məclisə təqdim edib.
Qanun layihələri: 1) Bakı şəhərində seçkili mer vəzifəsinin təsisini; 2) devalvasiyanın vətəndaşlara, banklara və müəssisələrə kredit ödənişi ilə bağlı vurduğu zərərin ödənilməsini; 3) təhsildə köklü islahat aparılmayınca ali təhsil ödənişlərinin tamamilə dövlət tərəfindən həyata keçirilməsini nəzərdə tutur.
“Konstitusiyanın eyni 96-cı maddəsinə əsasən, REAL-ın qanun layihələri 2 ay ərzində, yəni 2019-cu il mayın 4-dək Milli Məclisdə səsə qoyulmalı idi.
Konstitusiyanın 98.1-ci maddəsinə əsasən isə, bu baş vermədikdə, Prezident Milli Məclisi buraxır.
AzərTAC Dövlət İnformasiya Agentliyinin mayın 3-də saat 20.17-də, yəni 4 may tarixinə cəmi bir neçə saat qalmış yaydığı məlumata əsasən, mayın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib və “müzakirələrin sonunda qərara alınıb ki, Azərbaycan Respublikasının Milli Məclisinə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələri prosedur qaydaları pozulduğuna görə müzakirəyə çıxarılmasın”.
Birincisi, komitə iclasında da qeyd olunduğu kimi, Konstitusiyanın 96-cı maddəsindəki “qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası qanunla müəyyən edilir”. Lakin belə bir qanunu Milli Məclis 2009-cu ildən indiyədək qəbul etməyib. Başqa sözlə, Milli Məclis, Konstitusiya hüququn vətəndaşlar tərəfindən istifadəsi imkanlarını 10 ildən çoxdur ki, bilərəkdən əngəlləyir.
İkincisi, qanunun yoxluğunda, Milli Məclis hansısa özbaşına, dövlətin heç bir sənədində yazılmayan qayda ixtira edərək, toplanan imzaları Mərkəzi Seçki Komissiyasının rəyinə buraxıb. Hakimiyyətin qanunverici qolu üçün nəzərdə tutulan imzalara baxışın qanunverici qolun ixtiyarından çıxarılması hakimiyyət bölgüsü prinsipli Konstitusiyaya ziddir.
Konstitusiyanın 98.1-ci maddəsinin I hissəsində göstərildiyi kimi, “Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı […] bu Konstitusiyanın […] 96-cı maddəsinin II, III, IV və V hissələrində […] göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır,”- deyə partiya sədri qeyd edib.
İlqar Məmmədovun sözlərinə görə, ReAL-ın 40 min imza təşəbbüsü nəticəsində, məqsəd bu olmasa da, Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisin buraxılması üçün Konstitusiyanın 98.1-ci maddəsində göstərilən leqal əsaslar yaranmış durumdadır:
“Prezidentin Milli Məclisi buraxması, ardınca da azad və ədalətli seçkilərin keçirilməsi Azərbaycanda həqiqi mənada islahatların başlanğıcı olardı”.